Əliyev Makronu prosesdən çıxarır - Xaçatryan

Əliyev Makronu prosesdən çıxarır -
Azərbaycan danışıqların uğursuzluğuna görə Ermənistanı günahlandırır, Fransanı bütövlükdə danışıqlar prosesindən kənarlaşdırmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə keçiriləcək görüşdən imtina etməsinə də bu aspektdən baxmaq lazımdır.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Derenik Xaçatryan deyib.

Xaçatryan bildirib ki, İlham Əliyevin bəyanatı qəti şəkildə ermənipərəst olan Fransanın son hərəkətlərinə cavab idi:

“Bunlara səbəb Makronun bəzi bəyanatları və Fransa Senatının Azərbaycana qarşı qətnaməsidir. Bakı heç vaxt Parisi danışıqlar formatından çıxarmaq istəyini gizlətməyib. Fransanın problemi odur ki, onun Azərbaycanın hərəkətlərinə və davranışlarına təsir etmək üçün o qədər də resursu yoxdur. Parisin əlində əsas alət diplomatik jestlər, Azərbaycanın siyasətini pisləyən bəyanatlardır və bunu da istifadə edir”.

Xaçatryan qorxur ki, Fransa vasitəçiliyinə qarşı bu cür demarşlar artıq ağır günlər yaşayan ATƏT-in Minsk qrupuna növbəti zərbə olacaq:

“Son vaxtlar ATƏT-in Minsk qrupunun fəaliyyəti praktiki olaraq qeyri-mümkün olub. Lakin Ermənistan Minsk qrupunun danışıqlarda iştirak etməsini dəfələrlə dilə gətirib. Bu, formatın reanimasiyasına imkan verdi. Bunda isə Fransanın iştirakı mühüm rol oynadı. Amma indi əgər Bakı həqiqətən də Fransanın vasitəçiliyindən imtina edərsə, bu, onsuz da deformasiyaya uğramış formata növbəti zərbə olacaq. Fransanın danışıqlarda iştirakı o mənada daha sərfəlidir ki, “üçlüyün” İrəvan üçün faydalı mexanizmlər və təkliflər olan çoxsaylı bəyanatları Fransa tərəfinin vasitəçiliyi ilə qəbul edilib. Fransadan fərqli olaraq, AB vasitəçi nöqteyi-nəzərindən danışıqlara “yeni gələn” tərəfdir, Brüsselin iştirakı ilə heç bir danışıqlar prosesi baş verməyib. Lazım gələrsə, Ermənistan AB-nin vasitəçiliyi ilə qəbul edilən bəzi qərarlara istinad edə bilməyəcək. Ümumiyyətlə, İrəvan Minsk qrupunun formatının saxlanmasında hədsiz dərəcədə maraqlıdır - bu “format” bir çox cəhətdən özlüyündə Qarabağ probleminin həll olunmadığını bəyan edir. Buna görə də gələcəkdə Qarabağın statusunun müzakirəsinə imkan yaradır. Odur ki, Fransanın danışıqlardan çıxması Minsk formatını “dəfn etmək” cəhdləri baxımından Azərbaycan üçün əlamətdar hadisə olardı”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanla dekabrın 7-nə planlaşdırılan görüşdən imtina edib. O, Ermənistan tərəfinin ermənipərəstliyi ilə vasitəçi ola bilməyəcəyini çoxdan sübut edən Fransa prezidentinin də görüşdə iştirakında israr etdiyini, buna görə də danışıqlara getməyəcəyini bəyan edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
156 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...