Dövlət büdcəsinə yenidən baxıla bilər

Dövlət büdcəsinə yenidən baxıla bilər

Azərbaycanın 2020-ci il üçün nəzərdə tutulmuş büdcə paketinə dəyişikliklər edilə bilər.

Yenisabah.az xəbər verir ki, dəyişiklikləri zəruri edən koronavirus pandemiyasının yaratdığı fəsadlardır. Birincisi, pandemiya büdcə gəlirlərinə əhəmiyyətli təsir edir, həm də xərcləri artırır. Bir çox sahələrdə fəaliyyət dayanıb və hökumət bunu kompensasiya etmək üçün yardım proqramları hazırlayıb. Bura maliyyə yardımı ilə yanaşı müəyyən güzəştlər daxildir. Ümumilikdə, pandemiyanın iqtisadi təsirlərini azaltmaq üçün 2.5 milyard manat ayrılıb. Təbii ki, dövlət büdcəsinin hesabına. Üstəgəl neftin qiyməti kəskin şəkildə aşağı düşüb.

“2020-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə görə cari ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7 faiz çoxdur.

2020-ci ilin büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7 faiz çoxdur.

Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov da hesab edir ki, büdcə paketində dəyişikliklər ola bilər.

“Pandemiya ilə mübarizə çərçivəsində hazırlanan proqramlar hələ Prezident tərəfindən təsdiq olunmayıb. Bu barədə dövlət başçısına məruzə edilib. Bu məsələ müzakirə olunanadan sonra Prezident müvafiq göstərişlər verəcək. Bizdə olan məlumata görə, proqramların maliyyə həcmi ümumilikdə 2.5 milyard manat təşkil edir. Bu vəsait də təbii ki, dövlət büdcəsindən götürüləcək. Bu halda büdcə zərfinə mütləq yenidən baxılmalıdır. Ola bilər ki, onun xərclər hissəsində dəyişiklik olunsun. Neftin qiyməti də kəskin aşağı düşüb.

Lakin hesab edirəm ki, yaxın günlərdə neftin qiymətində əhəmiyyətli artım olacaq. Bu baxımdan ola bilər ki, neftlə bağlı problem yaranmasın. Amma xərclər hissəsində müəyyən dəyişikliklər edilməlidir”, - deyə Vahid Əhmədov bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...