Bakıda tənha ananın mənzili necə qəsb olundu...

Bakıda tənha ananın mənzili necə qəsb olundu...

Bakıda keçmiş ər 4 il əvvəl boşandığı arvadının qanuni mülkiyyətində olan və vaxtilə valideyinlərinin ona aldığı mənzili vəzifəli qohumunun və sifarişlə hökm çıxaran hakimlərin əli ilə faktiki olaraq qəsb edib. Vətəndaşların mülkiyyət hüquqlarının həm də məhkəmələr tərəfindən tez-tez pozulduğu ölkədə, belə görünür ki, indiki situasiyanın analoqunu tapmaq çətindir.

...Redaksiyamıza müraciət edən Hümbətova Səidə Hüseyn qızı deyir ki, 2006-cı ildə Məmmədov Yaşar Abdulla oğlu ilə ailə həyatı qurub. O vaxt valideyinlər razılaşıblar ki, Səidəyə cehiz almaq əvəzinə birləşib yeni qurulan ailənin mənzil ehtiyacını təmin eləsinlər.

Səidənin danışdıqlarından: “Biz nişanlı olanda Yaşarın özü və ailəsi Əhmədlidə sovet dövründə tikilmiş binada, ikiotaqlı darısqal mənzildə yaşayırdı. Valideyinlərimiz belə razılaşdılar ki, mənə cer-cehiz almaq əvəzinə həmin pula yeni qurulan ailənin də yaşaya bilməsi üçün daha geniş mənzil alsınlar. Beləliklə, Yaşarın valideyinləri öz mənzillərini 18 min manata satdılar, atam da mənə cehiz almaq üçün yığdığı 10 min manatı qoydu. Bu pula (28 min manata) 2005-ci ildə Zığ yolunda, Zeytun küçəsi, 38B ünvanında yerləşən dördotaqlı həyət evi aldıq. 2006-cı ildə mən həmin evə gəlin köçdüm, Yaşarın anası (atası vəfat etmişdi) və bacıları da bizimlə o evdə yaşamağa başladı...”



2007-ci ildə Səidə ilə Yaşarın oğlan ovladı dünyaya gəlib, onlar həmin evdə daha bir neçə il yaşayıblar. Və qərara alıblar ki, həyət evini satıb özlərinə ayrı mənzil alsınlar, bu həmin vaxtlar idi ki, ailədə Yaşarın borcları üzündən artıq narazılıqlar başlamışdı.

Beləliklə, Zeytun küçəsində yerləşən həyət evi 70 min manata satılıb. Səidə deyir ki, keçmiş ərinin valideyinləri daha az vergi ödəmək üçün alqı-satqı müqaviləsində 65 min manat məbləğini göstəriblər, əslində ev 70 minə satılmışdı. Və həmin məbləğin təqribən 26 min manatını Səidənin atası götürüb. Bölgü ona görə bu cür olub ki, vaxtilə ev alınanda məbləğin üçdə birini Səidənin atası ödəmişdi.

“Atam həmin pulun üstünə daha 5 min manat qoyub Xətai rayonu, Məhəmməd Hadi küçəsində, “Fortuna” MTK tərəfindən inşa edilmiş binada birotaqlı mənzil aldı, həmin mənzili ikiotaqlıya çevirməklə təmir etik, orada yaşamağa başladıq. Yaşarın valideyinləri isə 70 min manatdan qalanına özləri üçün ayrı mənzil aldılar”,-qadın ailə dramının davamını nəql edərkən deyir.

Səidə Hümbətova deyir ki, M.Hadi küçəsindəki binadan həmin birotaqlı mənzili alarkən sənədləşməni qaynanası Məmmədova Zənurə Rza qızının adına ediblər. Çünki ərinin çoxlu borcları vardı və atası ehtiyat edirdi ki, nə vaxtsa borclular onu məhkəməyə versə mənzili müsadirə edə bilərlər. Qaynana isə vəd edib ki, mənzili daha sonra nəvəsinə vəsiyyət edəcək. Amma bunun əvəzində mənzili oğlunun, yəni Yaşarın adına keçirdib.

Bakıda tənha ananın mənzili necə qəsb olundu...
Bakıda tənha ananın mənzili necə qəsb olundu...
Bakıda tənha ananın mənzili necə qəsb olundu...

Qadın deyir ki, indi başlarına gələnləri o vaxt görə bilsəydi əlbətdə, mənzili öz adına alardı. “MTK-da alqı-satqı müqaviləsini bağlayanda nə mənim, nə atamın şəxsiyyət vəsiqəsi üstündə olmadı, ona görə müqaviləni qaynanamın adına bağladıq”,-o dəqiqləşdirir.

Lakin yeni mənzildə də onların birgəyaşayışı alınmayıb, S.Hümbətovanın ailə həyatı dözülməz hala çatıb və o, boşanmağı qərara alıb. Özünün dediyi kimi, artıq yeniyetməlik dövrünə qədəm qoymuş oğlunun tərbiyəsi, psixologiyasının pozulmaması naminə...

2016-cı ilin iyul ayında məhkəmə onların nigahını pozub, azyaşlı övladı ananın himayəsinə verilib. Və atanın üzərinə aliment ödəmək öhdəliyi qoyub. Boşanma barədə məhkəmə qərarından 4 gün sonra Yaşar mənzilin keçmiş arvadına bağışlanması, öz payından imtina etməsi haqda ərizə ilə “Fortuna” MTK-ya müraciət edib. Və həmin MTK 50 kvadratmetrlik mənzilin Səidə Hümbətovaya məxsus olduğu, dəyərinin tam ödənildiyi haqda maliyyə arayışı təqdim edib. Qadın övladı ilə birlikdə həmin mənzildə yaşamağa başlayıb.

İlk baxışdan belə görünə bilər ki, keçmiş ər ədalətli davranıb, onsuz da keçmiş arvadına və onun himayəsində qalan azyaşlı övladına çatmalı olan mənzildən könüllü imtina edib. Amma əsl dram bundan sonra başlayır...

S.Hümbətova nəql edir ki, oğlu ilə birlikdə həmin mənzildə yaşayarkən keçmiş əri onu təhdid edirdi.

Bakıda tənha ananın mənzili necə qəsb olundu...
Bakıda tənha ananın mənzili necə qəsb olundu...

Sitat: “Tez-tez gəlib pul tələb edirdi, dava-dalaş salırdı. Deyirdi mənzili sat, pulunu ver, borclarımı ödəyim. Təsəvvür edin ki, üç-dörd aydan bir cüzi aliment ödəyirdi, amma gəlib atamın mənə verdiyi pulları əlimdən alırdı. Məcbur olub həmin mənzildən çıxdım, xərçəng xəstəsi olan atamın müayinə sənədlərinin Türkiyədə yoxlanılmasına kömək eləmiş tanışımız vardı, mənzili müvəqqəti yaşamaq üçün ona verdim. Bu dəfə qohumlarımın köməyi ilə ipoteka krediti hesabına yeni mənzil alıb ora köçdüm...”

Və Səidə Hümbətova boşanandan iki ildən də çox keçəndən sonra eşidib ki, keçmiş əri onu məhkəməyə verib-mənzildə yaşayış hüququnun təmin edilməsi üçün. Və məhkəmə onun iştirakı, xəbəri olmadan bu iddiaya baxıb, təmin edib. “Bu haqda eşidəndə narahat oldum ki, bunlar mənzili əlimdən alacaqlar. Ona görə “kupça” , texniki pasport aldım, yəni mənzil mənim qanuni mülkiyyətim oldu”,-o deyir.

Ardınca keçmiş ər daha da irəli gedib-yeni iddia qaldıraraq mənzili keçmiş arvadına bağışlamaqdan vaz keçdiyini bildirib və bağışlanma barədə notarial qaydada imzaladığı müqavilənin ləğvini, mənzilin onun mülkiyyətinə verilməsini istəyib. Xətai rayon Məhkəməsi 2019-cu ilin fevralında Y.Məmmədovun iddiasına baxıb və təmin etməyib. İddiaçı tərəf apelyasiya şikayəti verib.

“İddiaçı ərizəsində göstərir ki, guya mənzili mənə bağışlamaq barədə müqaviləni imzalayanda hələ boşanmamışdı və məqsədi barışmaq, yenidən birlikdə yaşamaq idi. Və guya mən barışmaq vədi versəm də daha sonra barışıqdan imtina etmişəm və nəticədə o, mənzilin bağışlanması haqda qərarını dəyişir. Hansı ki, mən boşanma ərizəsini 2016-cı ilin fevralında vermişdim, məhkəmə tərəflərə barışmaq üçün yetərincə vaxt vermişdi. Amma bu adam nəinki barışığa cəhd etmədi, heç məhkəməyə də gəlmədi və boşanmaya etiraz etmədi. Üstəlik o mənzilə iddia barədə məhkəməyə iddia qaldıranda neçə vaxtdır aliment də ödəyirdi ki, bu haqda da bütün sənədlər var”,-qadın danışır.



Beləliklə, Bakı Apellyasiya Məhkəməsi (hakimlər Məmməd Məmmədov, Şeyda Məhərrəmova və Elşad Şamayev) 2019-cu ilin iyununda Y.Məmmədovun iddiasını təmin edən qətnamə çıxarıb. S.Hümbətova deyir ki, bu zaman hakimlər açıq-aşkar sifarişlə hərəkət ediblər və tamamilə absurd qərar çıxarıblar, heç bir dəlil ortaya qoymadan onun guya keçmiş ərinə barışmaq vədi verib aldatdığı qənaətinə gəliblər. Və mənzilin bağışlanması haqda müqaviləni etibarsız elan ediblər.

Məsələ belədir ki, Y.Məmmədovun qaynı vəzifəli şəxsdir, Azərbaycanın rayonlarından birinin hüquq-mühafizə orqanı rəhbəridir. S.Məmmədovanın bildirdiyinə görə, məhz vəzifəli qohumunun sayəsində məhkəməyə təsir göstərib. Bu təsirin nəticəsi olaraq Ali Məhkəmə də 2020-ci ilin yanvarında qərarı qüvvədə saxlayıb. Qadın son çarə olaraq hökmdən Ali Məhkəmənin Plenumuna şikayət verib.

Məhkəmə çəkişməsinin getdiyi bir vaxtda keçmiş əri Səidənin qanuni mülkiyyətində olan mənzildə qalan şəxsi oradan qovub, daha sonra mənzilin qapısını sındırıb və hazırda anası ilə birlikdə orada yaşayır. Qadın mənzilinin zorla, məhkəmə hökmü qüvvəyə minmədən ələ keçirilməsi faktı barədə polisə şikayət etsə də heç bir tədbir görülməyib. Bildirir ki, xalasının və daha bir neçə yaxın qohumunun ipoteka məbləği üçün ilkin ödəniş kimi ona verdiyi pul və əşyaları (ümumi məbləğ 30 min manata yaxın) da faktiki qəsb edilib.

Məsələ ilə bağlı vəkil Elçin Sadıqov virtualaz.org-a bildirib ki, indiki situasiyada hakimlərin çıxardığı qərar qanuni hesab edilə bilməz. Çünki bağışlanmış əmlakın sonradan bağışlayan tərəfin fikrini dəyişməsi ilə geri alınması qanunla mümkün deyil, nəzərdə tutulmayıb. Əgər bağışlanma haqda müqavilədə əmlakın, əşyanın və s. hansı şərtlər daxilində geri alına biləcəyi göstərilməyibsə.

“Mən bu işin təfərrüatlarını araşdırıb daha ətraflı şərh verə bilərəm, amma indiki halda qərarın qanuni olduğu ciddi şübhələr yaradır”,-o bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
64 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...