“Aprel döyüşləri” Minsk qrupuna və Ermənistana bir dərs olmalıydı

“Aprel döyüşləri” Minsk qrupuna və Ermənistana bir dərs olmalıydı

İyulun 4-də erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Azərbaycanın ayrı-ayrı qurumları, rəsmilər, millət vəkilləri səviyyəsində olayla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.

Bəs bu hadisəyə beynəlxalq təşkilatların verdiyi reaksiya qaneedicidirmi?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Modern.az-a açıqlamasında Ermənistanın Füzuli rayonunun Alıxanlı kəndinində mülki şəxsləri hədəfə almasını və qətlə yetirməsini terrorizm əməli adlandırıb.

“Onlar hər zaman siyasi məqsədlərini həyata keçirmək üçün mülki şəxsləri hədəf seçirlər. Məlum olay öncədən planlaşdırılmış hadisədir. Təbii ki, Alxanlıda baş vermiş hadisəyə beynəlxalq reaksiyalar var. Avropa Şurası Parlament Assambelyasının (AŞPA), ATƏT-in Parlament Assambelyasının, NATO PA-nın iclaslarında bu məsələ gündəmə gəirilib. Həmçinin, Xarici İşlər Nazirliyi Ermənistanın bu hərəkətlərini çox kəskin pisləyib və Azərbaycan torpaqlarının işğaldan azad olunması tələbini ortaya qoyub. Bununla yanaşı, ATƏT-in Minsk qrupu da bəyanatla çıxış edib.
Onu da deyim ki, ATƏT-in Minsk qrupunun bəyanatı təəssüf və təəccüb doğurur. Çünki orada belə bir yanaşma var ki, zorakılıq, yeni zorakılıqlar yaradır. Amma söhbət burada 2 yaşlı qızın və onun nənəsinin qətlə yetirilməsindən, bir qadının yaralanmasından gedir. Onların heç biri bu bəyanata daxil edilməyib. Yenə də ATƏT-in Minsk qrupunun verdiyi bəyanat intizamsızdır və orada məlum olmur ki, bu vəhşiliyi edən kimdir. Ancaq bunlar həmin bəyanatda qeyd olunmalıdır. Təəssüf ki, biz bəyanatda bunu görmədik. Hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri məlum hadisə ilə bağlı yenidən bəyanat verəcəklər. Düşünürük ki, Azərbaycan XİN-in kəskin bəyanatından sonra ATƏT-in Minsk qrupu da çox kəskin bəyanat verəcək. Biz Ermənistana qarşı tənqidi yanaşmanı ortaya qoyan bəyanat gözləyirik”.

Deputat bildirib ki, Alıxanlı kəndinində baş vermiş hadisəyə beynəlxalq birliyin münasibəti hələ ki, qaneedici deyil.

“İndiyə qədər də qaneedici olmayıb. Ermənistanın beynəlxalq hüququ ayaqları altına atmasına adekvat reaksiyanın olmaması onları daha ağır cinayətlər törətməyə sövq edir. Ermənistan tərəfində arxayınçılıq sindromu formalaşdırır. Beynəlxalq qurumlar Ermənistanın etdiyi cinayətləri, Azərbaycanın mülki əhalisini hədəf almasını susqunluqla izləyir, ATƏT-in Minsk qrupu isə mənasız bir bəyanat verib. Hesab edirəm ki, hər şeyin bir sonu var. Ermənistan fərqində olmalıdır ki, bizim də səbrimizin bir sonu var. Bunu cənab Prezidentimiz də dəfələrlə deyib. “Aprel döyüşləri” ATƏT-in Minsk qrupu, Ermənistan və bynəlxalq qurumlar üçün bir dərs olmalıdır ki, bu münaqişə hər zaman müharibəyə çevrilə bilər. Hesab edirəm ki, Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini atəş altında saxlaması və onların qətlə yetirilməsi müharibə versiyasını heç bir zamanda olmadığı qədər aktuallaşdırır. Yəni müharibənin başlanması real ola bilər. Açığı desəm, “Aprel döyüşləri”nin yenidən təkrarlanması ehtimalı bu gün daha çoxdur”.Mirmahmud KAZIMOĞLU



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
761 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...