"Neftçi" - "Qalatasaray": Matç bitdi, qardaşlıq qazandı

"Neftçi" - "Qalatasaray":

Bu oyunun afişası belə möhtəşəm idi: "Qalatasaray" "Neftçi"yə qarşı... Təəssüf ki, qarşılaşma koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirildi. Fanatların iştirakına icazə verilsəydi, 17 sentyabr axşamı Bakıda başqa atmosfer olacaqdı və hər iki ölkənin fanatları üçün unudulmaz gün gerçəkləşəcəkdi.

Bəlkə də tarixdə ilk dəfə iki qardaş ölkə komandalarının bir-birinə rəqib olmasına koronavirus vəsilə oldu. UEFA "Neftçi"nin üç mümkün potensial rəqibini açıqlayanda başa düşmək olurdu ki, Avropa futbol qurumu püşkdə klubların səfər məsələlərini nəzərə alır.

Püşkdən dərhal sonra hər iki tərəfdə sevinc gözə çarpdı, "Neftçi"nin sosial şəbəkədə qarşı tərəfə "Siz gözləyirik, "Qalatasaray" müraciəti, onların isə buna "AzərbayCANda görüşərik. Yaxşı oynayan qalib gəlsin" cavabı sadəcə başlanğıc idi.
"Neftçi" - "Qalatasaray":


Elə həmin gün Türkiyə futbolunun canlı əfsanəsi, "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin püşkə reaksiyasını gördük. İmperator "Neftçi" ilə düşdükləri üçün sevindiyini dilə gətirirdi. Təcrübəli baş məşqçinin "Neftçi" ilə rəqib olduq? Yaxşıdır. Heç olmasa, həmyerlilərimizi, can qardaşlarımızı tapdıq" sözləri hər iki ölkədə xoş qarşılandı.

"Neftçi"nin prezidenti Kamran Quliyev və İstanbul təmsilçisinin rəhbəri Mustafa Mustafa Cengiz də dostluq, qardaşlıq mesajları verdi.

"Qalatasaray" Bakıda da coşqu ilə qarşılandı, müvafiq qurumların, AFFA-nın və "Neftçi"nin azarkeşlərin toplaşması ilə bağlı bəyanatına baxmayaraq hava limanında yetərincə fanat var idi. "Qalatasaray"ın Bakıdakı azarkeşləri sevimli komandalarına sürpriz belə hazırlamışdı. Klubun rəsmi səhifələri azarkeşlərin bu sevincinə biganə qalmadı və qardaş ölkənin azarkeşlərinə təşəkkür etdi.

Azərbaycan tərəfinin "Qalatasaray" üçün etdiklərinə cavablar gecikmirdi. Türkiyə Futbol Federasiyası oyundan öncə AFFA-nın inzibati binasında Türkiyə bayrağı asıldığı üçün assosiasiyaya göstərdiyi qardaşlıq üçün təşəkkür mesajı yayımladı.
"Neftçi" - "Qalatasaray":


Oyundan bir gün əvvəl Fatih Terim mətbuat konfransında Bakıda olduğu üçün məmnunluğunu bildirdi: "Uzun illər sonra yenidən Bakıda olduğum üçün çox xoşbəxtəm. Açığı, püşkdə "Neftçi"nin adını görəndə çox sevindik. Azərbaycan bizim üçün sevgisindən şübhə etmədiyimiz ölkədir. Burada "Qalatasaray"a anormal dərəcədə maraq var. Sosial məsafəni isti məsafəyə döndərsək, daha sıx münasibətlərimiz qurulacaq. Azərbaycandakı "Qalatasaray"lıları sevindirmək, Bakıda gözəl günlər keçirmək istəyərik".

Terim hətta azərbaycanlı jurnalistə "Neftçi" və ya digər komanda ilə pandemiyadan sonra yoldaşlıq görüşünü də söz verdi. "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov da matçdan əvvəl açıqlamalarında qardaş ölkənin komandası ilə qarşılaşacaqlarını, buna baxmayaraq, meydana qələbə üçün çıxacaqlarını deyirdi.

Oyuna hazırlıqlar da yüksək səviyyədə davam edirdi. Dostluq, qardaşlıq mesajları matçın keçirildiyi Bakı Olimpiya Stadionu rəhbərliyinin də diqqətindən yayınmadı. Qarşılaşmadan əvvəl tribunada hər iki ölkənin və klubların bayraqları, Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, həmçinin hər iki ölkənin hazırkı prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sitatlarının yazıldığı pankartlar yerləşdirilmişdi.


Matç başlayanda da iki qardaş ölkənin komandalarının üz-üzə gəldiyi hiss olunurdu. İlk dəqiqələrdən meydanda kodubluq, aqressiya yox idi. Sonradan görüşün gedişində belə halların yaşanması normal idi, hər iki komanda yalnız qələbə istəyirdi.

Stadionun çöl hissəsi də Türkiyə və Azərbaycan bayraqlarına bürünmüşdü. Matç başlamamış Azərinin ifasında "Çırpınırdı Qara dəniz" mahnısı isə atmosferi daha da möhtəşəm etdi. Həmin an stadionda azarkeşlərin olmasını xəyal edərdin.

Hər iki ölkənin jurnalistləri dostluq, qardaşlıqla bağlı yazılar yazır və öz fikirlərini bildirirdilər. Türkiyənin tanınmış idman jurnalisti, A Spor kanalında çalışan Serkan Korkmaz matç başa çatandan sonra bu ifadələri bölüşüb: "Qalatasaray" qardaş Azərbaycanda çox möhtəşəm qarşılandı. İki ölkənin insanları bir-birilərinə ürəkdən bağlıdırlar. Komanda evdəki qədər rahat idi. Qarşılaşma azarkeşsiz oynanıldı, amma oyundan əvvəl və sonra yaşananlar, tribunadakı pankartlar görüşün avrokubokdan çox dostluq matçına bənzədiyini deməyə əsas verir".


Matçdan sonra da Fatih Terimin "Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq" ifadələri dostluq mesajının bir parçası idi.

Oyunun gedişində matçı şərh edən Gündüz Abbaszadəyə qarşı tənqidlər isə az da olsa, gündəmi dəyişdi. Abbaszadə matçda "Qardaş" sözünü çox işlətdiyi üçün sosial şəbəkələr ondan yazdı. Amma axı o, düşmənə qardaş deməyib axı. Nəzərə alaq ki, Azərbaycan və Türkiyə yalnız idman sahəsində bir-birinə rəqib olub. Bu xalqları birləşdirən "bir millət, iki dövlət şüarı var. Bu qarşılaşma təkcə "Qalatasaray" və "Neftçi" üçün yox, bütün türk dünyası üçün önəmli məna kəsb edirdi.

Yoxsa, Gündüz Abbaszadəni tənqid edənlər düşünürlər ki, şərhçi "Qalatasaray"ın qələbə qazanmasını istəyir? Halbuki onun qədər "Neftçi"nin qələbəsini istəyə bilməzlər. Ondansa oyuna köklənmək, "Neftçi"nin niyə istədiyimiz kimi oynamamasından, futbolçuların Füzuli Məmmədovun dediyi kimi, uşaq səhvləri etmələrindən yazmaq lazım idi".


Biz də istərdik ki, 1:3 hesabı ilə uduzmaq əvəzinə, eyni hesabla qələbə qazanaq. Qardaşlarımızın canı sağ olsun, Nə vaxtsa, İstanbulda da biz qələbə qazanarıq. İlk növbədə, buna inanmaq və məqsədə çatmaq üçün çalışmaq lazımdır.

Bir də axı, bu, olsa-olsa 68x105 metr ölçülü meydandakı qələbədir. Özü də bu meydanda komandaları bir-birilərindən ağ düz xətt ayırırdı. Daha böyük meydanlarda isə Azərbaycanla Türkiyə arasından nəinki o xətt, heç su belə keçə bilməz!

Bu oyunun Bakının işğaldan azal olunmasının 102-ci ildönümü günlərinə təsadüf etməsi isə sanki bu yaxınlığın, dostluğun, qardaşlığın daha da möhkəmlənməsinə xidmət edən hadisə oldu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...