İranı qarışdırırlar, yoxsa... - TƏHLİL

İranı qarışdırırlar, yoxsa... -

İrandakı aksiyalar qəribə rəng almağa başlayıb. Tehrandakı aksiyalar getdikcə ölkənin hər yerinə yayılır. Kürdlərin əsas şəhəri olan Kirmanşah əhalisi də küçələrə axışıb. İndiyə qədər keçirilən aksiyalarda ancaq iqtidarın getməsi tələb olunurdusa, hazırda istək sistemin istefa verməsidir.

Azərbaycan şəhərləri isə hələ ki sakit oturub. Bundan qəzəblənən fars və kürdlər sosial şəbəkələrdən Azərbaycan türklərinə müraciət edərək, onları etiraz aksiyalarına dəstək verməyə çağırıblar. Aksiyaların nüvə yeri paytaxt Tehrandır. Xalq Ukrayna təyyarəsinin səhvən raketlə vurulması və 180 nəfərin öldürülməsinə görə İran rejiminə etiraz edir.

İran Məclisinin deputatı Qulaməli Cəfərzadə deyib ki, əgər Qərbin təzyiqi və sosial mediada yayılan görüntülər olmasaydı, əsla həqiqəti söyləməyəcəkdilər. O bildirib ki, həqiqi informasiyanı gizlətməyə heç kimin haqqı yoxdur: “Bu işi görüb, 3 gün xalqdan gizlətməkdə olduqca əxlaqsızlıq ediblər. Əmir Əli Hacızadənin (SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı) bu xəbəri eşidəndə ölmək istəməsi yönündə açıqlaması boş sözdən başqa bir şey deyil. Bu hadisəyə görə məsuliyyət daşıyanların hamısı kütləvi şəkildə istefa verməli və barələrində istintaq başladılmalıdır”.

Ölkəni bürüyən etiraz dalğasının arxasında hansısa güclər axtarmaq istəyənlər var. Bəzi müşahidəçilərin fikrincə, ABŞ İranı elə iranlıların əli ilə qarışdırır. Lakin görünən tərəf ondan ibarətdir ki, təyyarənin səhvə vurulmasını etiraf etmələri xalqı ayağa qaldırıb. Yəni hansısa kənar təsir hiss olunmur. Hərçənd etirazların idarə olunmasında hökumətin əli olduğu istisna edilmir. İran hakimiyyəti xalqın hiddətini soyutmaq üçün qaynar qazana çevrilən ölkədə etirazlara şərait yaradır.

BBC xəbər verir ki, nümayişçilər artıq aksiyaların yeni dalğasına start veriblər. Bu dəfə etirazlara Tehran universitetlərində, eləcə də digər şəhərlərdə başlanılıb.

Tehranın Azadi meydanında və digər ərazilərdə nümayişçilərə qarşı mübarizə aparmaq məqsədilə polis dəstələri yerləşdirilib. Mitinq iştirakçıları Tehranda Şahid-Beheşti Universitetinin girişində ABŞ və İsrail bayraqlarının təsvirini tapdamaq istəməyərək yan keçiblər. Onlar eyni zamanda hökumət əleyhinə “Bizi aldadırlar, düşmənimiz Amerika deyil, düşmənimiz buradadır” şüarını səsləndiriblər.

Meydanda aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olduğu da deyilir. Polis gözyaşardıcı qazdan istifadə edib. Aksiyaları işıqlandıran mətbu orqanlar reportajlarına “Biabırçılıq”, “Bağışlamayacağıq” sərlövhələrini seçiblər. Küçə iğtişaşlarına qatılanlar arasında sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi də olub. İran Dövlət Televiziyasının aparıcısı Zəhra Hatəmirad işinə davam edə bilməyəcəyini deyərək istefa verib.

İran prezidenti Həsən Ruhani İsveçin baş naziri Stefan Leuvenlə telefon danışığı zamanı ABŞ-ın Yaxın Şərqdəki son hadisələrdə günahkar olduğunu bildirib.

“ABŞ bölgədəki son hadisələrə görə məsuliyyət daşıyır və biz hamımız bu ölkənin cinayətlərini qınamalıyıq”, deyə Ruhani bildirib. O, İranın İraqdakı ABŞ hərbi bazasına hücumunun BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini və cinayət olmadığını deyib.

ABŞ prezidenti Donald Tramp isə dinc nümayişçilərin qətliamına imkan verilməməsi ilə bağlı İran hakimiyyətinə xəbərdarlıq edib.

İranın aparıcı KİV-i hakimiyyətin və hərbi qüvvələrin Ukrayna təyyarəsinin vurulmasına gətirib çıxaran səhvini bağışlanmaz hesab edirlər. “İsraelinfo” portalı isə yazıb ki, ölkəni bürümüş nümayişlər fonunda jurnalistlər başda prezident Həsən Ruhani və dini lider Əli Xameneyi olmaqla, hökumətin istefasına çağırış ediblər.

Bir çox qəzetlərin baş məqaləsində “üzr istəyin və istefaya gedin” məzmunlu çağırışlar yer alıb. KİV-lər həm də ondan narazıdırlar ki, qəzanın gerçək səbəblərinin araşdırılması bunca uzun müddət vaxt aparıb.

“Təyyarənin məhv edilməsinin səbəbləri barədə materialların dərcinin yubadılmasına və ictimaiyyətin inamına vurulmuş zərərin səbəbkarı istefa verməli və ya vəzifəsindən azad edlməlidir” deyə, “İslam respublikası” qəzeti yazıb.

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, hazırkı etirazlar İranın dərin problemlərinin davamıdır. Onun sözlərinə görə, qarşıda bir neçə etap görəcəyik və nümayişlər müxtəlif rakurslardan davam edəcək. “Bundan sonra hakimiyyətin tərəfdarları da mitinqlər təşkil edə bilərlər. Necə ki, bir müddət əvvəl Tehranda hökumət tərəfdarlarının aksiyası olmuşdu. İran böyük ölkədir və daxildə müxtəlif güclər rəqabət aparır.

Ona görə də hadisələri təkcə təyyarənin səhvən vurulması ilə əlaqələndirmək olmaz. İranda böyük sosial-iqtisadi böhran var, siyasi və şəxsi azadlıqlar nöqteyi-nəzərdən narazılıqlar baş qaldırıb".

Ekspert hesab edir ki, artıq hakimiyyətə yox, rejimin özünə etirazlar başlayıb: “Məsələ həll olunmayınca proses davam edəcək. Qərb hərtərəfli İranı sıxır və artıq düymə basılıb. Yəni bu prosesi qurtarmalıdırlar. Digər tərəfdən də İran dinc durmur və Yaxın Şərqə əl uzadır, tərəfdarlarını silahlandırır. Əgər bir yerdə oturub öz ölkəsinin problemləri ilə məşğul olarsa, bu dərəcədə dünya gücləri ilə üzə-üzə qalmazdı”.

Siyasi şərhçi Azər Rəşidoğlu qəzetimizə bildirdi ki, hakimiyyətin müxtəlif qolları arasında intriqaların bu məsələdə rolunun olduğunu da inkar etmək mümkün deyil: “Yəni İran siyasi elitasının üç mühüm fiquru - Ruhani, Rəisi, Laricani arasında uzun müddətdir davam edən qarşıdurma artıq küçələrə keçib. Belə vəziyyət konstitusiyaya görə ölkənin birinci şəxsi olan dini lider Xameneyini də çətin vəziyyətə salıb. İrandakı son etirazlarda əsas hədəf seçilən prezident Ruhanini islahatçı kimi qəbul edirlər. O, seçkilər öncəsi siyasi məhbusları azad etmək, vətəndaş hüquqlarını təmin etmək və s. vədlər verib. Ruhani əvvəllər yasaq sayılan mövzulardan açıq danışır - nüvə problemi üzrə dünya birliyi ilə qarşıdurma barədə, ölkənin təcrid olunması və beynəlxalq sanksiyaların dağıdıcı təsiri, iqtisadiyyatın ağır vəziyyəti haqqında sadə vətəndaşlarla dialoqa girir”.
“Yeni Müsavat”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
205 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...