Maaşımız elə parklanmaya gedir - AYNA-dan narazılıq

Maaşımız elə parklanmaya gedir -
Bakıda bir çox dövlət və özəl müəssisələrin əməkdaşları üçün işə gedib-gəlmək artıq yalnız vaxt və enerji deyil, həm də əlavə maliyyə itkisi deməkdir. Səbəb isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzarətində olan “AzParking” sistemidir. Bu sistem qanunsuz parklanmanın qarşısını alaraq müəyyən nizam yaratdı. Lakin minlərlə əməkdaş hər ay maaşından əlavə vəsaiti yalnız avtomobilini iş yerinin yaxınlığında saxladığına görə ödəməyə məcbur qalır.

Əslində parkinq sistemlərinin tənzimlənməsi şəhər infrastrukturunun vacib hissəsidir. Amma bu vətəndaşın həyat keyfiyyətini çətinləşdirməməlidir.

Paytaxtın müxtəlif yaşayış məhəllələrində avtomobil sahibləri avtomobillərini həyətlərdə və küçələrdə problemsiz şəkildə saxlayır – pulsuz və sərbəst. Amma eyni şəxslər səhər işə gedəndə, iş saatları boyunca avtomobilini parkladığına görə hər gün ödəniş etməli olur. Bu da ay ərzində 80 -150 manat civarında əlavə xərc deməkdir.

Sürücü Əli Əliyev də Bakupost.az -a parklanmanın büdcəsinə ciddi ziyan vurduğundna şikayətlənib:

“600 manat maaş alıram. İş yerimin qarşısında parklanmanın saatı 70 qəpikdir. Mən hər ay 138 manat parklanma pulu ödəyirəm. Belə olmaz. Aylıq daha az məbləğ olsa, ödəyə bilərəm. Axı mən daimi işə gəlirəm. İş yerlərindən alınan siyahı əsasında parklanmanı pulsuz da edə bilərlər. Mən bura istirahətə gəlmirəm ki...”

Beləliklə, bu ödənişlər faktiki olaraq vətəndaşın aylıq qazancından sərf olunur. Xüsusən aşağı maaşlı işlərdə çalışan insanlar üçün bu tələb ciddi problemlər yaradır.

Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucova müraciət ünvanladıq. Onun cavabı çox qısa oldu:

“Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.”

Lakin bu, insanları narahat edən əsas suallara cavab vermir. Niyə vətəndaş maşını iş yerində parkladığına görə hər gün 5 manatdan artıq pul ödəməlidir? İşə getmək dövlətin təşviq etdiyi bir fəaliyyət olduğu halda, niyə bu proses vətəndaş üçün əlavə yükə çevrilməlidir?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
23 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...