Yanmış “Diqlas”ın yanında qanunsuz fəaliyyət göstərən “Cin bazarı” kimindir?

Yanmış “Diqlas”ın yanında qanunsuz fəaliyyət göstərən “Cin bazarı” kimindir?

Bakının 8-ci km deyilən ərazisində olan kənd təsərrüfatı bazarının ətrafında sən demə, “Cin bazarı” deyilən bir bazar da fəaliyyət göstərirmiş.

Həmin bazarda ticarət fəaliyyətilə məşğul olan Quliyev Manaf Əyyub oğlu adlı vətəndaş redaksiyamıza müraciət edərək bildirib ki, uzun illərdir orada alış-verişlə məşğul olub ailəsini dolandırırmış:

Manaf Quliyev: “Sonra bir kvadratyarımlıq yerin aylıq xərac pulunu 550 manata qaldırdılar”

“Mənim heç bir əlavə qazancım yoxdur. Bakı şəhərində kirayədə qalıram, himayəmdə iki azyaşlı övladım var. Sizə təqdim etdiyim fotoda gördüyünüz, üstü ağ çadırla örtülən yer mənə məxsus olub. Bir aya kimi düz yolun kənarına qoyulan taxtanın üstündə alver etmək üçün ayda 350 manat pul ödəyirdim. Sonra bir kvadratyarımlıq yerin aylıq xərac pulunu 550 manata qaldırdılar. Bu, “Diqlas” ticarət mərkəzindəki yanğından sonra baş verdi. Çünki eyniadlı “Cin bazarı” həmin ticarət mərkəzinin arxasında da vardı. Yanğın zamanı ora kül olduğundan, bu bazara tələbat artdı. Ona görə də bizdə qanunsuz üsullarla yığılan pulun məbləğini qaldırdılar. Mən pulu ödəyə bilmədiyim səbəbindən həmin bazardan qanunsuz xərac toplayan Məmmədov Etibar adlı şəxs mənim yerimi başqasına satıb. İndi məni həmin bazarda hətta qanunsuz pul ödəməyin müqabilində belə alver etməyə qoymurlar. İradımı bildirəndə Etibar tərəfindən təhqir edilirəm. Mənə açıq formada deyir ki, sənin yerin üçün o qədər yalvaran var. Sizdən xahiş edirəm mənə kömək edəsiniz. Çox çətin bir duruma düşmüşəm. Uşaqlarım, demək olar ki, acından ölür”.

Etibar Məmmədov: “Yaxşı oğlandır, çağırdım gəlsin yanıma. Məsələsini yoluna qoyarıq”

Biz mövzunu araşdırmaq üçün “Cin bazarı”ndan pul yığdığı bildirilən Etibar Məmmədovun özü ilə əlaqə saxladıq. İlk andaca ciddi-cəhdlə bizimlə görüşmək istədiyini bildirən Etibara bildirdik ki, elə telefon vasitəsilə münasibət bildirməsi yetərli olar. Əvvəl Etibar dedi ki, orada pul yığmır. Ola bilər ki, onu səhv salırıq. Sonra bizdən şikayət edənin adını soruşdu. Dedi ki, onunla danışandan sonra bizimlə əlaqə saxlayacaq. Bir qədər sonra zəng edən Etibar dedi ki, Manafı tanıyıb: “Yaxşı oğlandır, çağırdım gəlsin yanıma. Məsələsini yoluna qoyarıq. İstəyirsiniz siz də gəlin görüşək, yaxından tanış olaq. Məni burda hamı tanıyır. Bazarda pərdə dükanım var. Hər halda sözümü eşidərlər”.

Nizami Rayon İcra Hakimiyyəti: “Yaxşı olardı ki, siz bunu həmin bazarın özü ilə əlaqə saxlayıb maraqlanasınız”
Qanunsuz fəaliyyət göstərən “Cin bazarı” ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Nizami Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarovla əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələnin onlara heç bir aidiyyəti yoxdur: “Yaxşı olardı ki, siz bunu həmin bazarın özü ilə əlaqə saxlayıb maraqlanasınız. Çünki deyilən yer bazarın ərazisinə aiddir. Oradan pul yığılırsa da, bazar tərəfindən toplanır. Bununla bağlı bizə hər hansı şikayət daxil olmayıb”.

8-ci km bazarından isə bizə bildirdilər ki, onların fəaliyyət sahəsi arasında “Cin bazarı” deyilən xidmət yoxdur.

Onda isə maraqlıdır, heç kimin sahib çıxmaq istəmədiyi və hər gün külli miqdarda pulların toplandığı, heç bir verginin ödənilmədiyi “Cin bazarı” kimə məxsusdur?
Məhəmmədəli QƏRİBLİ \\azinforum.az\\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
384 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...