Ekspertdən pensiya təklifi: “ABŞ modeli”nə keçək

Ekspertdən pensiya təklifi:

Bizim pensiya qanunvericiliyində pensiya üzrə müavinətlərin daha tez, əmək pensiyası yaşından əvvəl müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu da imkan verəcək ki, yaşa görə pensiya əmək pensiyası ilə müqayisədə daha tez müəyyənləşsin və vətəndaş bundan istifadə edə bilsin.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, pensiya islahatlarının davam etdirilməsi vacib amillərdəndir:

“Pensiya islahatları üzrə “ABŞ modeli”ni təklif edirik. Belə ki, elə vətəndaşlarımız var ki, onların pensiya kapitalı kifayət qədər böyükdür. Bəzi hallarda hətta 150 min manatdan çox pensiya kapitalı olan vətəndaşlarımız var. “Amerikan modeli”ndə olduğu kimi, həmin vətəndaşlarımıza daha tez pensiyaya çıxmaq və buna uyğun olaraq da kapitalların bir hissəsini 65 yaşına çatmadan istifadə etmək hüququ verilməlidir.

Həmçinin, minimum pensiya kapitalı ilə yanaşı, həm də orta pensiya kapitalı anlayışı da qanunvericiliyə daxil edilməlidir ki, orta pensiya kapitalı çox olan vətəndaşlarımız 65 yaşı tamam olmadan pensiyaya çıxmaq hüququ əldə edə bilsin.

Məsələn, bir sıra inkişaf etməkdə olan ölkələrdə, o cümlədə qonşu Rusiyada olduğu kimi, pensiyaya çıxma vaxtlarının fərqləndirilməsinə ehtiyac var.

Azərbaycanda əmək pensiyası hüququ olmayan vətəndaşlarımız 67 yaşında müavinətlər almağa başlayır. Düşünürəm ki, rəqəmin dəyişdirilməsi və vətəndaşa 63 yaşı tamam olduqdan sonra qocalıq müavinəti almaq hüququ verilməlidir”.

İqtisadçı bildirib ki, minimum pensiya artıqdan sonra tələb edilən minimum pensiya kapitalında da artımlar var və buna baxılmasına, həmin minimumların da tənzimlənməsinə ehtiyac yaranıb:

“Minimum pensiya məbləği artdıqdan sonra dövlətin müəyyən hissəni öz hesabına kompensasiya etməsı məqsədə uyğundur. Bu baxımdan biz təklif edirik ki, minimum pensiya kapitalı ilə bağlı rəqəmlərə baxılması və dəyişdirilməsi vacibdir ki, daha çox vətəndaşlarımız əmək pensiyasından istifadə edə bilsin.

Nəzərə alaq ki, orta yaş müddəti uzun deyil. Bu baxımdan pensiya yığımlarında varisliyin tətbiqi önəmlidir. Bəzi hallarda vətəndaşlarımız yığım edirlər, amma pensiya yaşı tamam olmadan dünyalarını dəyişirlər. Həmin vətəndaşlarımızın yığımlarının onların varisləri tərəfindən istifadə edilməsinə imkan yaradılmalıdır”.

V.Bayramov bildirib ki, əlillik dərəcəsi olan vətəndaşlarımız üçün müavinətlərin məbləğinə baxılmasına və artırılmasına ehtiyac var:

“Bu il birinci paketdə həmin müavinətlərin artırılması ilə bağlı qərar qəbul edilib. Bu prosesin davamlı olmasına və xüsusən də birinci qrup əlillər üçün sosial müavinətin məbləğinin artırılaraq ən azı minimum əmək haqqı səviyyəsinə çatdırılmasına ehtiyac var ki, həmin vətəndaşlarımızın sosial təminatı ilə bağlı hər hansı bir çətinlik olmasın. Bu baxımdan minimum pensiya, minimum əmək haqqı ilə yanaşı, xüsusən də əlillik dərəcələri üzrə sosial müavinət məbləğlərinin artırılması prioritet olmalıdır. Nəticə etibarilə növbəti aylarda bu istiqamətdə addımların atılmasına ehtiyac var”.

İqtisadçı özəl pensiya fondunun yaradılması prosesinin sürətləndirilməsinin də vacib olduğunu bildirib:

“Vətəndaşlarımıza özəl pensiya fondlarına yığım imkanı verilməlidir. Eyni zamanda həmin fondlarda yığılacaq vəsaitin xarici valyutalara indeksasiyası önəmlidir. Çünki gələcəkdə məzənnədə dəyişikliklər yaranarsa, fondakı yığımlara birbaşa təsir göstərməsin və onların dəyərsizləşdirilməsinə gətirib çıxarmasın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...