Azərbaycanda kinoteatrların problemi - Filmlər niyə səhv tərcümə olunur?

Azərbaycanda kinoteatrların problemi -


Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən 15 iyul 2011-ci il tarixdən etibarən ölkədə fəaliyyət göstərən kinoteatrlarda xarici filmlər Azərbaycan dilinə tərcümə edilərək (subtitrla və ya dublyaj olunaraq) nümayiş etdirilməlidir. “Qafqazinfo” xəbər verir ki, kinoteatrlar artıq 4-5 aydır ki, filmləri azərbaycanca subtitrlarla təqdim edir. Bunun üçün də ilk olaraq Türkiyə istehsalı olan filmlərdən başlanılıb.

Ancaq məsələ orasındadır ki, tərcümə olunması üçün türk dilindəki filmlərdən başlanılması tamaşaçılar tərəfindən o qədər də müsbət qarşılanmayıb. Bununla bağlı sosial şəbəkədə narazılıqlarını bildirən istifadəçilər türk dilindəki filmlərin sırf rusdilli zümrə üçün nəzərdə tutulduğunu iddia edir. Bundan başqa, kinosevərlər tərcümələrdə xeyli sayda səhvlərin olduğunu, hətta bəzi sözlərin tamam səhv tərcümə olunduğu üçün cümlənin konteksini dəyişdiyini bildirirlər.

İzləyicilər bəzi filmlərdə də “ə” hərfinin yazıda düşmədiyini söyləyir. Tərcümələrdə rast gəlinən bu kimi hallar film izləməyə mane olur, fikri yayındırır.

“Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova ilə əlaqə saxlayıb. Katib bildirib ki, filmlər əməkdaşlıq etdikləri şirkət tərəfindən onlara alt yazılı təqdim olunur:

“Dil problemi bizim ağrılı yerimizdi. Hamımız istəyirik ki, filmlər tərcümə ilə təqdim olunsun. Hələki türk filmlərindən başlamışıq və AF Media şirkəti ilə əməkdaşlıq edirik və artıq 4-5 aydır ki, bütün türk filmləri alt yazılı təqdim olunur. Düzdür, müəyyən qrammatik və tərcümə səhvləri var. Qarşılaşdığımız tərcümə səhvlərini şirkətə deyirik və növbəti filmdə aradan qaldırmağa çalışırlar. Bir neçə filmdə artıq heç səhv yoxdur. Narazılığa qaldıqda isə razılaşmıram. Bizə xeyli sayda müsbət rəylər gəlir və çox insan razıdır. Axı hamı türk dilini bilmir.

Arzu xanım türk dilindən tərcümənin sırf rusdilli kütlə üçün nəzərdə tutması ilə bağlı iddialara da münasibət bildirib:

“Yox, bu hər kəs üçün nəzərdə tutulub, ölkədə hamı türkcə bilmir axı. Ancaq tərcümə rusdilli tamaşaçıları da artıq bu filmlərə cəlb edir. Hazırda Avropa və Amerika filmlərinin də alt yazılı versiyada təqdim olunması üçün distribütorlarla danışıqlar aparılır və müəyyən işlər görülür. Biz çox istəyərdik ki, hətta bütün xarici filmlər Azərbaycan dilinə dublaj olunaraq təqdim olunsun, ancaq maddi cəhətdən hələki buna imkanımmız çatmır”.

“28 Mall” Ticarət və Əyləncə Mərkəzində fəaliyyət göstərən “Cinema Plus”ın marketinq meneceri Aqşin Şahbazzadə bildirib ki, artıq kinonu çəkən şirkət filmləri onlara bu formada göndərir: “Biz kinoteatr olaraq nə alt yazı, nə dublaj işini görürük. Bu, bizim səlahiyyətimizə daxil deyil. Hazır materialın üstündə heç nə əlavə edilmir, necə gəlirsə, elə də təqdim olunur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...