Rusiya Qafqazı Türkiyəyə güzəştə gedir - TƏHLİL

Rusiya Qafqazı Türkiyəyə güzəştə gedir -

Türkiyənin Cənubi Qafqazda fəallığının artması müşahidə olunur.

Bu, həm siyasi, həm də hərbi müstəvidə özünü büruzə verir.On illər Suriyada, İraqda və Liviyada geosiyasi üstünlüklər qazanan rəsmi Ankara artıq Cənubi Qafqazda da öz nüfuzunu nümayiş etdirməyə başlayıb.Xüsusilə iyulun 12-dən etibarən Azərbaycan Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər Türkiyənin bu regionda fəallaşması üçün siyasi impuls yaratdı.Döyüşlər gedən vaxtda Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycanı dəstəkləyən bəyanatından dərhal sonra Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov dərhal Ankaraya səfər etdi.

Eyni zamanda Tükiyə Silahlı Qüvvələrinə məxsus “F-16” qırıcıları Ermənistan sərhədində manevr uçuşları etməklə İrəvana ciddi xəbərdarlıq mesajı vermiş oldu.İyulun 28-də isə Rusiya mediası Türkiyə Silahlı Qüvvələrinə məxsus “Bayraktar TB2” uçan pilotsuz təyyarələrinin Ermənistana aviazərbə endirməsi haqda məlumatlar yaydı.Bununla yanaşı, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə hərbi təlimlər keçirmək qərarı Ermənistana təcavüzkar davranışından çəkinməsə daha böyük güclə qarşılaşacağını nümayiş etdirmək məqsədi daşıyır.

Qeyd edilən proseslər Türkiyəyə yenidən Cənubi Qafqazda geosiyasi təsir dairəsini genişləndirmək imkanı yaradır.Ancaq XX əsrin əvvəlində olduğu kimi, bu dəfə Türkiyə çox güclü dövlətə çevrildiyindən Ermənistanın müttəfiqi Rusiyaya güzəştə getmək niyyətində görünmür.Yaxın Şərqdə Rusiyanın müttəfiqləri Bəşər Əsəd rejimini və Liviyada Xəlifə Həftəri məğlub edən Türkiyə Cənubi Qafqazda da Ermənistana qarşı kəskin addımlar ata bilər.Ona görə də Ərdoğan iqtidarının son addımları yalnız Ermənistana deyil, həm də Rusiyaya ünvanlanmış xəbərdarlıqdır.Ağır beynəlxalq sanksiyalar altında zəifləmiş Rusiya isə Yaxın Şərqdəki mövqelərini qoruyub saxlamaq üçün hər dəfə Türkiyə ilə kompromisə getməyə məcbur olur.Bu baxımdan, Türkiyənin Ermənistana qarşı qalxacağı tədqirdə, Rusiyanın öz müttəfiqini qorumaq üçün Ankara ilə müharibəyə başlayacağı inandırıcı görünmür.Əgər Türkiyə bu hərbi dəstəyi Azərbaycanın işğal altındakı ərazilərində həyata keçirərsə, o halda Rusiyanın müdaxiləsi üçün heç bir siyasi və hüquqi əsası olmayacaq. Nəticədə Putin hakimiyyəti yenidən Ərdoğanla anlaşmaya getməyə məcbur ola bilər. Əslində, Paşinyan hakimiyyətini narahat edən də budur.

Politoloq Natiq Miri hesab edir ki, bütün dövrlərdə Türkiyənin Qafqaz regionunda geosiyasi maraqları mövcud olub.Bunun da ciddi tarixi əsasları var.

Çünki Qafqazda Osmanlı imperiyası dönəmində və sonra Türkiyəyə yaxın etnik qruplar yaşayır.Həmin xalqların etnik qrupların Osmanlı dönəmindən bəri Türkiyə ilə çox ciddi əlaqələri olub.Bu baxımdan, Türkiyənin Qafqazda olması təbii qarşılanmalıdır.

“Ancaq XX əsrdə Türkiyə Qafqazdan demək olar ki, sıxışdırılıb çıxarıldı.İndi biz yenidən Türkiyənin Cənubi Qafqazda aktivləşməsini müşahidə edirik.Bunun üçün həmin bölgədə bir istinad dövləti olmalıdır. Məsələn, Liviyada Milli Razılaşma Hökuməti, yaxud ərəb dünyasında Qətər, Şimali Afrikada bəzi ölkələr Türkiyə üçün istinad dövləti kimi çıxış edir. Eyni zamanda Türkiyə Suriyada öz təhlükəsizliyini təmin etmək üçün mövcuddur. Bu da BMT-nin Türkiyəyə və istənilən ölkəyə öz təlükəsizliyini müdafiə etmək üçün verdiyi hüquqla əlaqəlidir. Həmçinin Türkiyə Silahlı Qüvvələrinin hazırda Liviyada yerləşməsi legitim Fəyaz Sərac hökuməti ilə imzalanmış müqavilə əsasında baş tutub.Belə amillər olmasa, Türkiyənin bu coğrafiyada mövcudluğu üçün problem yarana bilər.Cənubi Qafqazda da vəziyyət belədir.Cənubi Qafqazın ən böyük və strateji ölkəsi Türkiyə üçün Azərbaycandır.

Qardaş Azərbaycanın vasitəsilə Cənubi Qafqazda, nəinki güclənmək, hətta söz sahibinə çevrilmək imkanları var. Bununla bağlı geosiyasi mühit də yaranıb.Tovuz döyüşlərindən sonra bir daha göstərdi ki, regionda çox böyük boşluqlar və yeni müharibə təhlükəsinin yaranma təhlükəsi mövcuddur.Bu, istənilən halda, Türkiyənin söz demək üçün mövqelərini gücləndirən amildir.Çünki Tovuz təxribatının arxasında, hətta Ermənistanın havadar ölkələrinin maraqları dayansa da, son hadisələr bölgədə böyük boşluqların olduğunu üzə çıxartdı.İstənilən havadar ölkənin maraqları çərçivəsində bölgəni təlatümə gətirmək mümkündür. Bu gün hələ də postsovet məkanını, o cümlədən Cənubi Qafqazı özünün "arxa bağçası" sayan, digər böyük gücləri bu coğrafiyaya buraxmaq istəməyən Rusiya əslində, Tovuz təxribatı ilə öz mövqelərini zəiflətmiş oldu. Çünki Azərbaycan Türkiyənin “qırmızı xətti”dir .Artıq rəsmi Ankara Azərbaycan üçün törədilən təhlükənin Türkiyəyə qarşı yönəldiyini Rusiyanın nəzərə çatdırmağa başlayıb.

İkincisi, Türkiyənin Cənubi Qafqazda böyük maraqları var. Ona görə də bölgədə böyük bir müharibənin başlaması Türkiyənin maraqlarna toxunacaq.Ona görə də Türkiyənin bu yöndə söz demək hüququ var.

Prezidenti Ərdoğanın rusiyalı həmkarına zəng etməsi və Suriya, Liviya məsələləri ilə yanaşı, Tovuz təxribatını da müzakirə etməsi faktı da göstərir ki, bəzi gerçəklikləri Putinin yadına salır.Yəni Rusiya Cənubi Qafqazda öz istədiyi kimi sabitliyi təmin edə bilmir.Bu isə Türkiyənin Cənubi Qafqazda mövqelərini gücləndirən amilə çevrilib. Hətta Tovuz təxribatının arxasında Rusiyanın geosiyasi maraqları dayansa belə, bu əməliyyatın uğursuz sona çatması Türkiyənin prosesə müdaxiləsinə rəvac verdi. Bu da Türkiyənin Cənubi Qafqazda mövqelərini gücləndirən amildir.Ona görə də Türkiyə Rusiyanı sorğuya çəkir.Əgər həqiqətən də hegemonluğu Rusiya öz üzərinə götürübsə, o halda, Tovuzda və ondan əvvəl baş vermiş təxribatlar nəyə görə baş verir?İndi Rusiyadan bu sualların cavabı istənilir.Həqiqətən də, regiona nəzarət edə bilirsinizsə, Azərbaycanın sərhədləri niyə təhlükə altındadır?Dağlıq Qarabağ probleminin həllolunmaz bir məsələyə çevrilməsi regionda yeni bir müharibənin baş verməsi riskini artırır.Bu isə böyük güclərin regiondakı maraqlarını təhdid edir.Məlum olduğu kimi, Azərbaycan Qərbin enerji təhlükəsizliyində strateji yer tutur.

Gələcəkdə Azərbaycan Mərkəzi Asiyanın da enerji daşıyıcılarının da Qərbə daşınmasında dəhliz rolunu oynaya bilər.Bütün körpülər, kommunikasiya sistemləri Azərbaycandan keçəcək.Ona görə də böyük güclər bu məsələyə həssas yanaşmağa başlayıb. ABŞ Konqresində Ermənistanın işğalçı dövlət kimi tanınması və bu məsələnin araşdırılaraq bir çox faktların, o cümlədən işğal altındakı Dağlıq Qarabağ və əraf rayonlardan qovulmuş insanların sayı, vəziyyəti ilə bağlı, öyrənilməsi ilə bağlı Müdafiə Nazirliyindən və Dövlət Departamentindən hesabatın hazırlanması barədə qərarın qəbulu spontan olaraq meydana çıxmayıb. Bu Tovuz təxribatı kontekstində nəzərdən keçirilməlidir və çox böyük geosiyasi hadisədir.Ankara prosesə müdaxilə etməklə dünyanı inandıra bildi ki, həm regionun, həm də Türkiyənin Avroatlantik məkandakı müttəfiqlərinin Cənubi Qafqazdakı maraqlarına ciddi təhdid yaranıb.Bu təhdid yalnız Ermənistandan gəlmir.ABŞ da araşdıraraq belə qənaətə gəldi ki, Ermənistan Qərbin maraqlarına cavab verəcək böyük bir fəaliyyətin içərisindədir.Belə bir nəticə çox önəmlidir.Çünki bundan doğacaq nəticələr və ortaya çıxacaq sənədlər gələcəkdə Dağlıq Qarabağ probleminin həllində ciddi siyasi və hüquqi baza rolunu oynaya bilər.Bu isə Azərbaycanın mövqelərini gücləndirmiş olar.Əgər Ermənistan bundan ibrət dərsi götürməsə, yenə də havadarlarının dəstəyi təxribat törədərsə, o zaman ABŞ-ın dəstəyi ilə prosesi siyasi və hərbi cəhətdən irəli aparmaq mümkün olacaq.Elə bir şərait yaradılacaq ki, BMT-nin Baş Assambleyasında Ermənistanı işğalçı kimi tanıtmaq mümkün olacaq.ABŞ-ın və Qoşulmama Hərəkatının üzvlərinin dəstəyini də bura əlavə etsək, Azərbaycan 50+1 səs çoxluğunu qazanmaq imkanı əldə edəcək.Ondan sonra Azərbaycan BMT-nin razılığı ilə öz torpaqlarını işğaldan azad etmək imkanı qazanacaq. O halda, havadarları Ermənistana kömək edə bilməyəcək. Türkiyənin fəallaşmasını da bu xüsusda dəyərləndirmək lazımdır.Liviyada olduğu kimi, Cənubi Qafqazda da Türkiyə öz mövqeyini ortaya qoya bildi.Ərdoğanla Putin arasındakı telefon danışığının məzmunu da bu mövqedən başa düşülməlidir.Həmin məlumatda qeyd edilir ki, Cənubi Qafqazda vəziyyətin hərbi deyil, siyasi cəhətdən sabitliyə qovuşması və problemlərin həlli ilə bağlı iki ölkə prezidentiləri razılığa gəlib.

Bu o deməkdir ki, Putin Ərdoğanın iddialarını qəbul etmək məcburiyyətində qalıb. Çünki Rusiya hakimiyyəti Suriyada, Liviyada olduğu kimi Cənubi Qafqazda sabitliyi təkbaşına təmin edə bilmir.Bunu Tovuzdakı hərbi təxribat da göstərdi.Rusiyanın həmin təxribatda bir sıra nəticələri hesablaya bilməməsi uğursuzluğu kimi dəyərləndirilməlidir.Türkiyə də dərhal hərəkətə keçməklə bu boşluğu doldurdu və Rusiya həmin gerçəkliyi qəbul etmək məcburiyyətində qaldı.Türk qoşunlarının Azərbaycana gəlməsi və iki ölkənin birgə hərbi təlimlər keçirməsi qərarı da deyilənləri bir daha sübut edir.Hesab edirəm ki, Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlıq sazişini genişləndirərək hərbi müqaviləyə çevirməldir.Həmin sənədlə Türkiyə Silahlı Qüvvələri Azərbaycanın quru və hava məkanında rahat hərəkət edə bilsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
501 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...