Müharibə astanasında: Rusiya diplomatlarını təxliyə edir

Müharibə astanasında:


Rusiyanın Ukraynaya yaxın günlərdə başlayacağı gözlənilən irimiqyaslı hərbi intervensiyası ərəfəsində Moskva bu ölkədəki diplomatlarını evakuasiya edir.

virtualaz.org xəbər verir ki, Ukraynadakı iki ABŞ konsulluğunun əməkdaşlarına təxliyəyə hazırlaşmaq tapşırılıb. Bu haqda “New York Times” Ukrayna təhlükəsizlik xidmətinin yüksək vəzifəli əməkdaşına istinadən bildirir.

Məmurun sözlərinə görə, yanvarın 5-də ölkəni 18 nəfər tərk edib, onlar əsasən rusiyalı diplomatların ailə üzvləridir. Yaxın günlərdə isə Rusiyanın Kiyev və Lvovdakı konsulluqlarının əməkdaşları təxliyə ediləcək. Bildirilir ki, ABŞ Rusiya diplomatlarının Ukraynadan təxliyə ediləcəklərini əvvəlcədən bilirdi.

“Bizdə məlumat var ki, Rusiya hökuməti Ukraynadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarını və onların ailə üzvlərini təxliyə etmək planını dekabrın sonlarında və yanvarın əvvəllərində hazırlayıb”, - amerikalı məmur bildirib.

Rusiyanın öz diplomatlarını Ukraynadan təxliyə etməsi Kremlin bu ölkəyə hücuma hazırlaşdığını təsdiq edən daha bir əlamətdir.

Digər xəbərə görə Kanada öz xüsusi təyinatlılarını Ukraynaya göndərib və məqsəd həm Kanada diplomatlarının təxliyəsinə dəstək vermək, həm gözlənilən Rusiya təcavüzü qarşısında Ukraynaya dəstək ifadə etməkdir. Bu haqda “Global News” telekanalı bildirir.

Ukrayna mənbələri isə xəbər verir ki, ötən sutka ərzində bu ölkəyə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin iki C-17 nəqliyyat təyyarəsi enib. Təyyarələrin yüklərinin nədən ibarət olduğu məlum deyil. Amma Rusiya mənbələri iddia edir ki, Böyük Britaniya gizli şəkildə Ukraynaya “Brimstone” raketlərini çatdıra bilərdi. Bu raketlərin alınmasına dair ilkin anlaşma daha əvvəl əldə edilmişdi. “Brimstone” Rusiyanın zenit-raket komplekslərini və radarlarını sıradan çıxarmaq üçün effektiv silahdır.

Rusiya qoşunlarının Ukrayna sərhədlərinə cəmləşdirilməsi isə ara vermədən davam edir. Hər gün sosial şəbəkələrdə sərhədə doğru hərəkət edən dəmir yol eşalonlarının yeni görüntüləri yayılır. Sosial şəbəkələrdə yayılan videolarda Rusiya əsgərləri günlərdir plaskart vaqonlarda yol getdiklərini, hələ bir neçə gün də getməli olduqlarını deyirlər. Onlar Rusiyanın Uzaq Şərqdəki hərbi hissələrinin şəxsi heyətidir. Sərhədə yaxın cəmləşmə rayonlarına çatanlar isə çadır düşərgələrdə yerləşdirilirlər, bu cəmləşmə rayonlarında səhra hospitalları da qurulub.

Qərb analitikləri Ukraynaya gözlənilən hücumun istiqamətlərindən birinin də Belarus olduğunu qeyd edirlər. Hansı ki, son günlər Rusiya ordusunun Belarus ərazisinə də cəmləşdirilməsi müşahidə olunmaqdadır. Belarus vətəndaşları Rusiya hərbi texnikasının nəhəng kalonlarla ölkə ərazisinə daxil olduğunun şahidi olurlar. Hərbi texnikanın Ukraynaya yaxın Qomel vilayəti ətrafında, habelə Minsk yaxınlığında cəmləşdirildiyi bildirilir. “Motolko-help” adlı telegram-kanalda Belarusa cəmləşdirilən Rusiya hərbi texnikasının görüntüləri yayılıb. Tanınma nömrələrinə əsasən bunlar Krasnodar və Orenburq vilayətlərində yerləşən hərbi hissələrin texnikasıdır. Onların arasında “Uraqan” reaktiv yaylım atəşi sistemləri də yer alır.

virtualaz.org

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
154 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...