Vəziyyət dəyişir: Türkiyə böyük riskə gedir

Vəziyyət dəyişir:


Türkiyənin Suriya proseslərinə birbaşa müdaxiləsi regiondakı qüvvələr nisbətinin dəyişdiyini göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Türkiyənin Suriyadaxili proseslərdə fəallığı digər oyunçuları Ankaranın mövqeyi ilə hesablaşmağa məcbur edir:

“Suriyanın timsalında Yaxın Şərqdə vəziyyət dəyişilir, eyni zamanda da mürəkkəbləşir. Suriya müharibəsində iştirak edən qüvvələr arasında müxalifətçilər, Suriya ordusu, İŞİD, kürdlər və Türkiyə artıq tərəf kimi iştirak edirlər. Bu, onu deməyə əsas verir ki, konfliktdən sonra Suriyanın taleyində Türkiyənin böyük rolu olacaq. Ankara hətta öz tələblərini irəli sürmək haqqına sahib olacaq. Türkiyə istəyir ki, Suriyada keçid hökuməti yaransın və hakimiyyətdə Türkiyəyə dəstək olan qüvvələr yer alsınlar. Bu, Ankaranın birinci və əsas məqsədidir”.

Politoloq hesab edir ki, təhlükəsizlik zolağının yaradılması Türkiyənin kürd separatçılarına qarşı mübarizədəki effektliliyini artıracaq:

“Türkiyə Suriyada PKK-nın dayaq bazalarını yox etmək istəyir. PKK hazırda PYD tərəfindən dəstəklənir. Bu isə növbəti mərhələdə PYD və Türkiyənin birbaşa toqquşması deməkdir. Türkiyə PYD-ni tamamilə neytrallaşdırmağa çalışacaq. O ki qaldı digər oyunçulara, onlar hələ ki, Suriya prosesini seyr edirlər. Çox güman ki, ABŞ, Rusiya və İran öz maraqlarını ortalığa qoyacaq. Hətta Səudiyyə, Qətər də müəyyən mərhələdən sonra öz sözlərini deyəcəklər. Nəticədə Suriyadaxili proseslərdə rəqabət artacaq ki, bu da böhranın tənzimlənməsi üçün yeni üfüqlərdən xəbər verir”.

Qeyd edək ki, Türkiyə və Azad Suriya Ordusunun (ASO) Suriyada birgə uğurlu hərbi əməliyyatları davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...