Azərbaycanda yaradılması təklif olunan turizm polisi nə iş GÖRƏCƏK? – DETALLAR

Azərbaycanda yaradılması təklif olunan turizm polisi nə iş GÖRƏCƏK? –
Azərbaycanda turizm polisinin yaradılması təklif olunur. Bu təklifi Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının İdarə Heyətinin üzvü Mirsəməd Cəfərli verib.

Maraqlıdır, turizm polisi nədir? Bu sahə üçün seçilən polislərin konkret vəzifəsi nədən ibarət olacaq? Polisləri Daxili İşlər Nazirliyimi təyin etməlidir?

Məsələ ilə bağlı Mirsəməd Cəfərli Bizim.Media-ya bildirib ki, turizm polisi Daxili İşlər Nazirliyinin tərkibində yaradılan xüsusi qurumdur:

“Xarici təcrübədə belədir ki, orada işləyən əməkdaşların əksəriyyəti turistlərin təhlükəsizliyini qoruyurlar. Bir çox ölkələrdə bu praktika var. Hətta qonşu Gürcüstanda, Rusiyada, həmçinin Özbəkistanda, Malayziya və Tailandda turizm polisi fəaliyyət göstərir. Bu polislər 2-3 xarici dil bilməlidirlər. Hansısa restoran, istirahət mərkəzində anlaşmazlıq olanda, turist bilmir ki, kimə müraciət etsin. Buna görə də, turizm polisləri dil bilməlidirlər ki, xarici qonaqları başa düşə bilsinlər”.

Assosiasiya rəsmisinin sözlərinə görə çox vaxt turistləri marketlərdə, yeməkxanalarda qiyməti yüksək deyərək aldadırlar və bu işi güc strukturları araşdırır:

“Lakin turistlər üçün ayrıca polis fəaliyyət göstərsə, bu, daha sistemli olar. Onlar həm də gülərüz, mehriban və ölkəmizi layiqincə təmsil etməyi bacarmalıdırlar. Yəqin ki, Daxili İşlər Nazirliyində də bu cür polislər çoxdur. Təbii ki, turizm polisini Daxili İşlər Nazirliyi seçməlidir. Onu da qeyd edim ki, xarici ölkələrdə turizm polisinə maaş daha artıq verilir. Ona görə ki, onlar bir neçə dil bilirlər” – deyə, Mirsəməd Cəfərli qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
304 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...