Çökməkdə olan Şərq Bazarından REPORTAJ
Şəhərin mərkəzindəki biznes obyektləri sıradan çıxır
“10 ildir bu bazarda çalışıram. Əvvəllər burada alıcı əlindən tərpənmək olmazdı. Amma indi nə gələn var, nə də ki, gedən. Boş-boşuna otururuq ki, bəlkə gün ərzində 5 manatlıq da olsa nəsə sata bildik. Elə gün olur ki, bir qəpik də qazancımız olmur...”
Bu sözləri 10 ildir ki, Şərq bazarında ticarətlə məşğul olan Səidə Əliyeva deyir. Müşahidələrimiz zamanı da gördük ki, satıcının dediklərində gerçəklik var. Şəhərin mərkəzi hissəsində, Nərimanov rayonu ərazisində yerləşən “Şərq bazarı” doğrudan da müştəri üzünə həsrət qalıb. Bazara daxil olanda sanki səssiz bir məkana gəlirsən.
Satıcılardan kimiləri mürgüləyir, kimisi isə müştəri görüb böyük bir həvəslə öz mallarını təqdim edir. Satıcılar müştərini görəndə o dərəcədə sevinirlər. Bu da başa düşüləndir. Müştəri axtardığı nəyisə tapmayanda satıcı gedib bütün Şərq bazarını ələk-vələk edir və müştərinin istədiyi malı tapıb gətirir. Amma qiymətindən 1 manat baha satır...
Satıcılarla söhbətdə insanların niyə bu bazara maraq göstərməməsi ilə maraqlandıq? Bəlkə buna səbəb bahalıqdır?
Geyim mağazasının satıcısı Elçin Məmmədov alıcı azlığının səbəbini yeni açılan ticarət mərkəzləri ilə əlaqələndirdi: “Bir zamanlar burada alıcılar əlindən iynə atsan yerə düşməzdi. Amma indi heç kim yoxdu. Bir çox satıcılar alverləri olmadığı üçün yer pulunu verə bilmədilər. Ona görə də yerlərini təhvil verib çıxıb getdilər. Qalan elə bizlərik. Belə getsə 2-3 ilə ”Şərq bazarı" adlı bir bazar olmayacaq artıq. Burada mağazaların yerləşmə yerindən və ölçüsündən asılı olaraq icarə haqqı 250-300 manat, açıq yerlərin isə icarə haqqı 150 manatdan başlayır".
Söhbətə qatılan digər satıcı 150 manat icarə haqqı ilə qurtarmadıqlarını, sosial və vergi ödənişləri ilə birlikdə ümumi olaraq hər ay 200-250 manat pul verdiklərini dedi: “Bazarın içərisindəki mağazalarda fəaliyyət göstərənlərdə bu məbləğ daha çoxdur. Elə gün olur ki, heç 10 manatlıq alverimiz olmur. Bəzən icarə haqqını çıxara bilmirik. Öz cibimizdən qoyuruq. Amma neyləyək, başqa hara gedək ki?! Bizim bazarımızı yeni açılan ticarət mərkəzləri bir də bu istiqamətə avtobusların az olmaması səbəbindən ölüb. 11 nömrəli avtobusla kim ”vasmoy bazarı"nı qoyub bura gələr ki? Hər alıcının öz daimi müştərisi var ki, ancaq onlar bura gəlib gedir".
Bazarda rastlaşdığımız bir neçə alıcı buranın daimi müştərisi olduğunu deyirdilər. Alıcı Afət Əliyeva “Şərq bazarı”na övladı üçün məktəbli qalstuku almaq üçün gəldiyini deyirdi: “Evim bura yaxın olduğu üçün lazım olan bəzi şeyləri Şərq bazarından alıram. Amma ümumi götürdükdə digər geyim əşyalarını başqa ticarət mərkəzlərindən alıram. Çünki orada çeşid çoxdur”.
Digər alıcı Səmra İbrahimova isə bazarda qabların çeşidlərinin bol olduğunu və lazım olan əşyaları buradan aldığını dedi: “Burada dərzi və gündəlik lazım olan bəzi şeyləri alıram. Alıcıların az olma səbəbi isə məncə mal çeşidinin azlığı və bahalıqdır”.
Satıcıların digər alış-veriş mərkəzlərinin açılmasının onların bazarını öldürdüyünü deyirlər.
Ancaq digər bir sıra ticarət mərkəzlərinin də durumu ürək açan deyil. Belə ki, “28 may” ticarət mərkəzinin satıcıları da gömrükdən narazıdırlar: “Həmişə 150 ton ayaqqabı gətirirdik. Heç tərəzidə çəkmirdilər. Əslində 100 tondan artıq gətirmək olmaz. Amma biz neçə illərdir həmişə 150 ton gətirmişik. Çox rahatlıqla da bizi gömrükdən keçiriblər. Amma bu dəfə ayaqqabıları çəkib gördülər ki, 150 tondur. Mallarımızı gömrükdə saxlamaqla yanaşı özümüzü də bir milyon cərimələdilər. Ona görə də yeni model ayaqqabılar yoxdur və ya azdır”.
Digər geyim mağazalarında da geyim qıtlığı yaşanırdı. Daha doğrusu, yeni sezon paltarların heç biri satışa çıxarılmamışdı. Alıcı qabiliyyəti aşağı olduğu üçün icarə haqqını verə bilməyən bir sıra mağaza sahibləri isə mağazalarını bağlamışdılar.
604 dəfə oxundu