Vətən Savaşında 5 medal alan QƏHRƏMAN

Vətən Savaşında 5 medal alan
Yastığımız Vətən daşı,
Yorğanımız qar olsun.
Biz bu yoldan dönər olsaq,
Namus bizə ar olsun!...


27 sentyabr 2020-ci il... Torpaqlarımızın azadlığı uğrunda Vətən Müharibəsi başlayanda düşmənlə mübarizəyə qoşulan qəhrəman oğullarımız məhz bu amalla tarixi yola çıxdılar. Yastığı Vətən daşı, yorğanı qardan olan, düşmənin heç bir həmləsindən çəkinməyən igidlərin sayəsində azadlığına qovuşdu Vətən torpağı. Onlar Vətən savaşını haqq savaşı bilərək mərdliklə, şücayətlə döyüşdülər və 44 gün ərzində əsrlərlə bərabər bir tarix yazdılar. Azərbaycanın Zəfər qələbəsində payı olan, Qarabağ uğrunda gedən döyüşlərdə xüsusi mərdlik göstərən əsgərlərdən biri də Emil Sakitoğludur. Ordu sıralarından yenicə tərxis olunan Emil döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanmasındakı xidmətlərinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə dövlət başçısı tərəfindən "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medallarına layiq görülüb.

Qeyd edək ki, Emil Sakitoğlu 2000-ci ildə Zərdab rayonunun Şıxbağı kəndində zəhmətkeş ailədə anadan olub. Ailənin ortancıl övladı olan Emil 2017-ci ildə Şıxbağı kənd tam orta məktəbini bitirərək hərbi xidmətə yollanıb. Naxçıvanda “N” saylı hərbi hissədə hərbi xidmət keçib. Məktəbdə oxuduğu illərdə alpaqut döyüş sənəti ilə məşğul olub və bu idman növünün 65 kq çəki dərəcəsi üzrə Dünya çempionatında bürünc, Azərbaycan çempionatında 1 qızıl, 1 gümüş, 1 bürünc, Bakı çempionatında 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.
Vətən Savaşında 5 medal alan

Emil Vətən müharibəsinin könüllü iştirakçılarındandır. O, ötən ilin iyulunda ermənilərin Tovuz istiqamətində törətdiyi təxribat zamanı könüllü olaraq ordu sıralarına yazılır. Döyüşlərin başlamasından, təxminən, 6 gün əvvəl, sentyabrın 21-də onu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinə çağırırlar. Onun sözlərinə görə, elə həmin gün də Səfərbərlik Xidməti tərəfindən digər könüllülərlə bərabər təlim düşərgəsinə yola salınırlar. İkigünlük təlimdən sonra Ağcabədidəki “N” saylı hərbi hissəyə yerləşdirilirlər. Senytabrın 25-də isə Ağdama aparılır və beləcə, Emilin Ağdamdan Şuşaya qədər uzanan döyüş yolu başlayır: “Orduya könüllü yazılmışdım. Xidmətə gedəndə nə medal, nə pul, heç nə fikirləşmirdim. Dövlətdən heç bir umacağım yox idi. Ötən ilin İyul hadisələrində gənclərin çoxu kimi mən də Səfərbərlik Xidmətinə gedib könüllü olaraq orduya yazıldım. Evdə də bu barədə heç kimə bildirmədim. Səfərbərlik Xidmətində də öz nömrəmi qoymuşdum. Fikrim müharibə baş verərsə müharibədə iştirak etmək idi. Əsas məqsədim də o idi ki, torpaqlarımızın azad olumasında, şəhidlərimizin qanının yerdə qalmamasında mənim də payım olsun.

Goranda təlim keçdikdən sonra bizi Ağcabədiyə aparmışdılar. Həmin vaxt cəbhədə sakitçilik idi. Oradan da sentyabrın 25-də Ağdama apardılar və müdafiə xəttində dayandıq. 27-si isə səhər saatlarında bizə əks hücum əmri verildi. Cəbhənin bütün istiqamətlərində erməni təxribatlarıına qarşı əks hücüm əməliyyatı başlamışdı. Düzdür, ilk günlərdən top, mərmi səsi, yaralı əsgərləri görmək hər kəsə qəribə gəlirdi, ancaq qısa vaxtdan sonra bunlar adiləşdi. Hər kəs torpağı üçün canından keçməyə hazır idi. İnsan az da olsa həyəcan hissi yaşayır, amma buna baxmayaraq qürur hissi keçirirsən. İllərdir arzusunda olduğumuz torpaqlara qovuşmaq artıq xəyal deyildi. Tam səmimi deyirəm, bizə “atəş” əmri veriləndə sevincimizin həddi-hüdudu yox idi, döyüşlərə çox böyük ruh yüksəkliyi ilə gülə-gülə atılırdıq. Fəxr edir, qürur hissi keçirirəm ki, düşmənə qarşı savaşanlar arasında mən də var idim”.

Onun sözlərinə görə, müharibə zamanı heç kəs öz canını, geriyə dönməyi düşünmür, yalnız bir amal üçün vuruşur o da Vətəndir: “Biz gerini fikirləşmirdik, hədəfimiz ancaq irəli getmək idi. Məqsədimiz işğal altındakı torpaqlamızın hər qarışını geri qaytarmaq idi, bir dəfə də olsun Ordumuz azad etdiyi hansısa mövqedən geri çəkilmədi. Biz müharibə müddətində düşmənə öz gücümüzü göstərdik, əsgər yoldaşlarımızın, şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına, şücaəti, qəhrəmanlığı hesabına son ana qədər vuruşduq, torpaqlarımızın azad edilməsinə nail olduq”.

Emil deyir ki, döyüşlər zamanı yeganə çətinlik, bütün əlverişli mövqelərin düşməndə olması idi: "Əks-hücum əməliyyatları zamanı Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq, şücaət göstərərək o yüksəkliklərdə mövqe tutan düşməni geriyə çəkilməyə məcbur etdi. Bütün çətinliklərə sinə gərərək düşmənin müdafiə xəttini yarıb sürətlə irəliləyirdik. Ardıcıllıqla işğaldan azad etdiyimiz ərazilərdə postlar qurur, onun mühafizəsini təşkil edir, əlavə şəxsi heyət cəlb edildikdən sonra yenə də irəliyə gedirdik. Hərbçi yoldaşlarımın yalnız bir amalı var idi, torpaqlarımızın hamısını ermənilərdən təmizləmək. Hər kəs yalnız bunu düşünürdü. Yanımızda hərbçi yoldaşlarımızın şəhid olması, yaralanması nə qədər ağır olsa da, bizim gözümüzü qorxutmur, əksinə, düşmənə olan qəzəbimizi daha da artırırdı. Şəhidlərimizin, yaralılarımızın qanını beşqat alırdıq. Cəbrayılda, Xocavənddə, Zəngilanda, Şuşada əla döyüşlərimiz oldu. Mən “həmlə” qrupunda idim, əsas vəzifəm baş kəşfiyyatçı idi. Bununla yanaşı, top heyətinə də kömək edirdim, topa mərmilərin vaxtında çatdılmasını təmin edirdim. Ən çətin döyüşümüz Şuşa istiqamətində idi ki, çox şəhidlərimiz orada oldu. Biz Şuşaya ermənilərin gözləmədiyi istiqamətdən hücuma keçmişdik. Şuşa elə bir yerdə yerləşir ki, oranı itkisiz almaq qeyri-mümkün idi. Şuşaya hücum zamanı ermənilər Azərbaycan Ordusunun gücünü, cəsarətini bir daha gördülər. Biz Şuşa istiqamətində kiçik qruplar şəklində hərəkət edirdik ki, düşmən şübhələnməsin. Ən xırda səhv nəzərdə tutulan Şuşa əməliyyatını poza bilərdi. Ona görə də əməliyyata cəlb olunan hər bir hərbiçi işinin məsuliyyətini dərk edirdi. Komandanlıqdan verilən tapşırıqları dəqiqliklə yerinə yetirməyə çalışırdıq ki, əməliyyat pozulmasın. Ermənilərin nəzarətində olan Şuşa yoluna toplarımızı elə yerləşdirmişdik ki, ermənilər bundan xəbər tuta bilməmişdilər. Bizim qrupun vəzifəsi də Şuşa yaxınlığına yerləşdirdiyimiz topları və digər silah-sursatı qorumaq idi. Ermənilərin şübhələnməməsi üçün ərazidə kiçik qruplar şəklində keşik çəkirdik.Yalnız Şuşa istiqamətində döyüşlər şiddətlənəndən sonra ermənilər bizim topların bir addımlıqlarında olduğunu başa düşdülər. O zaman isə artıq gec idi. Döyüş üstünlüyü bizdə idi”.

İşğal olunmuş ərazilərdə doğulmayan, oraları ömründə bir dəfə də olsa görməyən E.Sakitoğlu azad olunan ərazilərdə keçirdiyi hislərdən də söhbət açıb: "Düzü, o torpaqları heç vaxt görməmişdim. Bu münaqişənin yaşı mənim yaşımdan 10 yaş böyük idi. Bunun heç bir fərqi yox idi. Azərbaycanlı idim və Vətənimin ərazi bütövlüyünün pozulması bir gənc kimi məni də narahat edirdi. Məhz bu amal idi bizi döyüşlərə cəlb edən, ölümü heçə sayan. Özümüzə sığışdıra bilməzdik ki, arxa cəbhədə qalaq, döyüşlərdə iştirak etməyək. Bu, bir tarix idi. Biz bu tarixin iştirakçısı olduq. Sevinirəm ki, Zəfər tariximizin yazılmasında zərrə qədər də olsa mənim də payım var. Bu, mənim üçün böyük fəxrdir. Azad etdiyimiz torpaqlarda olarkən keçirdiyimiz fərəh hissini isə sözlə ifadə etmək olduqca çətindir. Onu ancaq yaşamaq gərəkdir”.

Haşiyə

Emilin dayısı Elçin Hacıyev, yaxın qohumu Vidadi Əhmədov Birinci Qarabağ müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olublar. Yolunda can verdikləri Vətən torpağını azadlığına qovuşduran igid oğulların sayəsində indi onların da ruhu şaddır!

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
84 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...