O, Gürcüstanın ilk qadın prezidenti ola bilər - DOSYE

O, Gürcüstanın ilk qadın prezidenti ola bilər -

Oktyabrın 28-də Gürcüstanda növbəti prezident seçkiləri keçiriləcək.

Müstəqil namizəd, keçmiş xarici işlər naziri Salome Zurabişvili seçkilərin əsas favoriti sayılır. Maraqlıdır ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası seçkilərə öz namizədini irəli sürməyəcək və bitərəf xanım namizədi dəstəkləyəcəyini elan edib. Bidzina İvanişvili parlamentdəki çoxluğu və baş nazir postunu əllərində saxladığını əsas gətirərək, plüralizm xatirinə prezident postuna namizəd verməyəcəklərini açıqlamışdı.

Qeyd etmək lazımdır ki, hazırki seçkilər Gürcüstanda sonucu birbaşa prezident seçkiləri olacaq. 2024-cü ildən dövlət başçısını 300 nəfərdən ibarət kollegiya elan edəcək. Yeni prezidentin andiçməsindən sonra rəsmi Tbilisi tam olaraq parlament modelinə keçəcək və prezident səlahiyyətlərini ciddi məhdudlaşdıracaq.


Builki seçkilərdə Mərkəzi Seçki Komissiyasına 46 namizəd müraciət edib.

Modern.az 28 oktyabr seçkilərinin favoriti sayılan Salome Zurabişvili haqda qısa informasiyanı təqdim edir.

Salome Zurabişvili 1952-ci ildə Parisdə gürcü mühacirlərinin ailəsində andan olub. Onun ata babası İnave Zurabişvili 1918-1921-ci illər gürcü menşevik hökumətinin üzvü olub. Salome Zurabişvili 30 ildən artıq müddətdə Fransa XİN-də çalışıb. Hətta 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri təyinatını da alıb.

2004-cü ilin martında isə yeni hökumət quran Mixail Saakaşvilinin hökumətində xarici işlər naziri postuna dəvət alıb. Gürcüstan pasportu alsa da, o, Fransa vətəndaşlığını da qoruyub. Xarici siyasətin rəhbəri kimi 2005-ci ilin oktyabrına qədər çalışan xanım diplomat Saakaşvili ilə birgə “Qızılgün inqilabı”nı həyata keçirən spiker Nino Burcanadze ilə əvvəldən yola getməyib. Buna görə 2005-ci ilin oktyabrında istefa verərək, müxalifətə keçib.

Zurabişvili 2010-cu ilə qədər “Gürcü Yolu” partiyasının sədri olub. Həmən il isə İrandakı situasiyanın monitorinqi üçün beynəlxalq ekspert qrupuna üzv olub. 2016-cı ildə parlament seçkiləri zaman Tbilisi şəhərindən majoritar dairələrdən birindən müstəqil namizəd kimi parlamentə deputat seçilib.
İlk dəfə 2013-cü ildə Gürcüstan prezidentliyinə namizəd olan Zurabişvili həmin vaxt ikili vətəndaşlığına görə seçkilərə buraxılmamışdı. Bu dəfə öncədən Fransa vətəndaşlığı ilə vidalaşan xanım namizəd iddialarının ciddi olduğunu sərgiləyib.

Onun xarici işlər naziri postunda ən böyük xidməti 2006-cı ildə Rusiya qoşunlarının Gürcüstandakı hərbi bazalarını tərk etməsi ilə bağlıdır. Lakin 2008-ci ilin avqust müharibəsi zamanı Zurabişvili iqtidar və bəzi müxaliflər tərəfindən rusyönlü fəaliyyətdə ittiham olunmuşdu. Həmin vaxt Moskvanın artıq 100 ildir ki, Tbilisiyə müharibə elan etdiyini xatırladan sabiq nazir Saakaşvili hökumətinin təxribatlara cavab verməsinin müharibəyə səbəb olduğunu açıqlamışdı.

“Həmin hadisə Milli Hərəkat və Saakaşvilinin gürcü xalqı və cəmiyyəti qarşısında böyük cinayəti idi”.

Bu fikirləri ilə Salome Zurabişvili “Gürcü Arzusu” partiyasının mövqeyini təkrarlayırdı. Partiyanın o zamankı lideri Bidzina İvanişvili də Saakaşvilinin Rusiyanın təxribat tələsinə düşdüyünü iddia edirdi.

Salome Zurabişvili gürcü dissidenti Janri Kaşiya ilə evli olub. Onların Teymuraz adlı oğlu və Ketevani adlı qız övladları var. Janri Kaşiya 2013-cü ildə Parisdə vəfat edib.

Paralel olaraq, hakim “Gürcü Arzusu” partiyası Zurabişvilinin qələbəsi ilə yanaşı, “Milli Hərəkat” partiyasının da üzvü olduğu “Güc Birlikdədir” koalisiyasının prezidentliyə vahid namizədi Qriqol Vaşadzenin qələbəsini arzulamır. Mixail Saakaşvili dövründə 4 il xarici işlər naziri çalışan Vaşadze hələ sovet dövründən təcrübəli diplomat kimi tanınır. Onun qələbəsi Mixail Saakaşvilinin avtomatik olaraq cinayət işlərindən azad olaraq, ölkəsinə qayıdışına zəmin yaradacaq.

“Vahid Hərəkat” partiyasından qopan “Avropa Gürcüstanı” partiyasının namizədi David Bakradze də 28 oktybar prezidentlik marafonunun əsas şanslılarından sayılır.

2020-ci il parlament seçkilərinə hazırlıq kimi görünən prezident seçkiləri Salome Zurabişvilinin qələbəsi ilə başa çatsa, bu, həm ölkə tarixində ilk dəfə qadın prezidentin seçilməsinə səbəb ola, həm də eks-prezident Mixail Saakaşvilinin ölkəyə qayıdış planlarına son qoya bilər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
201 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...