YAP niyə tez-tələsik qurultay keçirir? - GÜNDƏM

 YAP niyə tez-tələsik qurultay keçirir? -

Martın-2-də açıqlanan koronavirus statistikasına görə, virusa yoluxanların sayı 350 nəfəri ötüb. Buna baxmayaraq, ölkə siyasətində əsas mövzulardan biri Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçiriləcəyi gözlənilən növbədənkənar qurultayıdır. Partiyadan bu informasiya təsdiqlənsə də, əlavə heç bir açıqlama verilməyib. Mətbuata danışan YAP deputatları da qurultay hazırlığından xəbərsiz olduqlarını deyiblər.

Ənənəvi qaydaya görə, siyasi partiyaların ali orqanında əvvəlcə qurultayın keçirilməsi ilə bağlı qərar qəbul olunur, sonra hazırlıq üzrə təşkilat komitəsi yaradılır. Bu komitə partiyanın ərazi təşkilatlarında konfranslar keçirir (həmin konfranslarda qurultaya nümayəndələr seçilir), habelə qəbul olunacaq qərarları, sənədləri hazırlayır. Hakim partiyanın deputatlarının dediklərindən məlum olur ki, YAP-da bu işlərin heç biri görülməyib. Amma partiya martın 5-də qurultayını keçirəcək, artıq tədbirdə iştirak edəcək şəxsləri mərkəzi qərərgaha dəvət edib, koronavirus testindən keçiriblər. Yəni tədbir online formatda yox, fiziki iştirak formatında olacaq.

Maraqlıdır, pandemiya rejiminin qüvvədə olduğu bir vaxtda YAP-ı hazırlıqsız, tez-tələsik, yarımməxfi qurultay keçirməyə vadar edən edən nədir? Partiyada hansı dəyişikliklər ola bilər və bu addımlar nəyə hesablanıb?

Şübhəsiz ki, YAP-da ciddi dəyişiklikləri vacib edən əsas səbəb son illər hakimiyyət daxilində aparılan kadr və struktur islahatlarıdır. Hakim partiyada təsir imkanlarına malik, təşkilatın ali orqanlarında təmsil olunan yüksək vəzifəli dövlət rəsmilərinin əksəriyyəti ya işdən çıxarılıb, yaxud öz əvvəlki rollarını itiriblər. Onların bəzilərinin adları korrupsiya və s. natəmiz əməllərdə hallanıb, aralarında həbsxana həyatı yaşayanlar da var. Amma bu şəxslər partiyanın icraçı və seçkili orqanlarında qalırlar. Aydındır ki, qurultayda onlar YAP rəhbərliyindən uzaqlaşdırılacaq. Hakimiyyətdaxili dəyişikliklərdə yenidən etimad göstərilməyən şəxslərin hakim partiyanın idarəçiliyində qalması məntiqsiz və lazımsızdır. Görünür, YAP-ın sədri olan ölkə prezidenti partiyanı ümumi siyasi xəttə uyğunlaşdırmaq üçün belə dəyişikliyə ehtiyac duyub.

Digər tərəfdən, siyasi idarəçilikdən uzaqlaşdırılan keçmiş məmurların bəziləri hakimiyyətin işini sabotaj etməkdə günahlandırılır. Bəzən bu ittihamlar təhqir, aşağılama həddinə qədər gedir. Buna misal kimi AMEA prezidenti Ramiz Mehdiyevin parlament rəhbərliyi və bəzi deputatlar tərəfindən sərt şəkildə tənqid olunmasını göstərmək olar. Mehdiyev də həmin şəxsləri nankor adlandıraraq məhkəmə ilə hədələmişdi. Ehtimal etmək olar ki, bəzi keçmiş və indiki məmurların hakim partiyaya təsir imkanlarını aradan qaldırmaq üçün YAP-ın vitrini tamamilə yenilənəcək, nisbətən gənc partiya üzvləri irəli çəkiləcək.

YAP-da regional meyarla təmsilçilik də hakimiyyətin hazırki siyasi xətti ilə uyğunsuzluq təşkil edir. Ötən prezident seçkilərindən bəri hakim komandada bütün regionlardan kadrlar təmsil olunsa da, YAP-da vəziyyət belə deyil. Partiya qurulduqdan bəri rəhbərlikdəki şəxslərin mütləq əksəriyyəti Naxçıvan və Qərbi Azərbaycan regionlarından olanlardır ki, bu da YAP-ın regionçu partiya imicini yaradır, ictimai etimadsızlığa səbəb olur. Ötən il keçirilən parlament seçkilərində vahid siyahının hazırlanmasının yubanması məhz bu qruplaşmalar arasında ziddiyyətlərlə əlaqələndirilirdi. Habelə, digərləri bu qruplaşmaları partiya strukturlarında monopoliya yaratmaqda ittiham edirlər. Ehtimal etmək olar ki, əsas hədəflərdən biri bu monopoliyanı dağıtmaq, hakimiyyətdəki proporsiyanı orada da təbiq etmək, ölkədə tanınan şəxsləri YAP rəhbərliyinə irəli çəkməkdir. Bu mənada parlamentdə təmsil olunan bitərəf deputatların, habelə kənardan bəzi fəal gənclərin hakim partiya sıralarına qoşulması gözləniləndir.

Maraqlıdır, uzun illərdir ölkədə monoton inzibati idarəçiliyə üstünlük verən hakimiyyət YAP-ı dəyişməklə bərabər, ölkədə siyasi rəqabətin önünü də açacaqmı? Əlbəttə, buna çox ciddi ehtiyac var, çünki digər sahələrdə müəyyən yenilik, inkişaf baş versə də, siyasi inkişaf ibtidai səviyyədə qalıb. Partiya institutu, vətəndaş cəmiyyəti, media olduqca zəifdir, xüsusən idarəçilikdə parlamentin rolunun zəiflədilməsi siyasi təkamülə ciddi zərbə vurub. Bir sözlə, demokratik institutlar işləmir. Hakimiyyət əlindəki güclü maliyyə və inzibati imkanlardan istifadə edərək situasiyaya total nəzarət edir. Amma yuxarılar üçün komfort kimi görünən mövcud durum daimi olmaya bilər, üstəlik, bunun ölkəyə hər hansı faydası da yoxdur. Hakimiyyətin güclü, nüfuzlu siyasi partiyaya, orada yetişəcək kadrlara ehtiyacı var. Çünki bu, iqtidara ictimai dəstəyi təmin edən əsas faktor olmaqla yanaşı, geosiyasi kataklizmlərdən sığortalanmaq üçün də yaxşı imkandır.

Məsələn, Ermənistan nümunəsində bu reallıq çılpaq şəkildə özünü göstərdi. Rusiya kimi fövqəldövlətin müxtəlif vasitələrlə, hətta hərbi qiyamla hakimiyyətdən salmağa çalışdığı Paşinyan məhz çevik, güclü, nüfuzlu siyasi bloku sayəsində situasiyanı öz xeyrinə dəyişə bildi. Hazırkı YAP Azərbaycan iqtidarına bu cür dəstək vermək imkanında deyil. Hakim partiya ən zəif rəqabət imkanlarının olduğu şəraitdə belə siyasi səhnədə ənənəvi yerini qoruyub saxlamaqda çətinlik çəkir. Şübhəsiz ki, bu, həm də hakimiyyətin zəif nöqtəsidir.

Görünür, tələsik qurultay keçirməklə YAP-ı demontaj edərək effektli siyasi təşkilata çevirmək qarşıya əsas məqsədlərdən biri kimi qoyulub. Əlbəttə, bu hədəfə nail olmaq üçün ölkədə siyasi azadlıqların önünü də açmaq lazımdır, inzibati yollarla güclənmək, nüfuz əldə etmək mümkün deyil. Əgər hakimiyyət özünü bu hədəfə çatmış hesab etsə, ölkədə referendumla parlament üsul-idarəsinə, yaxud yarı parlament, yarı prezident sisteminə keçid barədə qərar verə bilər. Bu sistemdə isə hakimiyyətin əsas dayağı nüfuzlu siyasi partiyadır. //PRESSKLUB.AZ//

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
409 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...