"Petkim" Davosda mükafat alıb

"Petkim" Davosda mükafat alıb


Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” rəqəmsal tətbiqlər və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una seçilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, “Petkim” 2018-ci ildə təsis edilən və “gələcəyin fabrikləri” olaraq qəbul edilən 44 üzvdən ibarət “Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.

Forumun yanvarın 20-də Davosda keçirilən mərasimində mükafat “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanova təqdim olunub.

Enerji səmərəliliyi və məhsulun keyfiyyətini artırdı

55 illik tarixə malik olan “Petkim”in Türkiyənin və Azərbaycanın ən rəqəmsal şirkət olma istiqamətində addım-addım irəlilədiyini bildirən Zaur Qəhrəmanov qeyd edib ki, “Petkim”də rəqəmsal transformasiyaya inteqrasiya istehsal prosesində qabaqcıl analitik tətbiqlər və süni intellektdən istifadə etməklə başlayıb. “Bu məqsədlə Rəqəmsallaşma Departamenti və Rəqəmsal Akademiya yaratdıq. Bu iş modeli vasitəsilə şirkət daxilində istehsalat üzrə nümunə ssenarilər hazırlandı. Bu ssenariləri məlumata əsaslanan qərar vermə prosesləri və alqoritmlər hazırlayaraq təhlil etdik. Uğurlu ssenarilər real proseslərdə tətbiq olundu. Petkim məhsuldarlığını, istehsal həcmini, enerji səmərəliliyini və məhsulun keyfiyyətini artırmağa nail oldu”.

“Petkim”in sektordakı qabaqcıl mövqeyini gücləndirməyə davam edəcəklərini deyən Z.Qəhrəmanov, bu çərçivədə dünya şöhrətli Massaçusetts Texnologiya İnstitutu ilə əməkdaşlığı xatırladaraq qeyd edib: “Universitetin zəngin təcrübəsindən faydalanaraq, rəqəmsal transformasiya prosesini bir pillə yuxarı qaldırdıq. İTÜ, Boğaziçi Universiteti və ODTÜ əməkdaşlığı vasitəsilə istehsal və prosesinin inkişafı üzrə “start-up”lar ilə müştərək layihələr həyata keçirməyə davam edəcəyik. Rəqəmsallaşma komandamızın liderliyində hədəflərimizə çatmağımızın bariz nümunəsi olan bu mükafatı almaqdan böyük qürur duyuruq”.

Öz sahəsində ən yüksək rəqəmsal tətbiqi gerçəkləşdirir
Dünyada innovativ və rəqəmsal tətbiqlər standartı mövzusunda şirkətlər üçün meyar qəbul edilən “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş proseslərinə ən yaxşı tətbiq edən şirkətlərdən ibarət nüfuzlu bir platformadır. “Petkim”in uğurlu və səmərəli rəqəmsal tətbiqləri də bu şəbəkə vasitəsilə “best practice” (ən yaxşı praktika) kimi göstərilərək öz sahəsində ən yüksək rəqəmsal tətbiq standartını həyata keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...