Lola prezident olmaq istəmədi – Daşkənddə orduya hazırlıq əmri verildi

Lola prezident olmaq istəmədi –


Özbəkistan prezidentinin kiçik qızı Lola Kərimova-Tillyayeva özünün İnstagram səhifəsində prezident postuna iddia etmədiyinə dair bəyanat yerləşdirib.

Virtualaz.org saytı Orta Asiya KİV-lərinə istinadən xəbər verir ki, Lola bəyanatında bildirir: “Həyatımda mənim qarşıma kifayət qədər böyük vəzifələr qoyulub. Mən bu vəzifələri aydın görürəm, ancaq onların arasında hakimiyyətə nail olmaq yoxdur. Mən həyatımı dəyişdirmək – dövlət orqanlarında işləmək, dövlət xadimi olmaq istəmirəm”. Lola Kərimovanın prezident olacağına dair məlumatı bu yaxınlarda mühacirətdəki özbək politoloqu Usman Haqnazarov yaymışdı. Onun məlumatına görə, prezident İslam Kərimov yaxın ətrafını toplayaraq özündən sonra hakimiyyətə Lolanın rəhbərlik edəcəyini, onun hakimiyyətdəki bütün qrupları qane edən namizəd olduğunu bildirib. Lola Kərimova isə bu məlumata indi reaksiya verir.

Özbəkistan prezidentinin böyük qızı Gülnarə hazırda ev dustağıdır, bir vaxtlar atasının varisi hesab olunsa da hazırda gözdən düşüb. Biznesi əlindən alınıb, adamları həbs olunub. Bu arada Daşkənddə qəribə hadisələrin baş verdiyinə dair xəbərlər yayılır. “Azadlıq” radiosunun özbək xidməti bildirir ki, Özbəkistan Müdafiə Nazirliyinin Daşkənd qarnizonunun qoşunları kazarma vəziyyətinə gətirilib. Hərbçiləri və milisi Milli Təhlükəsizlik Xidmətinin zabitləri güclü nəzarətə götürüblər. Şəxsi heyətə mobil telefonlardan istifadə qadağan edilib. Xüsusi hazırlıq vəziyyətinin elan edilməsinin səbəbləri açıqlanmır. Habelə prezidenti qoruyan Milli Qvardiyanın qərargahının yaxınlığında hərbi geyimli çoxlu adamlar gözə dəyir. Özbəkistan hökumətində işləyən mənbə “hansısa ciddi təhlükəsizlik riskinin yarandığını” bildirib.

Zabitlərə bunun Fərqanə vadisində radikal islamçıların fəallaşması ilə əlaqəli olduğunu deyiblər, ancaq nəsə daha ciddi hadisə baş verdiyi və hakimiyyətin bunu gizlətdiyi haqda söz-söhbətlər dolaşır. Milli Qvardiya da döyüş hazırlığı vəziyyətinə gətirilib. Yol-patrul polisinin binası da xüsusi xidmət əməkdaşlarının nəzarətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...