İsmayıllıda bir “qəhrəman” direktor məktəbi özəlləşdirib - QALMAQAL

İsmayıllı rayonunun Qalınçaq kənd orta məktəbində 2010-cu ildən əvəzçi müəllim işləyən Gülnarə Əzizovanın işə götürülməməsi ilə bağlı məktəb direktoru tərəfindən yaradılan problemlərlə bağlı bir müddət öncə Modern.az-da yazı dərc edilmişdi.
Şikayətçinin məktubu ilə yanaşı, məktəb direktoru Xalid Seyidovun da məsələyə münasibəti öyrənilib və Modern.az-da yayımlanıb. (Ətraflı http://modern.az/articles/93041/1/ linkdən tanış ola bilrəsiniz).
Bu məsələ gündəmə gəldikdən sonra məktəb direktoru Modern.az-ı “araşdırmağa” başlayıb. İş o yerə çatıb ki, Mətbuat Şurasına qədər gedərək, Mətbuat Şurasının "Reket Jurnalistika”sına Qarşı Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadədən “reket” olub-olmadığımızı soruşub. Mətbuat Şrasında Modern.az barədə yanlış fikirdə olduğu ona bildiriləndən sonra Xalid Seyidov narahat olub və redaksiyamıza gəlib.
İki gün ciddi cəhd etsə də, baş redaktorumuz onu qəbul etməyib. Direktor kəndə qayıtdıqdan sonra sağına-soluna baxmadan özünü qəhrəman kimi aparıb. X.Seyidov özünü öyməyə başlayıb ki, guya, onun haqqında faktlar götərilməklə dərc edilən yazılara görə redaksiyamızda olub və müəyyən məbləğ qarşısında Modern.az-ın “ağzını yumub”. Amma özünün əvvəlki müsahibəsində dediyi bir şeyi unudub: kənd balacadır və orada deyilən bir söz o dəqiqə hər yerə yayılır. Elə özünü az qala Koroğlu kimi qələmə verən bu qəhrəmanın barəmizdə dedikləri həmin gün bizə çatdırıldı.
İndi onun barəsində şikayətçi tərəfindən göndərilən daha bir məktubda bəzi məqamları diqqətə çatdırmaq istəyirik. Bəlkə bundan sonra yalançı Koroğlunun əslində Keçəl Həmzə olduğunu hamı bilə. Məktubda qeyd edilir ki, “qəhrəman direktor” Xalid Seyidov Gülnarə Əzizovanın yerinə öz qızını götürüb, halbuki, qızı həm də məktəbdə kitabxanaçı işləyir. Qanunvericiliyə görə isə texniki işçinim müəllim yerinə işə götürülməsi tamilə yasaqdır.
Direktorun həyat yoldaşının məktəbdə dərs zamanı günəbaxan tumu çırtladığı da şikayətçinin yazdıqları sırasındadır. Məktəb direktoru Xalid Seyidov Modern.az-a açıqlamasında bu faktları inkar edərək, həyat yoldaşının ümumi-texniki fənləri bitirdiyini, əmək, rəsmxətt, fizika müəlliməsi olduğunu bildirib və vurğulayıb ki, yeganə kadrdır ki, informatika ixtisasına yiyələnib. “Qızım da ali təhsillidir. Rəsmxətt müəllimidir, istər kitabxanaçı, istər psixoloq olsun, 12 saat dərs demək səlahiyyəti var. Ümumiyyətlə, bizdə qeyri-ixtisas müəllimlərinə dərs verilmir, dərslər müəllimlərə ixtisas üzrə bölünür”.
Eyni zamanda X.Seyidov bizim barəmizdə kənddə artıq-əskik danışmadığını da diqqətə çatdırmağa çalışıb.
1128 dəfə oxundu