Uroloji mərkəzdə şok olay - II YAZI - VİDEO

Uroloji mərkəzdə şok olay -


Zərərçəkmiş vətəndaş Vaqif Şıxəliyev Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyevə və digər dövlət orqanı rəhbərlərindən kömək istəyir…

Ağdaş rayon sakini Şıxəliyev Vaqif Surət oğlu Baş Prokuror Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyevə və digər dövlət orqanı rəhbərlərinə ünvanlı şikayət məktubunun bir surətini də «Təzadlar» göndərib… Şikayət məktubunda dəhşət saçan faktlar olduğundan araşdırmaq, bəzilərini dəqiqləşdirmək qərarına gəldik. Həmçinin şikayətçi ilə təkrar əlaqə saxladıq, o, şikayətindəki faktları sənəd və sübutlarla təsdiqlədi… Söhbət Bakı şəhəində fəaliyyət göstərən “Uroloji Mərkəz MMC” Klinikasında baş verən dəhşətlərdən gedir. Biz həmçinin adı çəkilən klinikanın rəhbərliyinə də zəng vurduq. Lakin telefon zənglərimizə cavab verən şəxs baş həkimin guya işdə olmadığını bildirdi.

Beləliklə, qarşı tərəfin də mövqeyini dinləməyə hazır olduğumuzu bildirməklə, şikayəti ixtisarla təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə (şikayət 09.02.2016 tarixdə qeydə alınıb)!
Azərbaycan Baş Prokuroru cənab Z.Qaralova (09.02.2016 tarixdə qeydə alındı)!
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab K.Əliyevə (09.02.2016 tarixdə qeydə alındı)!
Daxili işlər naziri cənab R.Usubova (09.02.2016 tarixdə qeydə alındı)!
Səhiyyə naziri cənab O.Şirəliyevə (bu gün qeydə alındı)!

Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi- 67 ünvanda yaşayan Şıxəliyev Vaqif Surət oğlu tərəfindən şikayət ərizəsi (Baş Prokurorluqda 08.12.2015 tarixdə qeydiyyata alınmış 09/20024-15 saylı Şikayət Ərizəmizə əlavə).

Bildirirəm ki, professor Kamal Abdullayevin rəhbəri olduğu Bakı şəhəri, Mikayıl Rəfili-12 ünvanda (Slavyan Universitetinin yaxınlığında) yerləşən klinikasında (URL: http://urolojimerkez.com) uzun müddətdir həkimlərin iştirakı ilə ağır cinayət əməlləri törədilir və bu barədə əlimdə olan 4 faktı Sizin diqqətinizə çatdırmağı zəruri hesab edirəm. 1998-ci il təvəllüdlü oğlum Şıxəliyev Ömər Vaqif oğlu uzun müddətdir ki, sidik yolları daxilində tük bitməsindən əziyyət çəkir. Bunun müalicəsi məqsədilə oğlum indiyə qədər 6 dəfə cərrahi əməliyyat olunub. O cümlədən, hansı həkimin yanına gedirəm, dərhal övladımı yıxır cərrahiyyə stoluna ki, “Mütləq əməliyyat olmalıdır və mən 100% təminat verirəm ki, həll edəcəyəm”. O cümlədən, 2004 və 2005-ci illərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında bir-neçə dəfə əməliyyat olunub, sonuncu dəfə 25.06.2015 tarixdə eyni problemlə bağlı Bakıda Kamal Abdullayevə məxsus “Uroloji Mərkəz MMC” Klinikasında əməliyyat olunub. K.Abdullayev 2000 dollara bu xəstəliyi tam müalicə edəcəyinə söz verdi və mən rayona qayıdıb, deyilən məbləğdə borc götürüb (dollarla 2 min dollar) Bakıya qayıtdım və 23.06.2015 tarixdə dediyi ünvandakı klinikasına uşağı qəbul etdi, kassaya pulu ödədik və 25.06.2015 tarixdə əməliyyat etdi. Aradan bir-neçə gün keçəndən və tikişlərin yeri sağaldıqdan sonra gördüm ki, onlar mənim övladımın xəstəliyi (daxildə tük bitməsi) ilə bağlı heç nə etməyiblər, sadəcə əməliyyat ediblər, övladımın problemi olduğu kimi yerində durur. Bir para, övladımı təkrar əməliyyat edib, ona ağır kateqoriyadan olan bədən xəsarəti yetirdilər (boş yerə əməliyyat etmək – insanı bıçaqlamağa bərabər cinayətdir). Üstəlik də əsl xəstəlik yerində durduğundan indi daha da ağırlaşıb, fəsad verib. Mən sonra oradakı başqa gəlib-gedən pasientlərlə və qonşuluqdakı obyekt sahibləri ilə söhbətimdə və internet araşdırmalarımda müəyyən etdim ki, bu klinikada uzun müddətdir ki, cinayət əməli kimi təsnif oluna biləcək əməllər törədilir. Və bunu açmaq istəyən, şikayətçi olan hər kəsə müxtəlif formalarda təzyiq olunur, şərləndirilərək, həbs etdirilir, məsuliyyətə cəlb olunur. O cümlədən: 2015-ci ildə burada səhv diaqnozla əməliyyat olmuş Afiq Məmmədov adlı şəxs “Kanal 7” tv-də çıxış edərək, Klinikadan şikayətçi olanda, onun da ərazi üzrə bölməyə aparılıb məsuliyyətə cəlb olunması barədə danışır (bax: https://youtu.be/M76HV9xx4O8).

Bundan əlavə, 2015-ci ildə bu klinikada səhv diaqnozla əməliyyat olunmuş S.M. adlı xanım şikayətçi olanda, ona vəkillik edən vəkil A.M. bu Klinikanın böhtanı ilə bölməyə aparılıb, ona təzyiq olunmuşdur.

Başqa bir dəhşətli fakt: 2015-ci ildə burada səhv diaqnozla əməliyyata görə Ağdaş rayonu Cardam kəndindən olan Mehdiyev Vaqif Mustafa oglu da eyni qayda ilə şikayətçi olmuşdur, lakin klinika onu susdurmaq və qorxutmaq üçün bölmədən polis dəvət etmişdir, təəssüflər olsun ki, polislər klinikanın baş həkimi Kamal Abdullayevə inanmış və ona ciddi təzyiq etmişdilər.

«21-ci bölmənin təhqiqatçısı Elnur Həsənov rəsmi nümayəndəmi dəvət edərək bölmənin və klinikanın bir-neçə əməkdaşı ilə onun həbs olunacağını, başına böyük iş gələcəyini deməklə kəskin formada psixoloji təzyiq etmişdir…»

Diqqətinizə çatdırım ki, 2015-cı ilin dekabrında biz bu klinikadan şikayət verəndən sonra, bu ilin fevral ayında klinika bizdən 21-ci bölməyə şikayət verib ki, guya biz onlardan şantaj üsulu ilə pul tələb edirik (yeganə arqument budur ki, biz dekabrda hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra, indi də “pulumuzu verməsələr mətbuat konfransı keçirib, sizin dələduzluğunuzu ifşa edəcəyik” – demişik və ancaq kassaya ödədiyimiz məbləğdə pulu geri istəmişik, artıq yox) və buna görə 21-ci bölmənin təhqiqatçısı Elnur Həsənov rəsmi nümayəndəmi dəvət edib, bölmə və xəstəxananın bir-neçə əməkdaşı ilə tək otaqda səs tonunu qaldırmaqla, həbs olunacağını, başına böyük iş gələcəyini deməklə kəskin formada psixoloji təzyiq etmişdir. Və indi də mənə o cür təzyiq etmək üçün israrla məni bölməyə çağırır, guya ki, həmin xəstəxananın baş həkimi bu tədqiqatçının yanında olarkən mən ona zəng edib, ödədiyimiz 2 min dollar əvəzinə ondan 3 min dollar istəmişəm və buna da təhqiqatçı şahiddir (“saxta şahidlik üsulu”).

Mənim şifahi bildiyim daha neçə şəxs barədə ətraflı məlumatı isə istintaq yolu ilə tapıb üzə çıxara bilərsiniz. Bütün bunları və eləcə də mətbuatda gedən faktları əsas götürərək Sizdən xahiş edirəm:

-Xahiş edirəm araşdırasınız ki, Kamal Abdullayevin klinikasında, son 1 ildə neçə xəstə cərrahi əməliyyat olunub və bunların neçə faizinin əməliyyatına tibbi göstəriş olub (yəni əməliyyat mütləq zəruri idi, əməliyyatsız müalicə mümkün deyildi) və bu xəstələrin neçə faizi əməliyyatın nəticələrindən razıdır, həqiqətənmi müalicə olunub və şikayətçi olmayıb;
-Burada fəaliyyət bu sxem əsasında baş verir: Pasient bunlara konkret bir “X” xəstəliyi ilə bağlı müraciət edir. Bunlar burada xəstəyə onun özünün başa düşmədiyi qəliz həkim terminləri ilə “Y” diaqnozu qoyaraq əməliyyata süni əsas yaradırlar və əllərinə keçən hər kəsi bu yolla əməliyyat edib, kassaya dayanmadan pul mədaxilinə nail olurlar. Epiqrizdə də qəliz həkim dilində elə sözlər yazırlar ki, xəstə nədən müalicə olduğunu anlamır. Bunu öz xəstəmizin təcrübəsindən bilirəm. Sabah şikayət edəndə də, sənədi göstərirlər ki, biz “Y” xəstəliyi ilə qəbul etmişik, əməliyyat etmişik və nəticə də, müsbətdir. Və analizlərin də cavabı xəstəyə verilmir ki, sabah ziddiyyəti sübut etmək mümkün olmasın, xəstəlik tarixçəsi araşdırılmasın. Bu yolla izlər silindiyinə və yoxlamalar da hər şeyin sənəd üzrə düzgün olduğunu görüb, işə xitam verirlər. Konkret olaraq biz oğlumun sidik kanalı daxildə tük inkişaf etməsindən şikayət etsək də, burada oğluma Mingəçevir xəstəxanasında edilən əvvəlki əməliyyatdan qalan xırda kosmetik defekt əsas diaqanoz kimi qoyulub və o da əməliyyat olunub, tük yenə qalıb yerində. Epiqrizdə yazdıqları “Hipospediya” terminin mənasını da mən bu yaxınlarda başa düşürəm ki, heç onun tük məsələsinə qətiyyən aidiyyəti yoxdur;

-Ehtimal etdiyim aldatma sxeminə, həmçinin daxildir: xəstələrin başqa xəstəxanalarda keçdikləri müayinələrin nəticələri burada qəbul olunmur. Xəstələr burada təkrar müayinələrdən keçib əlavə xərclər ödəyirlər və müayinələrin nəticələri də xəstənin əleyhinə ciddi təhrif olunur, özlərinə lazım olan simptomlar yalandan təsdiqlənir və bununla da xəstə əməliyyata vadar edilir. Sonra təkrar müayinə etməklə əsl nəticələri ortaya çıxarırlar və artıq sağaldığını bildirirlər. Məhz belə qanunsuz fəaliyyətə görə əksər halda müayinələrin nəticələri xəstələrə verilmir;
-Xahiş edirəm, klinikadakı qanunsuz faktları müəyyən etmək üçün Kamal Abdullayevin savadı da adi abituriyent testləri ilə yoxlanılsın. Çünki bu müddətdə mən onun tibbi baxımdan çox savadsız bir insan olmasına şahid oldum. O cümlədən, bu adam indiyə qədər kompüterlə işləməyi bacarmır, televiziya müsahibələrini də köməkçiləri hazırlayıb ona verir, əməliyyatı da o yox, köməkçiləri edir. Və biz sidik kanalı daxilində tük bitməsinin davam etməsindən müxtəlif yerlərə şikayət etməyə başlayanda, şəxsən məni çağırıb məsləhət gördü ki, orada xırda dəlik açacam və siz bu çöp vasitəsilə qulaq tüklərini təmizləmək üçün olan “Veet” kremi ilə mütəmadi olaraq o deşikdən o tükü yandırın. Ona başa salanda ki, ay həkim, o maz insan dərisini yandırır, o ki qaldı elə həssas bir yer ola, onda cavab verdi ki, mən o mazı televiziyada görmüşəm, ola bilməz... Amma dəqiq deyə bilmərəm və sair. Bu məqsəd üçün bizə verdiyi kiçicik şotka maddi sübut kimi hələ də məndə durur;
-Kamal Abdullayevin bir xüsusiyyəti də var. Nə əməliyyat edirsə əməliyyatı videoya çəkdirir və şikayət edən olanda o videonu çıxarıb qoyur ortaya ki, mən bu işi etmişəm. Ona axıra qədər başa salmaq mümkün olmur ki, ay həkim, mənim ayağım ağrıyırsa və sən onu qoyub, başımı müalicə edirsənsə, bunun mənə nə xeyri? Deməli, sənin işinin faydalı iş əmsalı sıfırdır ki, əməliyyatdan sonra əsas xəstəlik qalır öz yerində. Cavabında mənə bildirir ki, “Sənin oğlunda olan problemi heç Amerikada da heç kim müalicə edə bilməz”. Bu insana heç cürə izah edə bilmirəm ki, “Bəs bunu pul almamışdan əvvəl niyə demirdin mənə, indi deyirsən?”

Xahiş edirəm araşdırasınız: konkret olaraq mənim oğlumun, ondan əvvəl məhz bu problemə görə 5 dəfə əməliyyat olduğunu bilə-bilə, həkim Kamal Abdullayev niyə onu təkrar əməliyyata götürürdü və onun etdiyi əməliyyata görə bizdən aldığı 2000 dollar pul real bazar qiymətinə nə dərəcədə uyğun idi;

-Bu klinika onlardan şikayətçi olan hər kəsi müxtəlif təzyiq üsulları ilə, o cümlədən 21-ci bölməyə saxta şikayət verməklə susdurur. Yuxarıda bunların bir-neçəsini sadaladım. Sizdən xahiş edirəm ki, o xəstəxananın şikayəti əsasında indiyə qədər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin siyahısını Nəsimi rayon Polis İdarəsindən (xüsusən də 21-ci bölmədən) alınıb, həmin şəxslərlə bu xəstəxana arasında indiyə qədər baş vermiş insidentləri təkrar araşdırasınız.
Bütün bunları nəzərə alaraq Sizdən Xahiş edirəm: “Uroloji Mərkəz MMC” Klinikasından indiyə qədər müxtəlif instansiyalara edilmiş şikayətlər ətraflı sistemləşdirilib, yenidən baxılsın, mənim həmin xəstəxanaya ödədiyim 1800 manat vəsait hazırkı dollar kursuna uyğun formada mənə qaytarılsın (çünki mən borcu dollarla almışdım və indi də İranda məhz dollarla müalicə almalıyıq), övladım dövlət vəsaiti hesabına xaricdə müalicə olunmasına mümkün kömək olunsun. Bundan başqa, “Uroloji Mərkəz MMC” Klinikasının sahibi və baş həkimi Kamal Abdullayevin Uroloji Klinikasına qarşı AR CM-nin178.2.2., 178.2.3., 178.3.1., 178.3.2. (öz qulluq mövqeyindən istifadə edərək, vətəndaşlara külli miqdarda ziyan vurmaqla dəfələrlə dələduzluqetmə, özü də mütəşəkkil dəstə tərəfindən);126.2.1.(qabaqcadan əlbir olan bir qrup şəxs, və ya mütəşəkkil dəstə tərəfindən qəsdən 2 və daha çox şəxsin sağlamlığa ağır zərər vurma); 142.2.(Həkimin əməli nəticəsində pasientin sağlamlığına ağır zərər vurma); 143-cü maddələri ilə (“həkimin - Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə”) Afiq Məmmədov adlı xəstənin vəziyyəti ilə bağlı
(https://youtu.be/M76HV9xx4O8) cinayət işi başlanılsın.

Həkimin səhvi 1 dəfə olar, 2 dəfə olar. Əgər burada səhv diaqnozla ucdantutma hamını əməliyyat etmək sistemli xarakter daşıyırsa, bu artıq cinayət halıdır və hüquq-mühafizə orqanlarının ciddi araşdırmalarına ehtiyac var.
P.S. Xüsusi olaraq qeyd edim ki, professor Kamal Abdullayev bir deputata arxayın olaraq qanunsuz yollara əl atır və Xaçmaz rayonunun sabiq prokuroru, hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində yüksək vəzifədə işləyən Yusif Cəlilli yaxın qohumdur və onlar ona qarşı edilən şikayət və mətbuat yazılarının qarşısını almaq üçün müəyyən təsir göstərə bilirlər və bunu etmələrinə dair də bəzi faktlarım var. Ona görə də, işə xüsusi nəzarət altında baxılmasını və istintaqa yüksək dairələrdən təzyiq oluna biləcəyi ehtimalını da nəzərdən qaçırmamağı xahiş edirəm.

Onu da diqqətinizə çatdırım ki, Baş Prokurorluqda 08.12.2015 tarixdə qeydiyyata alınmış

09/20024-15 saylı şikayət ərizəmizdə biz səhvən oğlumun xəstəliyinin “Cinsiyyət üzvünün Hipospediyası” olduğunu bildirmişdik. Bunu isə Kamal Abdullayevin klinikasından verilən Epiqrizdən götürmüşdük. Sonradan bildik ki, həmin diaqnoz yalnız əvvəlki əməliyyat nəticəsində dəri dartılmasından qalan deformasiya deməkdir və bunun sidik kanalında tük bitməsinə heç bir aidiyyəti yoxdur, əsas problemimlə bağlı bunlar heç bir tədbir görməyiblər. Xəstəxanaya müraciətimiz bununla bağlı olub, onlar bizim icazəmiz olmadan, iradəmizin əleyhinə olaraq, bizdən xəbərsiz deformasiyanı əməliyyat ediblər ki, bu da indi oğlumda başqa problemlər yaradıb. Bu səbəbdən də adı gedən ərizəmizdə də şikayətimin məhz bu problemlə (sidik yollarında tük bitməsi ilə) bağlı olmasını nəzərə almağınızı xahiş edirəm.;

Təəssüflə bildiriəm ki, sidiyə getmək üçün oğlumun cinsiyyət orqanının ucunda süni yolla yeni kanal açmışdılar ki, o da rayona qayıdandan sonra az müddətə bağlandı və oğlum ora daxil olmamışdan əvvəlki əməliyyatlarda açılmış əvvəlki dəlikdən sidiyə getməyə başladı. Kamal Abdullayevin xəstəxanasına daxil olarkən isə biz bütün bu problemləri ona ətraflı izah etmişdik və o bizi aldatdı ki, bütün bu problemlər həll olunacaq, müalicə olunacaq, uşağın tam normal həyata qayıdacaq və s. Mən kasıb adamam, aman-zaman bir övladım var (2-ci uşağım yoxdu). Sabah mənim başıma bir iş gəlsə mənim nəslim kəsiləcək, çünki övladımın problemləri ilə heç kim məşğul olmayacaq həyatda. Buna görə də mən hər yola əl atıb balamın müalicəsinə çalışmışam. Kamal Abdullayevin də avtoritetinə, həkim və professor kimi söz verməsinə inanıb dollarla borc götürüb bu əməliyyatı etdirdim. Lakin indi görürəm ki, aldadılmışam, mənim savadsızlığımdan və kənd adamı olmağımdan, dünyagörüşümün zəif olmasından sui-istifadə olunub, oğlumun problemlərisə yerində durur.

Hörmətli cənablar! Rica edirəm, məni anlayın və bizi, bizim kimi neçə insanı bu günə qoyan bu insanlardan bizim pulumuzu və qisasımızı alın.

Redaksiyadan: şikayətçinin təqdim etdiyi tibbi sənədlərin araşdırılması üçün redaksiya tərəfindən rəsmi məktubla hələlik adını çəkmək istəmədiyimiz tanınmış uroloq-ekspertə təqdim olunacaq. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Mövzuya mütləq qayıdacağıq.

«Təzadlar»ın Araşdırma Qrupu





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...