Tağıyevin dağılan evi – FOTOLAR
“Dedilər ki, bina onların balansına keçib və muzey olacaq”. Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı Mərdəkandakı evi baxımsızlığı ilə diqqət çəkir.
GUNDEMİNFO.AZ azadliq.org-a istinadən xəbər verir ki, Bakının məşhur milyonçularından birinin vaxtilə ömrünü başa vurduğu ev indi uçuq-sökük vəziyyətdədir.
Hazırda binada 3 məcburi köçkün ailəsi yaşayır. Hər tərəfindən təhlükə yağan bu bina həm də 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin həyətidir. Bağın həyətində gözətçi işləyən Rövşən dayı deyir ki, buralar bütünlükdə Hacının şəxsi mülkü olub. “Əvvəl sanatoriya idi. 17 ildir Laçın rayonundan olan məcburi köçkünlər yaşayır. Bina qəzalı vəziyyətdədir. Hər an uça bilər. Burada yaşamaq sağlamlıq baxımından da təhlükəlidir. Neyləyək, məcburiyyətdən yaşayırıq”, - deyə gözətçi bildirib.
Rövşən dayı söyləyir ki, heç kəs bu evlə maraqlanmır. “2 ildən çox olar, dedilər, “sizi köçürəcəyik”. Sonra səs-soraq çıxmadı. İndi də «krizisdir». Çətin ki, bizi köçürələr. Elə hərdən jurnalistlər binanın şəklini çəkirlər. Bir dəfə də Mədəniyyət və Turizm Nazirliyindən gəlmişdilər. Dedilər ki, bina onların balansına keçib və muzey olacaq”, - deyə gözətçi qeyd edib.
Ancaq rəsmi qurumlar “balans” məsələsi ilə bağlı fərqli mövqe bildirdilər. Mədəniyyət və Turizm Nazirliyindən Azadlıq Radiosuna binanın qurumun balansında olmadığını söylədilər. Azərbaycan Milli Elmlər Akademiyasından isə bildirilir ki, həmin bina mədəniyyət abidəsi kimi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. “Hazırda oranın bərpaya ehtiyacı var. Pis vəziyyətdədir. Yəqin ki, Nazirlik təmir-bərpa işlərini aparacaq”, - deyə Akademiyadan bildiriblər.
H.Z.Tağıyev ömrünün son illərini bu evdə keçirib. 2-ci Dünya Müharibəsi illərində bu evdə təxliyə hospitalı yerləşib.
365 dəfə oxundu