Şahin Mustafayevə nədən təkrar etimad göstərildi?

Şahin Mustafayevə nədən təkrar etimad göstərildi?

Prezident İlham Əliyevin oktyabrın 22-də imzaladığı sərəncamla Şahin Mustafayev iqtisadiyyat naziri vəzifəsindən azad olunaraq baş nazirin müavini təyin edilib. Bu, Azərbaycanda həyata keçirilən kadr islahatlarının tərkib hissəsi olmaqla bərabər, ölkə rəhbərliyinin iqtisadi islahatların növbəti mərhələsinin başlanması barədə səsləndirdiyi fikirlərin reallaşdırılmasına qərar verilməsinin göstəricisi sayıla bilər.

Son illərdə İqtisadiyyat Nazirliyinə kifayət qədər geniş səlahiyyətlər verilib. Bura sahibkarlığın, ixracın təşviqindən tutmuş, sənayenin inkişafı, müxtəlif sənaye parkları, texnoloji, aqroparkların yaradılmasına, xarici investisiyaların təşviqinə, hətta kommersiya qurumlarının xaricdən aldığı kreditlərin qeydiyyatına qədər geniş səlahiyyətlər aiddir. Hazırda nazirlik iqtisadi blokda faktiki olaraq Nazirlər Kabinetinə yaxın bir mövqedədir. Belə görünür ki, prezident bu qədər geniş səlahiyyətlərə malik nazirliyə yeni rəhbər təyin etməklə onun fəaliyyətində kəskin dönüş yaratmaq niyyətindədir.

Qeyd edək ki, son müşavirədə prezidentin Ş.Mustafayevlə xeyli kəskin dialoqları diqqəti cəlb etmişdi. Belə ki, əvvəlcə prezident bir qayda olaraq İqtisadiyyat Nazirliyinin tərtib etdiyi ölkədə iqtisadi artıma dair proqnozların real olmadığını bildirib: “Əvvəlki illərdə verilmiş proqnoz ondan sonra özünü nə dərəcədə doğruldur? Yəni bunun təhlilini aparan bir qurum varmı? Yəni sizin verdiyiniz proqnozlar özünü doğruldur, yoxsa yox? Əsasən neçə faiz özünü doğruldur? Siz gərək bunu dəqiq biləsiniz və kimsə bunun uçotunu aparmalıdır. Çünki hər il sizin verdiyiniz proqnozlar əsasında biz öz planlarımızı qururuq. Amma sonra həmin ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kənarda qalır. Ona görə biz bilməliyik proqnoz nə qədər dəqiqliklə verilir ki, biz də ona uyğun olaraq öz planlarımızı quraq”.

Daha sonra dövlət başçısı Ş.Mustafayevdən verilən dövlət dəstəyinin müqabilində əldə olunan nəticələrin hesabatını tələb edib: “İndi biz 1,4 milyard manat güzəştli şərtlərlə kreditlər vermişik. Kimsə hesablayıb ki, bu kreditlər ümumi daxili məhsula, qeyri-neft sektoruna aid olan hissəyə nə qədər təsir göstərir?

Nazir Şahin Mustafayev: Təbii ki, cənab Prezident, bütün hesablamalar aparılır.

Prezident İlham Əliyev: Onda nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil? Güzəştlər veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri həyata keçiririk, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədədir. Bütün bu amillər özlüyündə iqtisadi artımı daha da böyük rəqəmlərə gətirib çıxarmalıdır. Amma biz bunu görmürük.

Göründüyü kimi, prezident bilavasitə İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olan iki məsələ ilə bağlı narahatlığını və narazılığını açıq bəyan edib.

Onu da bildirək ki, Ş.Musatafayev iqtisadiyyat naziri postuna qədər 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, uçot, hesabat və vergi daxilolmalarının proqnozlaşdırma idarəsində şöbə rəisi, 2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqdisadi təhlil və uçotun təşkili idarəsinin rəis müavini, rəisi, 2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və uçot idarəsinin rəisi, 2005-2006-cı illərdə şirkətin İqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006-2008-ci illərdə vergilər nazirinin birinci müavini vəzifələrində işləyib.

2008-2013-cü illərdə iqtisadi inkişaf naziri, 2013-2016-cı illərdə isə iqtisadiyyat və sənaye naziri vəzifələrində çalışıb. 2016-cı ilin yanvarından iqtisadiyyat naziri təyin edilib.

Ş.Mustafayevin Baş Nazirin müavini olaraq hansı sahələri kurasiya edəcəyi hələ məlum deyil. Böyük ehtimalla o, Hacıbala Abutalıbovun kurasiya etdiyi sahələr üzrə məsul olacaq. Bu sahələr fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, Bakı şəhər infrastrukturuna nəzarətdir. Ş.Mustafayevin iqtisadi komandada saxlanılması, təbii ki, onun təcrübəsindən və potensialından istifadə etmək üçündür. Çünki Ş.Mustafayevin cəmi 54 yaşı var və Abutalıbovdan və Həsənovdan fərqli olaraq hələ uzun illər bu sahədə işləyə bilər....
“Yeni Müsavat”

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...