Hansı dövlət qurumları ləğv edilməlidir? - SİYAHI

…2016-cı il Azərbaycanın həyatına problemləri ilə daxil oldu… Daha doğrusu, 2015-ci ildə neftin dünya bazarında qiymətinin kəskin aşağı düşməsi ilə ölkədə iqtisadi artım tempi azaldı, son illər ərzində ilk dəfə ölkədə iş yerləri bağlandı, manat il ərzində devalvasiyaya uğrayaraq iki dəfəyə yaxın dəyərini itirdi. Bu kritik vəziyyət hələ də davam edir.
Ötən bazar günü Prezidentin Nazirlər Kabinetindəki məlum çıxışı da iqtisadi sahədə həyəcanlı xəbərlər kimi qəbul edilə bilər. Təbii ki, baş verənlər Azərbaycan hakimiyyətinin günahı kimi yozula bilməz. Oxşar kritik vəziyyət Rusiyada da var, digər qonşu ölkələrdə də. Təbii ki, problem daha çox neftdən asılı ölkələrdədir… İndi onların başı üzərində dolların qalxma, neftin ucuzlaşması kimi bir kabus dolaşır… Bizim başımızın üzərində isə kəmfürsət qiymət qaldıranların vicdansızlığı qılınc kimi dayanıb. Məhsulu Azərbaycanın işçi qüvvəsi və xammalı ilə olan şirkətlərin qiymət qaldırması isə vicdansızlığın son həddidir. Həmin şirkətləri isə tanımayan yoxdur…
Hökumətdə struktur ixtisarları, yoxsa islahatlar?
Azərbaycanın neft gəlirlərinin məlum səbəbdən azalması hökumətin qarşısına dövlət xərclərini azaltmaqla bəzi artıq, təkrarlayıcı strukturların ixtisar olunması məcburiyyətini ortaya qoyur. İndiyədək Dövlət Torpaq Komitəsinin ləğvi ilə «Azərenerji»də təkrarlayıcı strukturların «Bakenerji» ilə birləşdirilməsi baş verib. Amma idarəetmə aparatında hələ də təkrarlayıcı strukturlar mövcuddur… Məsələn, ölkədə Nəqliyyat Nazirliyi ola-ola, özü nazirlik boyda olan Azərbaycan Dəmiryolu İdarəsi, «Azəravtoyol», Dəniz Administrasiyası… da vardır… Halbuki bu strukturların idarəedilməsi məsələsi elektronlaşdırılaraq sadələşdirilə bilər. Axı ölkədə elektron hökumət də yaradılıb, yəni elan olunub. İşi görən Dəmiryolu İdarəsi və «Azəryolservis»dirsə, daha Nəqliyyat Nazirliyinə nə ehtiyac var ki?! Düzdür, adətən idarəetmə aparatında struktur dəyişiklikləri, ixtisarlar işsizliyə aparır. Amma hökumət elə qərar qəbul edə bilər ki, bu insanları başqa özəl sahələrdə yerləşdirməklə, büdcəni izafi xərclərdən xilas edə bilər.
Milyardlara başa gələn artıq idarəetmə aparatı…
Başlayaq artıq görünən, təkrarçılıq təsəvvürü yaradan, faktiki belə də olan və Dövlət büdcəsində oturan iri nazirlik və ya komitələrdən. Məsələn, Azərbaycan Müdafiə Nazirliyi ola-ola, əlavə olaraq Müdafiə Sənayesi Nazirliyi (nazir Yavər Camalov) lazımdırmı? Axı müdafiə naziri bilər və nəzarət edə bilər ki, ona hansı silah və ya hərbi sənaye təyinatlı məhsul lazımdır). Bundan başqa, Iqtisadiyyat və Sənaye Nazirliyi (nazir Şahin Mustafayev) ola-ola, əlavə olaraq Anti-İnhisar və İstehlakçıların Hüquqlarını Müdafiə Dövlət Xidməti də var. Məsələn, bu il hələ dəqiqləşməyib, amma ötən il dövlət büdcəsindən nazirliyin aparatının saxlanılmasına 7,4 milyon manat, Anti-İnhisar DX-nə isə 2 milyon manat pul ayrılıb. Qiymətlərin kəllə-çarxa qalxdığı, istehlak bazarlarındakı süni qiymət artımı nəticəsində istehlakçıların hüquqlarının addımbaşı pozulması fonunda (hətta Prezident İlham Əliyev iki gün əvvəl belələrinin sərt cəzalandırılmasını təklif verdi) bu Xidmət kimə və nəyə lazımdır?
Kənd təsərrüfatı batan ölkədə Kənd Təsərrüfatı Nazirliyi lazımdırmı?
Ölkədə fermerləşmə siyasəti aparıldığı bir vaxtda, ötən ilin dövlət büdcəsindən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin aparatının saxlanılmasına (nazir Heydər Əsədov) təxminən 5 milyon manat pul ayrılıb… Fermerlər başlı-başını saxlasın prinsipi ilə yaşayırsa, üstəlik, hər il dövlət büdcəsindən «Aqrolizinq»ə 40-50 milyon manat pul ayrılırsa, kənd təsərrüfatı məhsullarının qiyməti gündən-günə qalxırsa, onda bu qurumun aparatının saxlanmasına yenə də külli miqdarda vəsait ayrılırsa, daha onda Kənd Təsərrüfatı Nazirliyi kimə lazımdır?
Mədəniyyət və Turizm Nazirliyi lazımdırmı?
Azərbaycanda hamı bilir ki, bu nazirlik əməkdar və xalq artisti adlarının verilməsi üçün siyahı tutmaqla məşğuldur. Amma bu nazirliyin (nazir Əbülfəz Qarayev) saxlanılması üçün dövlət büdcəsindən ötən il 5,2 milyon manat pul ayrılıb… Bu hələ harasıdır, mədəniyyətimizə və turizmimizə xidmət edən və bu nazirliyə tabe olan İçəri Şəhər Dövlət Qoruğu İdarəsinin isə təkcə idarəetmə aparatının saxlanılmasına 1,3 miylon manat, eyni məna kəsb edən Dənizkənarı Bulvar İdarəsinə yarım milyon, Bayraq Meydanı İdarəsinə 0,5 milyon manat və s. pul ayrılıb… Bir-birinin vəzifəsini dolayısı ilə təkrarlayan bu idarəetmə aparatları lazımdırmı? Onsuz da rayonların mədəniyyət evlərinin, kitabxanaların… bu nazirlikdən xəbəri olmur…
İşsizliyin problemə yol açdığı ölkədə Dövlət Məşğulluq İdarəsi?
Gülməli də olsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində belə bir idarə var. Hələ eşitməmişik ki, bu idarə kimlərisə işlə təmin etsin… Amma Nazirliyin aparatının saxlanılmasına ötən il 19,6 milyon manat pul ayrılıbsa, Dövlət Məşğulluq Xidmətinin aparatının saxlanılmasına 4 milyon manat pul verilib.
Nəyə? İşsizliyin kökünü kəsə bilməyən, hansısa «əmək yarmarkaları» adı altında baş saxlayan bu Xidmət lazımdırmı?
Hərənin öz bildiyini alıb-satdığı ölkədə Satınalmalar Agentliyi var…
Bəli, Satınalmalar üzrə Dövlət Agentliyi adında qurumun adını Nazirlər Kabinetinin, yəni hökumətin tərkibində görəndə təəccüb qalmışıq. Ölkədə dövlət vəsaitinə, alınıb-satılan hər manatlıq mal və materiala müvafiq nazirliklərin, xüsusən də dövlət vəsaitinin xərclənməsinə Maliyyə Nazirliyinin ciddi nəzarət etdiyi bir vaxtda Satınalmalar üzrə Dövlət Agentliyinin mövcudluğu gülməli deyilmi? Nədi-nədi, Milli Məclisin Komitə sədri Ziya Səmədzadə bu Agentliyin direktoru İskəndər Çəndirlinin dayısıdır… Guya bu Agentlikdə keçirilən bütün tenderlərə dəmir nəzarət edilir, kimsə İ.Çəndirlinin qorxusundan bir manatı belə havaya xərcləmir. Amma dövlət büdcəsindən bu Agentliyin aparatının saxlanılmasına təkcə ötən il milyona yaxın pul ayrılıb. Halbuki dövlət vəsaitlərinin xərclənməsinə Maliyyə Nazirliyinin müvafiq idarəsi onsuz da nəzarət edir. Onlar yerlərdə yoxlamalar da aparırlar. Odur ki, bu Agentliyin də ləğvi labüddür…
Ali Attestasiya Komissiyası nəyin attestasiyasını aparır?
Azərbaycan Elmlər Akademiyası elmin inkişafı üçün nə işlər görür, bunu xırdalamırıq… Amma maraqlıdır ki, AMEA-nın oturuşmuş strukturu, elmi təcrübəsi ola-ola Prezident yanında Ali Attestasiya Komissiyası da var. Adından görünməsə də, praktikadan məlumdur ki, bu Komissiya elmi işlərin attestasiyasını aparır və sonda professor, elmlər doktoru, elmlər namizədi (köhnə ad ilə desək) kimi elmi adlar verməklə məşğuldur.
Necə ola bilər ki, AMEA akademik kimi elmi vəzifəsi olanların seçimini edə bilir, amma professorların, elmlər doktorlarının seçimini edə bilməz? Bilənlər bilir ki, akademik Ramiz Mehdiyev haqlı olaraq dəfələrlədir elmlər doktorları kimi elmi adların verilməsindəki qanunsuzluğu, özbaşınalığı, elmi ad alma sahəsindəki başıpozuqluğu sərt tənqid edib. Bu tənqid, əslində, AAK-ın rəhbərliyinə aiddir. Elə isə bu strukturun indiki vaxtda büdcəmizə yük olmasına nə ehtiyac???
***
Siyahını bir az da uzatmaq olar. Məsələn, bütün standartların sual altında olduğu (Bakı küçələri-dükanlar, bazarlar sintetik günəbaxan, soya… yağları ilə aşıb daşır. Heç qarğıdalıda da bu qədər yağ olar???) bir vaxtda Standartlaşdırma Komitəsinin mövcudluğu (təkcə idarəetmə aparatının saxlanmasına hər il 2 milyon manat pul ayrılır) sual doğurur. Eləcə də Prezident yanında Dövlət Qulluğu Komissiyası (aparata ildə 1 milyon ayrılır). Həmçinin diasporalarla işi qənaətbəxş olmayan Diaspor ilə İş üzrə Dövlət Komitəsi. Nazim İbrahimovun sədri olduğu Komitədə idarəetmə aparatının saxlanılmasına hər il milyonlar ayrılır… Mən hələ onu demirəm ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi dura-dura, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də var. Halbuki ölkədə anti məzhəb cərəyanlarının at oynatdığı, ipə-sapa yatmadığı hamıya məlumdur… Mən onu da demirəm ki, energetika sahəsində neçə-neçə qurum olduğu halda, Energetika Nazirliyi də var…
***
Məntiqlə, əgər hökumət hamını yaranmış vəziyyətə uyğun kəmərləri azacıq da olsa sıxmağa səsləyirsə, zənnimcə, ilk növbədə özünün tərkibində olan bir sıra dövlət qurumlarının ixtisarından başlamalıdır.
1517 dəfə oxundu