Azərbaycanın böhrandan qurtuluş resepti - Prezidentə inanıb, torpağa güvənməliyik…

Azərbaycanın böhrandan qurtuluş resepti -


Azərbaycan məlum neft böhranının fəsadlarını yaşamaqdadır. Bu faktdır və bu fakt Azərbaycanda rəsmən də etiraf olunub. İqtisadiyyatımızın az qala bütün istiqamtlərində özünü duyuran bu böhran durumundan uğurla çıxacağımıza isə maləsəf, fərqli yanaşanlar da yetərincədir.

Məsələn, son zamanlar bəzi yerlərdə baş vermiş sosial xarakterli etirazları kimlərsə öz siyasi maraqları müstəvisində dəyərləndirməyə çalışdılar. Amma alınmadı. Vəziyyət yenə də əvvəlki axarına qayıtdı. Ona görə yox ki, Azərbaycan xalqı hansısa çətinliklərə etiraz müqavimətindən təcrid olunub… Sadəcə olaraq bu gün hətta siyasi proseslərdən anlamayanımız belə yaxşı dərk edir ki, Azərbaycanda müşahidə olunan sosial problemlər heç də Azərbaycana aid hansısa iradə sahibinin əməlinin nəticəsi deyil.

Yəni bu gün Azərbaycan bir dövlət olaraq dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasından əziyyət çəkirsə, bunu kimlərinsə hakimiyyətin uğursuz siyasəti kimi dəyərləndirməsi gülüşdoğurucu bir təzahürdür. Çünki hər kəs neft böhranının hansı səbəb və şərait nəticəsində ortaya çıxmasının tam fərqindədir.

Bunu elə prezident İlham Əliyev də az qala açıq şəkildə ifadə edib və bildirib ki, maləsəf, Azərbaycan da bu gün dünyaya baş verən siyasi proseslərin yaratdığı sosial məngənədə əziyyət çəkməkdədir.


İş yerləri niyə açılmadı?

Bu gün ölkədəki siyasi müxaliflər daha çox bu arqumentlə böhran fürsətcilliyi nümayiş etdirirlər. Halbuki Azərbaycanın bir dövlət olaraq son ildə yaşadığı şərait və Azərbaycanda görülən işlər göz önündədir. Kimsə iddia edi bilməz ki, son on ildə Azərbaycanda iş yerləri açılmayıb. Bu gün də onlarla müəssisə var və həmin müəssisələrin quruculuq tarixi də məhz son on ilə aiddir.

Kimsə iddia edə bilməz ki, ölkəyə gələn neft pulları millət və dövlət naminə xərclənməyib. Bəli, neqativlər də mövcuddur və hətta bu gün siyasi müxaliflərin bilmədiyi neqativləri belə məhz bu hakimiyyətin özü, bu dövlətə aid müvafiq dövlət qurumları aşkarlayaraq, tədbirlərini görməkdədir.

Ölkəyə axan neft pulları hara gedib?

Bizi bəzən qonşu ölkələrlə və hətta Orta Asiya ölkələri ilə müqayisə edirlər. Onların neft böhranı dövründəki reaksiyalarını müqayisəli şəkildə hakimiyyətə qarşı arqumentə çevirməyə çalışanlar var.

Amma hər kəs bir faktı unudur. Azərbaycanın QARABAĞ boyda və həm də ondan da böyük torpaq problemi var və kimsə son illər ərzində neft pulları hesabına qurulan Azərbaycan ordusunun qüdrətini MÜHÜM BİR FAKTOR kimi dəyərləndirməyə çalışmır.

Məgər ölkədəki ordu quruculuğu, alınan bahalı silahlar, formalaşdırılan müdafiə sənayesi havadanmı ərsəyə gəlir?

Məgər bu gün Azərbaycan ordusunun qüdrətini etiraf etmək zorunda qalan hazırki siyasi müxaliflərin güvəndiyi Qərb dairələrinə aid beynəlxalq qurumlar boş yerəmi Azərbaycan ordusunun əzm və qabiliyyətini, döyüş keyfiyyətini dəyərləndirirlər?

Əgər belə olmasaydı, nə rəsmi Bakının ATƏT başda olmaqla, bu günə kimi Qarabağ probleminin həllini boş və mənasız danışıq masasına çevirən beynəlxalq təşkilatlara meydan oxuması belə imkansız idi. Hər kəs əlimizdəki çomağın əzəməti ilə hesablaşır… Qara qaşımıza və qara gözümüzə görə deyil…

Və bu hərbi əzəmən və qüdrət də məhz neft pullarının hesabına mail olub.

Millət nə etməlidir?

Bir daha vurğulayırıq, bunu elə bizə qədər də rəsmi Bakı, prezident başda olmaqla - dəfələrlə qeyd edib ki, neqativ məqamlar da var. Harınlayan məmurlar, korrupsiyaya bulaşan dövlət qurumları, ban sektoru və sairə… Hansı cəzasız qalıb ki? Hansı cəzasız qalacaq ki?

Bunu prezident İlham Əliyev də hər dəfəsində deyir və nəticəsini də görürük.

Millət olaraq üzərimizə düşəni isə səbrlə dövlətimizin himayəsini gözləməkdir. Hər halda, bu dövlətin başında oturanlardan artıq kimsə bu xalqı düşünməyəcək. Siyasi müxaliflərin güvəndiyi ünvanların dünyaya - xüsusən də neft və müsəlman ölkələrinə hansı formada NİCAT və QURTULUŞ gətirdiklərini görmüşük, görürük və görməkdəyik… Onların tərzində qurtuluş istəyənlər buyurum bu gözəl Azərbaycanımızı bəri başdan tərk edə bilərlər.

Çünki burası nə Suriya deyil, nə də İraq… Burasını kimsə Suriyaya çevirə də bilməyəcək. Çünki hər zaman bu ölkənin, bu dövlətin bel sütunu olan Azərbaycan türkü, onun maraqlarını ifadə edən millətçi cameə var və bu cameə istənilən bir təhlükə anında dövlətinin, prezidentinin yanında dayanmağı qəsd edib. Bundan kimsənin şübhəsi olmasın.

Millət olaraq üzərimizə düşən başlıca vəzifə bu gün böyük ailəmizdə baş verən böhrandan çıxış üçün hər bir fərdimizin nə edə biləcəyini qərarlaşdırmağımızdır.

Üzümüzü torpağa tutmalıyıq. Əziyyətə qatlaşmalıyıq. Necə ki, bir ailədə atanın gəlirləri azalanda bütün ailə üzvləri ona dəstək olur - ASİ OLMUR - onun yanında dayanır, eləcə də bizlər bir millət olaraq BÖYÜK AİLƏMİZİN yanında dayanmalıyıq, özümüzü onun layiqli fərdi - yəni Azərbaycanın layiqli vətəndaşı kimi hiss etməliyik.

Üzümüzü torpağa tutmalıyıq. Elə sözün bütün mənalarında. Bizim üçün bu torpaqdan müqəddəs olanı yoxdur. Canımızı da bu torpağa fəda demişik və bu gün bizi elə bu torpağa bağlılığımız xilas edəcək.

Qurtuluşumuz elə bundadır…

Məhəmməd ƏRSOY - DİA.AZ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...