Büdcənın xərclərinin 30 faizi “digər”, “və sair” adı altında gizlədilir

Büdcənın xərclərinin 30 faizi “digər”, “və sair” adı altında gizlədilir

Dövlət büdcəsi yanvar ayında profisitlə, fevral, mart, aprel, may və iyun aylarında isə defisitlə icra edilib.

Gununsesi.info bunu Hesablama Palatasının 2017-ci ilin 6 ayı üzrə büdcə parametrlərinin təhlilində qeyd edib.
Təhlildə vurğulanır ki, ən böyük deficit 500 milyon manat olmaqla mart ayında yaranıb.Hesabat dövründə gəlirlər üzrə ən böyük icra 1430,0 mln. manat olmaqla aprel ayında, xərclər üzrə isə 1721,1 mln. manat olmaqla mart ayında olub.


Xərclərin 2017-ci ilin yanvar-iyun ayları üzrə proqnoz və icra göstəricilərinin təhlili göstərir ki, mart və iyun ayları istisna olmaqla digər aylarda proqnoza riayət edilib. Bununla belə, cari ilin mart ayında xərclər proqnozlaşdırılmış məbləğdən 1,8 faiz bəndi çox icra edilib ki, bu da 2016-cı ilin müvafiq göstəricisindən 1,7 faiz bəndi çoxdur.

Dövlət büdcəsinin gəlirləri


2017-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə ümumilikdə 7,724 milyard manat vəsait daxil olub. İcra edilmiş gəlirlərinin mənbələr üzrə bölgüsündə Vergilər Nazirliyinin payı 43,4, Gömrük Komitəsi 15% Dövlət Neft Fondu 39%, Büdcədənkənar gəlirlər 2% təşkil edib. Təhlilə əsasən, Dövlət Neft Fondu üzrə isə kəsirlə icra olunub.

Dövlət büdcəsinin xərcləri

2017-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri 8,1 milyard manat məbləğində icra edilib. Bu, il üçün nəzərdə tutulmuş büdcə xərclərinin 48,5%-nə, “2017-ci il dövlət büdcəsi xərclərinin rüblər və aylar üzrə bölgüsü” üzrə altı ay üçün proqnozlaşdırılmış xərclərin isə 100,2%-nə bərabərdir. Hesabat dövründə icra edilmiş xərclərin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 1372,2 mln. manat və ya 20,1% çoxdur. Qeyd edək ki, cari ilin 6 ayı üzrə nəzərdə tutulmuş vəsaitin məbləği ötən ilin müvafiq göstəricisindən 359,4 mln. manat və ya 4,2% az olsa da, 2017-ci ilin ilk yarısında icra edilmiş vəsait 2016-cı ilin müvafiq göstəricisindən çox olub. Bu dövr üzrə dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisi 26,2% təşkil edib.

2011-2017-ci illər üzrə dövlət büdcəsi xərclərinin altı aylıq icrası üzrə məlumatların təhlili göstərir ki, 2016-cı il istisna olmaqla digər illərdə “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin payı dövlət büdcəsinin 6 ay ərzində icra edilmiş xərclərində daha yüksək olub. Hesabat dövründə bu bölmə üzrə xərclər ötən illə müqayisədə 2,5 dəfə artıb. Ümumilikdə cari ilin yanvar-iyun aylarında icra edilmiş dövlət büdcəsinin xərcləri ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə funksional təsnifatın 10 bölməsi üzrə artmış, 4 bölməsi üzrə azalıb.. Ötən illə müqayisədə ən çox artım 924,9 mln. manat və ya 2,5 dəfə olmaqla “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi, ən çox azalma 323,6 mln. manat və ya 75,9% olmaqla “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsi üzrə müşahidə edililb.

Ötən il olduğu kimi, dövlət büdcəsinin iqtisadi təsnifat üzrə strukturunda “Digər xərclər” bölməsi ən böyük xüsusi çəkiyə malikdir. Belə ki, bu bölmənin dövlət büdcəsinin yanvar-iyun aylarında icra edilmiş xərclərində xüsusi çəkisi 29,1% təşkil edib. “Digər xərclər” bölməsinin strukturunda sair xərclərin xüsusi çəkisi 90,7% olub. Eyni zamanda, cari ilin altı ayında sair xərclərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb.

Büdcə kəsiri

2017-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 milyon manat məbləğində təsdiq edilib. ONun maliyyələşdirilməsinin özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) cəmi 625 milyon manat və Avropa Birliyinin qrantından daxilolmalar 20 milyon manat hesabına həyata keçirilməsi nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
908 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...