Avropa Birliyinin Ərdoğan şərtinin pərdəarxası

Avropa Birliyinin Ərdoğan şərtinin pərdəarxası


Politoloqlar hesab edirlər ki, Avropa Birliyi növbəti bəhanəsini Ərdoğanın adı altında gizlədir...

Avropa Birliyi Türkiyənin bu quruma üzv ola biləcəyi ilə bağlı növbəti şərtini açıqlayıb. Belə ki, Türkiyə mediasının məlumatına görə, Almaniyanın “Bild” qəzetinə müsahibə verən birliyin komissarı Günter Ottinger rəsmi Ankaranın yalnız Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti bitdikdən sonra Avropa Birliyinə üzv olmağa ümid edə biləcəyini deyib.

Jurnalistin Ottingerin 2013-cü ildə dediyi “Avropa Birliyi Türkiyəyə üzvlük üçün yalvaracaq” sözlərini xatırlatmasına komissar belə cavab verib: “Bu, Türkiyənin Avropa Birliyi üçün iqtisadi və coğrafi baxımdan strateji bir ölkə olduğunu vurğulamaq üçün deyilmiş söz idi. Ancaq Ərdoğan hökuməti ilə münasibət baxımından mümkün deyil. İndiki vəziyyətdə 10 illik müddət də Avropa Birliyinə üzvlük üçün yetərli deyil. Bu mövzu Ərdoğan hakimiyyətindən sonrakı məsələdir”.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, bu, Avropa Birliyinin növbəti bəhanəsidir: “Uzun zamandır ki, Avropa Birliyi Türkiyəni qəbul etməmək üçün müxtəlif şərtlər irəli sürür. Hesab edirəm ki, bu şərt də, sadəcə olaraq, növbəti bəhanədir. 53 ildir ki, Türkiyə Avropa Birliyinin ”qapısının ağzındadır". Bu illər ərzində Türkiyədə xeyli liderlər hakimiyyətdə olublar. Bəs o zaman nə üçün Türkiyə Avropa Birliyinə qəbul edilmədi. Türkiyənin bu ittifaqa üzvlüyü üçün onlar hər zaman müxtəlif çoxsaylı şərtlər irəli sürüblər. 1987-ci ildə erməni mövzusunun aktiv olduğu zamanda Avropa Birliyinin Türkiyənin üzvlüyü üçün irəli sürdüyü şərtlərin sayı hətta 100 rəqəmini ötüb keçmişdi. Yəni onlar hər zaman şərt axtarıblar. Günter Ottinger söylədiyi şərt isə bugünkü anın şərtidir. Onlar da öz üzərlərində işləyirlər, şərtlərin sayını, məzmununu və hətta geosiyasi tutumunu da dəyişirlər. Əgər Türkiyənin Avropa Birliyinə daxil olmağı liderlə bağlıdırsa, orada Tansu Çillər, Məsud Yılmaz kimi liberal, Avropa dəyərlərinə yiyələnmiş şəxslər hakimiyyətdə olublar. Onlar Avropanın gözlədiyindən də artıq islahatları reallaşdırıblar. Uzun müddət Türkiyədə seçkilər Avropanın mərkəzində yerləşən dövlətlərdə olduğundan daha demokratik keçirilib. Eyni zamanda uzun zaman orada bir dəfə də olsun mətbuat azadlığı, insan hüquqları pozulmayıb. Bəs o zaman nə üçün Türkiyəni qəbul etməyiblər?"

Image result for Politoloq Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Avropa Birliyi ilə Türkiyə hökuməti və cəmiyyəti arasında fikir ixtilafı dərindir:

“Türkiyə iqtidarını həm daxildə, həm də xaricdə çox tənqid edirlər. Türkiyədə hərbi çevrilişə cəhd hadisəsini isə birmənalı olaraq hər kəs pislədi. Ancaq eyni qınamanı Türkiyə Avropa Birliyindən eşitmədi. Əksinə, həbs olunanlarla bağlı (FETÖ-yə bağlı isimlər) narahatlıqlarını bildirdilər. Məsələn, Almaniya Fətullah Gülənə qarşı məktəblərin bağlanmasına mənfi yanaşır ki, bunun özü də Türkiyədə mənfi qarşılanır. Bu baxımdan, Avropa Birliyi ilə Türkiyə hökuməti və cəmiyyəti arasında fikir ixtilafının dərin olduğunu söyləmək olar. Ona görə də yaxınlaşma baş vermir. Avropada Ərdoğanı avtoritar rejim kimi də qələmə verirlər.

Bu da realdır ki, Türkiyə cəmiyyətinin seçimi budur. Onlar demokratik seçkilər nəticəsində məhz bu partiyaya səs veriblər. Eyni zamanda müxalifət də parlamentdə önəmli səsə malikdir. Bu isə göstərir ki, Türkiyə faktiki olaraq demokratik ölkədir. Ona görə də söyləyə bilərik ki, Avropa Birliyi üçün əsas olan Ərdoğan deyil. Ərdoğanın yerinə başqa bir şəxs olsa da, onlar yenə də irəli sürməyə şərt tapacaqlar. Açıq şəkildə deyirlər ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü mümkün deyil. Ərdoğanla bağlı fikri Avropa Birliyinin komissarı deyib. Ancaq bəzən ondan da yüksək rütbəli şəxslər deyirlər ki, ümumiyyətlə, yaxın 100 ildə Türkiyə Avropa Birliyinə üzv ola bilməyəcək”.

Politoloq bildirib ki, son illər Avropa Birliyinin şərtlərini ən çox yerinə yetirən Ərdoğan oldu: “Ancaq hər şərti yerinə yetirdikcə, Avropa Birliyi tərəfindən yeni bir şərt irəli sürülürdü. Nəticədə Ərdoğan da anladı ki, onunla oyun oynayırlar. Türkiyəni qəbul etməmək üçün müxtəlif bəhanələr irəli sürürlər. Bir misal deyim ki, Əhməd Davudoğlu baş nazir olduğu zaman o da Avropa Birliyi ilə danışıqları intensivləşdirdi. Lakin Avropa Birliyindən Davudoğluna bildirildi ki, siz Avropaya miqrant axınını dayandırın, biz də Türkiyə vətəndaşları üçün gediş-gəliş məsələsini həll edək. Türkiyə hökuməti götürdüyü öhdəlikləri yerinə yetirsə də qarşılığında yeni şərtlər irəli sürüldü. Başqa bir bəhanə də gətirirlər ki, guya Türkiyə iqtisadiyyatı zəifdir. Bu lap gülməlidir. Çünki Tükiyənin iqtisadiyyatı Avropa Birliyi ölkələrinin yarısından çoxunun iqtisadiyyatından güclüdür. Ukrayna da Avropa Birliyi yolunda ərazisinin böyük bir hissəsindən vaz keçdi. Ancaq indi deyirlər ki, Ukrayna da Türkiyə kimi Avropa Birliyinə üzv ola bilməz. Belə nəticəyə gəlmək olur ki, bu qurum üzv etmək istədikləri ölkələrə qarşı heç bir şərt irəli sürmür. Hansını ki, üzv etmək istəmirlər, onlara bir-bir şərtlər düzürlər. Türkiyəyə qarşı da yanaşma bu cürdür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...