“Şeyximiz Moskvada bir dəfə də Qorbaçovun həbsini istəməyib”

 “Şeyximiz Moskvada bir dəfə də Qorbaçovun həbsini istəməyib”
Üzeyir Cəfərov: “20 yanvar hadisəsinə görə mükafat alanlar da var ki, indiyədək tülkü simasında gizlənirlər”


30 ildə “20 Yanvar”a qara gün deyib Şəhidlər Xiyabanına baş çəkmişik. Şəhidlərin qəbrini ziyarət etməkdən başqa nə etmişik? Təbliğat işimizin vəziyyəti hər kəsə bəllidir. Ötən müddət ərzində 20 Yanvar cinayətini törədənləri belə, cəzalandıra bilməmişik.

Yaxud, hələ də Şəhidlər Xiyabanı qarşısında məlumat lövhəsinin, müasir elektron informasiya bazasının olmaması təbliğatımızın “mükəmməlliyindən” xəbər verir. Axı Dağüstü Park xarici turistlərin tez-tez ziyarət etdikləri məkanlardandır. O zaman biz niyə belə etinasızıq?

Ehtiyatda olna polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov AYNA ilə söhbətində tariximizə laqeyd münasibətdən danışıb: “20 yanvar və o tarixə qədər bütün hadisələrin şahidiyəm. Hər şey mənim gözümün qarşısıda baş verib. Biz bu qanlı tariximizlə xalq kimi sözümüzü dedik. Amma hələ də 30 il ərzində Qorbaçov, Yazov, Primakov kimilər və onların Azərbaycandakı əlaltıları cəzasını almayıb. Onlar elə düşünürlər ki, baş verənlər unudulub. O hadisədə iştiraka görə mükafat alanlar da vardı, indiyədək tülkü simasında gizlənirlər. Amma bilməlidirlər ki, zaman gələcək, özləri olmasa da, onların nəsli lənətlənəcək”.

“Şeyximiz Moskvada bir dəfə də Qorbaçovun həbsini istəməyib”

“Biz xalq olaraq öz keçmişimizə laqeyd yanaşmaqda davam edirik. Çünki çox unutqanıq. Baxın, Şeyxülislam həzrətləri 30 ildir deyir ki, “Qorbaçov cəzasını almalıdır”. Amma indiyə qədər görməmişik, Şeyximiz Moskvada olanda rusiyalı rəsmilərə desin ki, 20 Yanvarda əli qana batanları cəzalandırın. Daxili auditoriyada hamı cəngavərdir, şirə, pələngə dönür, amma ölkədən kənara çıxanda susurlar. İndi də 20 Yanvar adından istifadə edib Azərbaycanda, ölkədən kənarda kifayət qədər pul xərcələyib, guya təbliğat aparırlar. Çox təəssüf ki, bütün şəhidlərimizə laqeyd münasibət davam edir”, - Cəfərov bildirib.

O, bu sahədə QHT-lərə xeyli pullar xərcləndiyini də deyib: “Amma hələ də ortaya samballı bir iş qoymayıblar. Qalaq-qalaq sənədlər var, lakin insanların ölümünə səbəb olan bir nəfər də cəzalanmayıb. Hər il 20 Yanvar şəhidlərinin ailələrinə dövlət tərəfindən maddi yardım olunur, amma biz bu hadisənin əhəmiyyətini hələ də anlamırıq”.

Şəhidlər Xiyabanında bu günə qədər məlumat lövhəsinin olmamasına toxunan həmsöhbətimizin dediyinə görə, bunun bir neçə səbəbi var: “Ən əvvəl qeyd etdiyim kimi, hələ də aramızda həmin qətliamda iştirak edənlər var. Primakovun, Yazovun tərəfdarlarını, onları müdafiə edənləri zaman-zaman görürük. Ardınca Şəhidlər Xiyabanında keşik çəkən polis əməkdaşları lazımi qaydada səfərbər olunmayıblar. Xalqımızın tarixi, ölkənin strateji obyekti olan həmin ərazidə xidmət göstərən polislər həm ana dilini, həm də xarici dilləri bilməlidirlər ki, əcnəbilərə istənilən məlumatı versinlər. Təəssüf ki, bu vacib məqamlar nəzərdən qaçır”.

“20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə də AYNA-ya açıqlamasında məlum hadisəni əks etdirən məlumat lövhəsinin olmamasını qəbuledilməz adlandırıb: “Bizim İctimai Birlikdə 20 Yanvar şəhidləri barəsində ətraflı məlumatlar var, sadəcə bu barədə elektron bank yaratmaq üçün maddi vəsaitimiz yoxdur. Biz ictimai təşkilatıq, bacardığımız qədər şəhid ailələrinə dəstək verməyə çalışırıq”.

“Şəhidlər barədə məlumat lövhəsinin, müasir tələblərə uyğun elektron sistemin olmadığı faktdır. Təəssüf ki, indiyə qədər bu məsələni qabarda bilmirik, çünki bizim hələ də Qarabağ kimi böyük dərdimiz var. Biz hələ də rusun təzyiqi altındayıq”, - Əzimzadə bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...