İraqda kürd separatizmi geri çəkildi - Referendum təxirə salındı

İraqda kürd separatizmi geri çəkildi -
Referendum təxirə salındı; Bərzaninin inadının səbəbləri

İraq Konstitusiya Məhkəməsi sentyabrın 25-də kürd muxtariyyətinin keçirmək istədiyi referendumu təxirə salıb. Buna səbəb kimi “referendumun konstitusiyaya zidd olması ilə bağlı” şikayətlərin araşdırılmasını göstərib.

Bundan əvvəl isə İraq hökuməti, daha sonra parlamenti referendumun tanınmaması ilə bağlı qərar qəbul edib. Ancaq kürd muxtariyyətinin lideri Məsud Bərzani bəyan edib ki, kürdlər referendum keçirməkdə qərarlıdır. Ötən həftə dalbadal BMT və ABŞ təmsilçiləri ilə görüşən İraq kürdləri qərarlarından dönməyib. Hətta iki gün əvvəl Bərzani bildirdi ki, ABŞ rəsmilərinin referenduma alternativ olaraq təklif etdiyi plan onları maraqlandırmayıb.

BMT-dən yayılan açıqlamada kürdlərin referendumunun nəticələrinin tanınmayacağı qeyd olunub. Hələlik Bərzani geri çəkilmir və bu səbəbdən İraq ətrafında gərginlik günü-gündən yüksəlməkdədir. Sentyabrın 18-də Türkiyə ordusunun İraq kürd bölgəsi ilə sərhəddə - Habur sərhəd-keçid məntəqəsi yaxınlığında hərbi təlimlərə başladığı haqda xəbərlər yayılıb. BBC-nin yaydığı məlumatda Türkiyə ordusunun sərhəddə hərbi təlimlər və paralel olaraq əməliyyatlar apardığı qeyd olunur. Türkiyə baş Naziri Binali Yıldırım da İraqda kürdlərin referendumunu Türkiyə üçün milli təhlükəsizlik məsələsi olaraq qeyd edib və hökumətin lazımi addımları atacağını bildirib. Bundan başqa, Ankara məhz İraqdakı hadisələrlə bağlı Milli Təhlükəsizlik Şurasının toplantısını sentyabrın 22-nə təyin edib.

Qeyd edək ki, bu günə qədər regionun əsas aparıcı dövlətləri və dünya gücləri arasında yalnız İsrail kürd referendumuna açıq şəkildə dəstək verib. Yerdə qalan dövlətlər, o cümlədən Türkiyə, İran, ABŞ, Rusiya və digər dövlətlər, həmçinin BMT referendumun təxirə salınması üçün Ərbilə çağırışlar edib.

Ancaq son olaraq cümə günü açıqlama verən Bərzani referendum qərarında israrlı olduqlarını bildirib. Qeyd edək ki, İraq kürdlərinin məhz indi müstəqillik refrendumuna getməsi ilə bağlı bir sıra suallı və açıq qalan məqamlar hələ də var. Məsələ ondadır ki, Bərzaninin məhz indi referenduma getməsi və bütün qonşu və müttəfiq ölkələrin təzyiqlərinə rəğmən referendumda inad etməsinin bir neçə mühüm və vazkeçilməz səbəbləri var. Məsələ ondadır ki, indi referendum üçün ən ideal bir zamandır. Kürdlər hərbi və siyasi güclərinin zirvəsindədirlər, İŞİD-lə müharibədə xeyli ərazi tutublar və hələ də bu ərazilərə nəzarət edirlər.

Ancaq aydın məsələdir ki, bu ərazilər kürd muxtariyyətinin hüquqi sərhədlərinə daxil deyil və yaxın zamanlarda İŞİD İraqdan tamamən çıxarıldıqdan sonra mərkəzi Bağdad hökuməti kürdlərin savaş zamanı tutduqları bölgələri təhvil vermələrini tələb edəcək. Bu səbəbdən də Barzani referendumu indi, özü də kürdlər yaşayan və kürdlərin yaşadığı bölgədə keçirmək istəyir. İkinci mühüm səbəb daxilidir. Çünki daxildə Bərzaninin kürd muxtariyyətinin rəhbəri seçkiləri təxirə salınıb. Yəni Bərzaniyə daxildə siyasi qüvvələrin ciddi təzyiqləri var. Bu səbəbdən də Bərzani referenduma getmək və müsbət nəticə ilə payızda muxtariyyət rəhbəri seçkilərinə qatılmaq istəyir. Əks halda, Bərzani üçün ciddi problem yarana bilər. İraqda İŞİD-lə mübarizə bitdikdən sonra mərkəzi hökumət kürdlərin əvvəlki “sərhədlər” daxilinə çəkilməsini tələb edəcək və o zaman Bərzaninin əl-qolu bağlanacaq.

Əlbəttə, Bərzani də yaxşı anlayır ki, İraq parlamentinin və Konstitusiya Məhkəməsinin tanımayacağı referendum nəticələrinin BMT-də təsdiqlənməsi və yeni dövlətin elan olunması mümkün deyil. Ancaq mütəxəssislərə görə, istənilən halda kürd bölgələrində keçirilən referendumun nəticələri bəllidir, hər kəs müstəqilliyə səs verəcək. Bu nəticə isə qarşıdakı 5-10 ildə Bərzaninin əlində çox ciddi bir hüquqi sənəd kimi əvəzsizdir və tədricən müstəqillik yolunda böyük bir addım olacaq.

Qeyd edək ki, İraq kürdləri 1970-ci ildə muxtariyyət hüququ alsalar da, real olaraq faktiki müstəqillik formasında muxtariyyətə 1991-ci il “körfəz müharibəsi”ndən sonra nail oldular. Kürdlərin faktiki olaraq hökuməti, nazirlikləri, silahlı qüvvələri, polisi mövcuddur. Bundan başqa, İraqın işğalından sonra Amerikanın himayəsi ilə daha da güclənən kürdlər həm də bölgədə neft ixracatçısına çevrildilər. Kürd muxtariyyəti İraq-Türkiyə boru xətti ilə gündəlik 600 min barel neft ixrac edib. Yalnız 2014-cü ildə mərkəzi hökumətin dünya ölkələrinə müraciətindən sonra kürd neftini alan olmadı və üstəlik, neft qiymətlərinin kəskin ucuzlaşması, bölgədə qara bazarda neft satan ikinci qüvvə olaraq İŞİD-in meydana çıxması Bərzaninin neft bazarını tamamən “öldürdü”. Ancaq hələ də anlaşmalı olaraq Bərzani İraq neftini Türkiyə üzərindən satmaqda davam edir.

Qəribə də olsa kürd məsələsi həm də bizi narahat edir. Bunun birinci səbəbi İraqdakı türkmənlərin taleyidir. Azərbaycana bağlı olan və əsasən özlərini azərbaycanlı hesab edən İraq türkmənləri müstəqil kürd dövləti yaranacağı təqdirdə faktiki olaraq iki dövlət arasında bölünəcək. Üstəlik, son 3 ildə İŞİD-lə müharibə zamanı türkmənlərin böyük qismi evlərini və yurdlarını itirib. Onların əraziləri isə kürdlərin işğalı altına düşüb. Yəni kürd dövləti yaranacağı təqdirdə türkmənlərin durumu daha da pisləşəcək və açıq şəkildə itirən əsas etnik qrup onlar olacaqlar.

Kürd dövlətinin yaranmasının ikinci təhlükəli tərəfi bölgədə 100 ildən sonra sərhəd dəyişikliyinin baş verməsi, separatizmin alovlanması təhlükəsidir. İraqda kürd dövləti regionda bütün “həssas nöqtələrdə” reaksiya doğuracaq və münaqişə ocaqları alovlanacaq. Bu isə həm də bizim regionun təhlükəsizliyinin risk altına düşməsi deməkdir. Bu səbəbdən də kürd referendumu və müstəqillik tələbləri Azərbaycanda da narahatlıqla izlənilir.

Ancaq görünən odur ki, həm Qərb ölkələri, xüsusən də Avropa, həm də region ölkələri İraqda kürd dövləti reallığını zamanla qəbul etməyə hazırlaşır. Sadəcə, indiki həssas məqamda daha böyük gərginlik yaranması heç kimin maraqlarına uyğun olmadığı (Bərzani istisna olmaqla - K.R.) üçün Bərzanini çəkindirməyə çalışırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...