Nüvə gücü, 230 milyonluq Pakistanın İrana cavabı...

Nüvə gücü, 230 milyonluq Pakistanın İrana cavabı...
İran hökuməti son bir neçə gün ərzində İraq və Pakistan torpaqlarına raket, eləcə də PUA zərbələri endirməsini sərhədlərinin və təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirib.

Uzun illərdir İraqda sabitliyin olmaması, mərkəzi hakimiyyətin zəifliyi və bu ölkədə çox sayda İrana bağlı qüvvələrin mövcudluğu Tehranın bu ölkəyə dəfələrlə hərbi müdaxiləsinə imkan verib. Ancaq Pakistana hücum İranın təhlükəsizliyini təmin etməkdən daha çox onun daha təhlükəli vəziyyətlərlə üzləşməsinə səbəb ola bilər.
Bütün göstəricilərə görə İraqdan fərqli və İrandan daha güclü olan, nüvə silahına malik 230 milyonluq Pakistanın 24 saat ərzində İrana cavab zərbələri, Pakistan ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi İslamabadın Tehranın müdaxilələrinə səbirli davranmayacağını göstərdi.

Bununla yanaşı, yanvarın 17-də Pakistan Təhlükəsizlik Xidmətinin 3 şəhərdə əməliyyat keçirərək, İrana bağlı radikal şiə qruplaşmalarının üzvlərini həbs etməsi Tehranın bu ölkədəki proksi qüvvələrinin əl-ayağının yığışdırılacağından xəbər verir.

Bölgədəki təxribatçı fəaliyyətlərinin həyata keçirilməsində Rusiya ilə yanaşı, Çin və Hindistanın dəstəyinə arxalanan İran bu dəfə hətta Pakistanla dost olmayan Hindistanın da neytral mövqeyi ilə üzləşib. Çin hökmətinin isə hər iki ölkəni təmkinli davranmağa çağırması, problemlərin həlli üçün vasitəçilik etməyə hazır olduğunu bildirməsi Tehranın Pakistan qarşısında himayəsiz qaldığını göstərir.

Bununla eyni vaxtda Ərəb Liqasının keçirdiyi təcili toplantıda İranın İraqın şimalındakı Ərbil şəhərinə hücumlarını pisləməsi Tehran hakimiyyətinin bölgə ölkələri tərəfindən həm də ciddi diplomatik təzyiqlə üzləşməsinə səbəb olub. Himayədarlarının dəstəyindən əlinin üzüldüyünü görən İran yanvarın 18-də müxtəlif səviyyələrdə verdiyi bəyanatlarla Taliban hökuməti ilə bağlı xoş fikirlər səsləndirməyə başlayıb. Bəyanatlarda Talibanın İran sərhədlərində heç bir təhlükə törətmədiyi barədə fikirlər səsləndirilib. İranın Milli Təhlükəsizlik Şurasının katibi Əliəkbər Əhmədian isə mediaya açıqlamasında İranla Talibanın ortaq məxrəcə gələ bildiklərini iddia edib.

Bu, Tehranın bölgədə təkləndiyi və qanunsuzluqlarına cavab verildiyi bir vaxtda mollaların Talibanı ən azından neytrallaşdırmaq cəhdidir.

Yanvarın 18-də ordu ilə SEPAH-ın İran körfəzində 400 kilometrlik sahil zolağında genişmiqyaslı hərbi təlimlərə başlaması Tehranın Pakistanın daha ağır cavabından ehtiyatlandığını göstərir. Tehranın Pakistana raket zərbələrindən sonra pakistanlılar arasında İrana qarşı ictimai rəy də pisləşib. Son iki gün ərzində çox sayda vətəndaş cəmiyyətləri, partiyalar və tanınmış şəxslər İrana qarşı ümumi nümayişlərin keçirilməsinə çağırıb, bu ölkəyə bağlı qruplaşmalara qarşı daha geniş tədbirlər görməyi tələb ediblər.

Bütün bunlar göstərir ki, İranın Pakistana raket zərbələri iki ölkə arasında hərbi münaqişəyə səbəb olmasa belə, Pakistanda Tehrana bağlı proksi qüvvələrin zərərsizləşdirilməsi, İranın cənub-şərq sərhədlərində müxtəlif formalarda cəzalandırılması ilə nəticələnəcək.

Demək olar ki, Pakistana raket hücumu İranın təhlükəsizliyinə deyil, daha təhlükəli vəziyyətlərlə qarşılaşacağına xidmət etdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...