“Finca Azərbaycan”la tovuzlu Qarabağ əlili arasında kredit mübahisəsi

“Finca Azərbaycan”la tovuzlu Qarabağ əlili arasında kredit mübahisəsi

Elbrus Abdullayev: “Bu təşkilat mənə manatla verdiyi krediti dollarla geri istəyir”
Ötən ilin dekabrında baş verən ikinci devalvasiya dollarla kredit götürən yüz minlərlə insanı çıxılmaz duruma salıb. Yeni məzənnə ilə krediti ödəyə bilməyən insanlar kredit təşkilatlarının təzyiqləri ilə üz-üzə qalıblar. Belə insanlardan biri də Tovuz rayonu, Vahidli kənd sakini, II qrup Qarabağ əlili Abdullayev Elbrus Sakit oğludur.


Onun redaksiyamıza daxil olan məktubunda Qarabağ əlili “Finca Azərbaycan” bank olmayan kredit təşkilatının (BOKT) ona yaratdığı problemin həllində dəstək istəyir.

E.Abdullayev yazır ki, əlil olduğuna görə iş tapmağı demək olar ki, mümkünsüzdür. 3 azyaşlı övladını pensiya-müavinət və həyat yoldaşımın aldığı 140 manat maaşla birtəhər dolandırır: “2015-ci ilin sentyabr ayında uşaqların böyüdüyünü, xərclərin artdığını nəzərə alıb, heyvan almaq məqsədilə “Finca Azərbaycan” bank olmayan kredit təşkilatının Tovuz filialına kredit üçün müraciət etdim.

Təşkilatdan bildirdilər ki, istədiyim 6 min AZN-in hamısını manatla verə bilməzlər, yarısı dollarla olmalıdır. Onların təkidi ilə 3 min manat və 3 min dollar olmaqla iki kredit götürdüm. Həmin kreditlərin birinə 135 dollar, birinə də 135 manat aylıq ödəniş edirdim. Bundan əvvəl də həmin qurumdan kredit götürmüşəm və hər ay vaxtlı-vaxtında, hətta vaxtından əvvəl ödənişlərimi etmişəm. Başqa banklarda da adıma kredit olub, mən müsbət tarixçəli müştəriyəm, heç vaxt gecikdirməmişəm ödənişlərimi, banklar qarşısında öhdəliyimi qüsursuz yerinə yetirmişəm. Lakin ötən ilin dekabrında ikinci devalvasiya baş verəndən sonra “Finca Azərbaycan”la aramızda problemlər yaşanmağa başladı. Quruma bildirdim ki, mən artan faizləri ödəyə bilməyəcəm, əvvəlki məbləği ödəyəcəm.

Mənim aylıq pensiya və müavinətim son artımdan sonra 330 manat civarındadır. Bu, o deməkdir ki, aldığım pensiya və müavinəti az qala bütünlüklə kreditə ödəyirəm. Krediti təsərrüfatımı genişləndirmək üçün götürmüşdüm. Bu məqsədlə 1500 manatdan heyvan almışam, indi isə həmin heyvanın bazarda qiyməti 700-800 manata düşüb. Yəni dolanışığım çətinləşib. Bununla belə, mən krediti ödəməkdən tam imtina etməmişəm, BOKT əməkdaşlarına da bildirmişəm ki, mənə güzəşt edilsin, hələlik köhnə məzənnə ilə ödəniş edim, kredit müddətinin sonunadək imkanım olarsa artan faizləri də ödəyərəm. Lakin onlar mənim heç bir xahişimə və təklifimə məhəl qoymadılar.

Xüsusilə maliyyə naziri Samir Şərifovun sonuncu açıqlamalarından sonra tələbləri artdı. Belə ki, öncə məni ofisə dəvət edib ağ kağıza imza atdırmaq istədilər. Guya mənə ediləcək güzəşti rəhbərliklə razılaşdırıb ora yazacaqlar. Haqqımı-hüququmu, yaşadığım ölkənin qanunlarını bildiyim üçün bundan imtina etdim. Bu dəfə mənə təklif etdilər ki, hər iki krediti - həm dollarla, həm də manatla olanı – birləşdirib, dolları yeni məzənnə ilə hesablamaqla, üstəlik də əsas borcun faizini də üzərinə gəlməklə hesablayıb, alınan məbləği də yenidən 23 faizlə mənə kredit versinlər. Bu zaman müddəti 5 ilə uzadacaqlar və nəticədə mənim aylıq ödənişim azalacaq. Amma hesablayanda aydın olur ki, mən indiyədək qaytardıqlarımdan əlavə onlara 8500 manat da ödəməliyəm.

Bu, o deməkdir ki, mən götürdüyüm kreditin 50-60 faizindən də çox faiz ödəməliyəm. Halbuki Siz özünüz də dəfələrlə bildirmisiniz ki, banklar yüksək faizlə kredit verməyi dayandırmalıdırlar. Belə çıxır ki, sizin çağırışlarınıza heç bir məhəl qoyulmur, əyalətdi, ucqar rayondu deyə banklar və BOKT-lar istədiklərini edirlər.

29 yanvar 2016-cı ildə isə mən BOKT-a gedib ödəniş etmək istədim, məndən manatla ödəniş qəbul edilmədi. Tələb etdilər ki, dollar alıb dollarla ödəyim. Guya onların ixtiyarı yoxdur manatla ödəniş qəbul etməyə. Bu halda sual yaranır ki, bəs dollar bahalaşanadək niyə qəbul edirdilər? Tovuz ucqar rayondur, dollar tapılmır, tapılan da rəsmi məzənnədən çox baha qiymətə satılır.”

Tovuz sakini bildirir ki, yalnız belə durumda olan o deyil: yüzlərlə, minlərlə insan xalqın, dövlətin çətin günündən yararlanaraq beşqat qazanc əldə etmək istəyən fırıldaqçıların qanunsuz əməllərindən cana doyub: “Onlar kimlərəsə arxayın olub sadə insanları dövlətdən, prezidentdən narazı salmaqla məşğuldurlar.

“Finca Azərbaycan”ın yerli şöbəsi hər dəfə məni məhkəməyə verilməklə, həbs etdirməklə hədələyir.

Dövlətimin, xalqımın yolunda canımı qurban verərəm, uf demərəm. Amma bu fırıldaqçıların təzyiqi ilə həbs olunmaqdansa, 3 övladımla birlidə intihar etməyi daha üstün tutaram.”

Xəbər Xidməti

REDAKSİYADAN: Qarşı tərəfin arqumentlərini dinləməyə və mövqeyini çap etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...