Eldar Həsənov Bakıya niyə gəlmişdi?

Sabiq baş prokuror, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun Azərbaycana hər gəlişi az qala hadisəyə çevrilir. Bu günlərdə mətbuat diplomatın təcili olaraq Bakıya çağırıldığı barədə məlumat yaydı və bu gəlişin arxasında şok məsələlərin dayandığı barədə iddialar tirajlandı.
Bu çağırışın səbəbləri ilə bağlı yayılan şayiələrdə sabiq baş prokurorun seçkidən sonra hansısa yüksək vəzifəyə təyin ediləcəyi xəbəri ağırlıq təşkil etsə də, bununla bağlı İstiqlal.az-a olduqca fərqli və ilginc informasiyalar daxil olub. Saytın yaydığı məlumata görə, E.Həsənovun Bakıya qəfil gəlişi daha çox onun hazırda Vergilər Nazirliyində işləyən qardaşı Ələkbər Həsənovun fəaliyyəti ilə bağlıdır. Bildirilir ki, bugünlərdə həbs edilən Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi general Vidadi Məmmədovun dindirilməsi zamanı prokurorluq orqanları vergidən toplanan xəracların məbləği, bölüşdürülməsi və “qara kassa”dan hansı səbəblərlə gizlədilməsi ilə bağlı xeyli qiymətli informasiyalar əldə ediblər. “Bu informasiyalardan biri də prokurorluq orqanlarını xeyli sayda keçmiş vəzifəli şəxsi, o cümlədən sabiq rəhbərləri Eldar Həsənovu “ilişdirməyə” imkan verən səpkidə olub. Belə ki, general Vidadi Məmmədovun Vergilər Nazirliyində çox yaxın münasibətdə olduğu şəxslər siyahısında səfir Eldar Həsənovun Vergilər Nazirliyində mühüm post tutan qardaşı Ələkbər Həsənovun da adı çıxıb. Məlum olub ki, “Verginin yan keçdiyi obyektlər” siyahısında Ələkbər Həsənovun da himayəsində olan xeyli sayda restoran və ticarət obyektlər var. Hazırda həmin obyektlərin Eldar Həsənova, yoxsa başqa bir şəxsə aidliyinin olub-olmadığının dəqiqləşdirildiyi bildirilir. Barəsində kompromat saxlamağı sevməyən Eldar Həsənovun da məhz ona qarşı Bakıda hansısa qüvvələrin bu faktlardan yararlana biləcəyi ehtimalının nəzərə alaraq təcili Bakıya gəldiyi və bu məsələni öz nəzarətində çözməyə çalışdığı bildirilir” – deyə, saytın yaydığı xəbərdə deyilir.
Xatırladaq ki, əvvəllər Daxili İşlər Nazirliyinin Narkobiznes İdarəsində işləyən Ələkbər Həsənov məhz Eldar Həsənovun xahişi ilə polisdən çıxarılaraq, Vergilər Nazirliyinin Audit Departamentinə keçirilib.
Digər media qurumları isə E.Həsənovun Bakıya gəlişi ilə MTN-lə bağlı ciddi proseslərin baş verməsi arasında əlaqə axtarıb. Bildirilir ki, eyni vaxtda, Eldar Həsənovun Bakıya gəlişi diqqətdən kənarda qala bilməzdi. Xural.comun Eldar Həsənovun Bakıya çağrılması ilə bağlı yaydığı məlumata görə, sabiq baş prokuror xeyli müddət əvvəl Bakıya gəlib: “O, bir aydan çoxdur ki, Bakıdadır və bu müddətdə hətta vaxt tapıb Cavid Qurbanovun seçki təbliğatında da iştirak edib. Xural.com-a daxil olan məlumatlara görə, hətta Eldar Həsənov İsgəndər Həmidovla Cavid Qurbanovu barışdırmağa təşəbbüs göstərib və İsgəndər Həmidovdan Cavid Qurbanovun lehinə geri çəkilməsini, bu baş tutmasa da, heç olmasa, ona qarşı mülayim olmasını xahiş edib”.
Sayt Eldar Həsənovun ikinci məşhur soyadın çağırışı ilə ölkəyə qayıtdığını yazıb. “Yəni bu dəfə onun üzərində ciddi oyunlar qurulduğu bildirilir. Eldar Həsənovun yaxınlarda Milli Təhlükəsizlik naziri vəzifəsinə təyin olunacağı da verilən məlumatlar arasındadır. Ancaq “Azadlıq” qəzetinin də vurğuladığı kimi, Eldar Həsənov kimsəyə bənzəməz və məhz bu baxımdan, onun Milli Təhlükəsizlik Nazirliyi kimi önəmli bir quruma təyinat alması, ölkədə çox kəllələrin getməsinə səbəb ola bilər. Adını çəkilməsini istəməyən ekspertlərdən birinin bu haqda maraqlı fikirlərini aldıq: “Eldar Həsənovun təkcə Milli Təhlükəsizlik Nazirliyini deyil, hər hansı bir postu ələ keçirməsi, eynilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması effekti verər. Eldar Həsənov xüsusilə indiki zamanda o qədər qüdrətli fiqurdur ki, onun gücünü heç kimlə bərabərləşdirmək olmaz. Hazırda Azərbaycanda hakimiyyət, elə müxalifət komandalarında da onun kimi odioz fiqura rast gəlmək mümkün deyil. Bütün klanlarda adamı, bütün regionlarda nüfuzu olan ikinci belə bir siyasət adamı hazırda ölkədə bircə Eldar Həsənovdur. O baxımdan, onun Milli Təhlükəsizlik naziri kimi önəmli bir posta təyin olunması, indidən hakimiyyətin bölüşdürülməsi anlamına gəlir ki, İlham Əliyev əsla və əsla buna getməz.”
Məsələ ilə bağlı XİN-in mövqeyini öyrənmək mümkün olmadı. Nazirliyin mətbuat xidmətindən deyildi ki, onlar mediada yazılanları şərh etmir.
E.Həsənovun qardaşı ilə bağlı Vürgilər Nazirliyindən də hansısa məlumat almaq mümkün olmadı. Adı hallandırılan sabiq daxili işlər naziri İsgəndər Həmidov isə “Yeni Müsavat”a açıqlamasında yazılanları təkzib etdi: “Mən heç Eldar Həsənovun üzün görməmişəm. Onun Bakıya gəlişindən də yalnız mətbuatdan xəbər tutmuşam. Onu da deyim ki, mən Cavid Qurbanovla küsülü deyiləm, ancaq onunla da 22 ildir görüşmürəm. Yeri gəlmişkən, qəzetiniz vasitəsilə parlament seçkilərində mənə səs verən və verməyən bütün kəlbəcərlilərə təşəkkür edirəm. Mənə səs verənlərə isə onu deyirəm ki, siz əsil kəlbəcərlisiniz”. İ.Həmidov E.Həsənovun hansısa posta təyin olunub-olunmayacağı barədə məlumatsız olduğunu da vurğuladı.
Adının çəkilməsini istəməyən mənbəmiz isə bildirdi ki, E.Həsənovun Azərbaycana gəlişi rəsmi xarakter daşıyıb: “Monteneqronun baş naziri Bakıya səfərə gəlmişdi. Səfir də Monteneqroda akkreditə olunduğundan baş naziri müşayiət edib”.
1185 dəfə oxundu