Kənd təsərrüfatının inkişafı önündə duran əngəllər: Dövləti necə aldadırlar?

Kənd təsərrüfatının inkişafı önündə duran əngəllər:


Neftin ucuzlaşmasından sonra ölkə başçısı dəfələrlə qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Son olaraq, ötən gün Tovuzçay su anbarının açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən ölkə başçısı aqrar sahə hesabına ixracatın artırılmasından danışıb.

“Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin. Çünki kənd təsərrüfatının inkişafı iş yerlərinin açılması, yerli istehsalın yaradılması deməkdir. Eyni zamanda, hesab edirəm ki, kənd təsərrüfatı neft və qazdan sonra bizim əsas ixrac məhsulumuz olmalıdır və olacaqdır” - deyə prezident İlham Əliyev bildirib.

Kənd təsərrüfatı sahəsində çalışan şəxslər də, bu sahə üzrə məşğul olan ekspertlər də ölkə başçısının fikirlərini yüksək qiymətləndirsələr də, hazırda bölgələrdə aqrar sahənin texniki imkanlarının bu tələblərə cavab vermədiyini deyirlər.

Ən sadə məsələyə diqqət etsək, bölgələrdə suvarma sistemləri bərbad vəziyyətdədir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün müasir texnika demək olar ki, yoxdur. Aqrotexniki tədbirlərin görülməsi üçün fermerlərə lazımi vəsaitlər vaxtında verilmir.

İqtisadçı ekspert Natiq Cəfərli də musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən stimullaşdırma tədbirləri aqrar sahənin deyil, korrupsiyasının inkişafına səbəb olub: “Kənd təsərrüfatı ilə bağlı stimullaşdırıcı tədbirlər görülərkən, stimullaşdırma proqramı əkin sahələrinin həcminə görə yox, əldə olunan məhsulun həcminə görə müəyyən olunmalıdır. Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur. Hökumətlər kənd təsərrüfatı sahələrinə dəstək olmaq istəyirlərsə, məhsulun həcminə, keyfiyyətinə və dövlət satınalmalarında fermerlərin birgə iştirakının təmin olunmasına görə stimullaşdırma proqramları həyata keçirirlər. Azərbaycanda isə 2000-ci illərin ortalarından əkin sahəsinin həcminə görə kompensasiyalar verilməyə başladı. Bu da ciddi korrupsiyaya yol açdı. Yerli icra nümayəndələri korrupsiya sövdələşmələrinə gedərək kağız üzərində xeyli taxıl və digər ərzaq məhsulları “əkməyə” başladılar. Mövcud əkin sahələrinin həcmini şişirtməklə kompensasiyalar yazmağa başladılar. Bu kompensasiyalar isə hər il dövlət büdcəsinə onmilyonlarla manat hesabına başa gəlir. Heç bir effekti də olmur”.

İqtisadçı qeyd etdi ki, stimullaşdırmanın başlıca amili bu tədbirlərin məhsulun həcminə və keyfiyyətinə görə aparılmasıdır: “Taxılçılığın inkişafına görə hər hektara 80 manat əlavə kompensasiya veriləcəkdi. Lakin bu yolla heç nəyə nail olmaq mümkün olmadı. Biz ərzaq buğdası ilə bağlı xaricdən asılıyıq. Hər il Ukraynadan, Qazaxıstandan yüz min tonlarla taxıl gətirilir. Bu yanaşma hazırki vəziyyətə gətirib çıxartdı. Hələ də gec deyil və stimullaşdırma tədbirləri məhsulun həcminə və keyfiyyətinə görə aparılmalıdır”.

Natiq Cəfərlinin sözlərinə görə, ikinci önəmli məsələ fermerlərin birbaşa dövlət satınalmalarında iştirak etməsinə şərait yaratmaqdır: “Ordu üçün, məktəblər və uşaq bağçaları üçün dövlət tərəfindən ərzaq məhsullarının alınmasında fermerlərin iştirakını təmin etmək lazımdır. Tenderlərdə kiçik və orta sahibkarlara üstünlük vermək lazımdır və bu tenderlər şəffaf keçirilməlidir. Bu fermerlərə ciddi dəstək ola bilər. Çünki, orduya, daxili qoşunlara, güc strukturlarına hər il böyük həcmdə ərzaq məhsulları alınır. Bu ərzaq məhsulları ya xaricdən alınır, ya da hansısa məmurlara yaxın olan yerli şirkətlər fermerlərdən daha ucuz qiymətə aldıqları məhsulları dövlətə daha baha qiymətə satmaqla məşğuldurlar. Bu iki istiqamətdə qərarların qəbul edilməsi müəyyən dərəcədə stimullaşdırmanı təmin edə bilər”.

Ekspert fermerlərin idxal imkanlarının genişləndirilməsi məsələsinin də önəmli olduğunu vurğuladı: “Üçüncü bir təklifim isə odur ki, xarici bazarlara çıxmaq imkanı olan fermerlərə dövlət “yaşıl koridor” təklif edilə bilər. Bunu üçün də çevik və işlək mexanim lazımdır ki, fermerlərə korrupsiyaya bulaşmamış dəstək proqramı həyata keçirilə bilsin.
İnfrastrukturun yenilənməsinə gəlincə, bunun zamana və külli miqdarda yatırıma ehtiyacı var. Ölkəyə yeni xarici texnika gətirilməlidir. Məsələn, İsrailin çox gözəl praktikası var, çox pis təbii şəraitdə dünyada ən çox məhsul istehsal edən ölkələrdən biridir. O texnologiyaların Azərbaycana gətirilməsi üçün zamana və vəsaitə ehtiyac var”.

Xarici təcrübəni misal çəkən N.Cəfərli əksər Avropa ölkələrinin məhz kənd təsərrüfatı hesabına ayaqda durduğunu ifadə etdi: “Məsələn, çox kiçik ölkə olan Belçika nəinki özünü ərzaqla təmin edir, həm də sırf ərzaq məhsullarının ixracından 45-50 milyard dollara yaxın gəlir əldə edir. Hollandiya təkcə çiçək toxumlarının və çiçəklərin ixracından ildə 12 milyard dollar vəsait qazanır. Bu stimullaşdırma proqramları və vergi güzəştləri vasitəsilə həyata keçirildi. Avropa ölkələrində artıq oturuşmuş bir sistem mövcuddur.

Azərbaycanda torpaq bölgüsü də düzgün şəkildə həyata keçirilmədi, kiçik pay torpaqlarına bölündü. 2000-ci illərdən başlayaraq, oliqarxlar və məmurlar əkinə yararlı torpaqları zəbt etməyə başladılar və insanlara otlaq yeri belə saxlamadılar. Çox ucuz qiymətə kəndlilərin əlindən torpaqlar alındı, ancaq heç bir effekt vermədi. Bakının da, Sumqayıtın da ətrafında böyük əkin sahələri yaratmaq və ərzaq təminatını yaxşılaşdırmaq olardı. Ancaq təəssüf ki, hökumətin apardığı siyasət bu stimullaşdırmanı kökündən baltaladı. İnsanların özlərini deyil, maraqlarını idarə etmək lazım idi. Dövlət dəstəyi, vergi güzəştləri vasitəsilə insanların marağını cəlb etmək olardı. İndi isə bu sahə xaotik şəkildə idarə olunur. Hökumətin bu yöndə kompleks yanaşması olmadığından hansısa addımların atılacağına da inanmıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...