«Standart Insurance sığorta haqqını ödəməkdən imtina edir”

«Standart Insurance sığorta haqqını ödəməkdən imtina edir”


Qafqaz Xəbər Agentliyinə sığortalı avtmobil sahiblərinin sığorta haqqını ala bilməməsi ilə bağlı tez-tez müraciətlər daxil olur. Onlar adətən məhkəməyə müraciət edirlər. Məhkəmələr isə çox vaxt bankların maraqlarını müdafiə edir. Bu günlərdə sığorta problemi ilə bağlı Masallı rayon sakini Kamal Qafarlı Qafqaz Xəbər Agentliyinə müraciət edib: “ 2015-ci ildə mənim həyat yoldaşım Rövşanə Mehdiyeva Toyota Prado markalı avtomobil alıb. O, avtomobili almaq üçün 2015-ci ilin avqustunda «Bank Standart»-dan 16 faizlə 31200 manat kredit götürüb.

2015-ci ilin avqustunda avtomobil CASCO üzrə Standart Insurance-də sığortalanıb. Həmin avtomobili etibarnamə ilə mən idarə etmişəm. 19 may 2016-cı ildə həmin avtomobili mən idarə edərkən Ələt-Astara yolunda qəzaya düşdüm. Biz bu barədə sığorta şirkətinə məlumat verdik. Həmin anda hadisə yerinə Standart Insurance-in Lənkərandakı nümayəndəsi gəldi”.

Qafarlının sözlərinə görə, polis tərəfindən aparılan təhqiqat sübut etdi ki, qəza onun günahı üzündən baş verməyib: “ Bunu Standart Insurance şirkəti də etiraf etdi. Sığorta müqaviləsinə əsasən avtomobilin təmir olunacağı servis mərkəzini biz müəyyən edə bilərik. Biz isə “Prado” servis mərkəzini seçdik. Ancaq bugünədək bizim avtomobilimiz təmir olunmayıb. Çünki Standart Insurance şirkəti bizim avtomobilin təmiri üçün servis mərkəzinə pul ödəmək istəmir.

Sığorta şirkəti bildirir ki, sığorta haqqı ancaq «Bank Standart»a ödənə bilər. Bankın avtomobilin təmiri ilə nə əlaqəsi ola bilər…aydın deyil. Bundan başqa həyat yoldaşımla “Bank Standart” arasında bağlanan kredit müqaviləsində qəza vaxtı ödənilən sığorta haqqının mütləq banka ödənilməsi ilə bağlı bircə söz də yoxdur”.
Biz Rövşanə Mehdiyeva ilə Bank Standart arasında bağlanan müqaviləyə diqqətlə baxdıq. Həqiqətən də müqavilədə avtomobil qəzası vaxtı ödənilən sığorta haqqının mütləq Bank Standart-a ödənilməsi ilə bağlı şərt yoxdur. Bəlkə bu şərt Rövşanə Mehdiyeva ilə Standart Insurance sığorta şirkəti arasında bağlanan müavilədə öz əksini tapıb?

Bu suala cavab tapmaq üçün Standart Insurance şirkətinə müraciət etdik. Sığorta ödənişləri üzrə mütəxəssis Pərviz Məmmədrzayev Qafqaz Xəbər Agentliyinə bildirdi ki, sığorta haqqı “fayda götürən şəxsin” müəyyən edilməsi əsasında köçürülür: “ СASCO sığortanın qaydalarında belə bir termin var, “fayda götürən şəxs”. Fayda götürən şəxs bizim şirkətə ödəniş edir. Hazırkı halda bu “Bank Standart”dır”.

Müxbirimizin “ Məgər sizə sığorta ödəməsini sığortalı avtomobilin sahibi etmir?” sualına Pərviz Məmmədrzayev belə cavab verdi: “ Sığorta haqqı və digər ödənişlər müştəri tərəfindən kredit qaytarılanda ödənilir. Bank isə bizə nağd ödəyir. Çünki qaydaya görə, fayda götürən şəxs bankdır. Və kimə sığortanın ödənilməsini müəyyən etmək hüququ “Bank Standart”a məxsusdur. Əgər “Bank Standart” desə ki sığorta haqqı banka ödənilməlidir, biz banka ödəməliyik. Əgər bank desə ki, sığorta haqqı müştəriyə ödənməlidir, onda biz pulu müştəriyə ödəyirik”.

Müxbirimizin “Mən Rövşanə Mehdiyeva ilə “Bank Standart” arasında bağlanan müqaviləni diqqətlə oxudum. Həmin müqavilədə avtomobil sığortasının mütləq banka ödənilməsi ilə bağlı bircə söz də yoxdur” fikrinə Pərviz Məmmədrzayev belə cavab verdi:” Pulun kimə köçürülməsini “fayda götürən şəxs” müəyyən edir. Bu şəxs bank da ola bilər, lizinq şirkəti də. Bu barədə qanunda dəqiq göstərilib. Əgər bank desə ki, pulu Rövşanə Mehdiyevanın avtomobili təmir olunan servisə köçür, biz ora köçürüəcəyik. Əgər bank desə ki, pulu müştərinin özünə ver, onda biz pulu Rövşanə Mehdiyevanın özünə verəcəyik.
Biz hələ Rövşanə Mehdiyevanın sığorta haqqını ödəməmişik. “Bank Standart” bağlanmaqdan öncə pulun öz hesabına köçürülməsini müəyyən etdi. Ancaq bundan sonra bank bağlandı. Biz indi yeni bankın müəyyən edilməsini gözləməliyik”.

Müxbirimizin “Axı, siz dediniz ki, bank bağlanıb” xatırlatmasına şirkətin əməkdaşının münasibəti belə oldu: “ Bank bağlanana qədər sığorta haqqının banka köçürülməsi ilə bağlı bizə müraciət daxil oldu. Bank bağlandı, onun rekvizitləri dəyişdi və nəticədə biz pulu köçürə bilmədik. Sığortanın qaydaları mövcuddur. Əgər qaydalara baxsanız, biləcəksiniz ki, “fayda götürən şəxs”in səlahiyyətləri nədir”.

Müxbirimizin “ Bu şərt Rövşanə Mehdiyeva ilə sizin şirkət arasında bağlanan müqavilədə öz əksini tapıbmı?” sualına Pərviz Məmmədrzayev belə cavab verib: “ Bu CASCO qaydasıdır, bunu Maliyyə Nazirliyi müəyyən edib. Əgər səhv etmirəmsə, bu müqavilə şərtlərində olmur. Amma bu qaydalar ayrıca kitabça şəkilində Rövşanə Mehdiyevaya verilə bilərdi”.

Məsələ ilə bağlı Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov Qafqaz Xəbər Agentliyinə bildirib ki, CASCO-nun şərtlərinə əsasən müştərinin sığortalı avtomobili iş keyfiyyəti şübhə doğurmayan servis mərkəzində təmir oluna bilər: “ Əgər avtomobil istehsalçının xüsusi nümayəndəsindən alınıbsa, onda müştərinin istəyi ilə nümayəndəliyin təmir mərkəzində təmir oluna bilər. Müştərinin razılığı ilə servis mərkəzini sığorta şirkəti də müəyyən edə bilər”.

Abbasov onu da qeyd edib ki, CASCO-nun şərtlərinə görə, avtomobilin sahibi də təmir mərkəzini seçə bilər: “ Avtomobil sahibi hətta servis mərkəzi ilə sığorta şirkətinin birgə qiymətləndirmə aktına əsasən sığorta haqqını nağd pul şəklində də ala bilər”.
Araşdırma davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...