Azərbaycan Rusiyadan “S-400” raket kompleksi ala bilər? - Hərbi ekspert rəyi

Azərbaycan Rusiyadan “S-400” raket kompleksi ala bilər? -

Xəbər verdiyimiz kimi, Türkiyə artıq Rusiyadan “S-400” zenit-raket kompleksləri alıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Rusiya ilə "S-400" zenit-raket komplekslərinin təchizatının maksimal şəkildə realizə olunmasına ümidvardır: “Bir neçə texniki detallar var. Razılaşmanın mümkün qədər daha tez həyata keçirilməsi üçün addımlar atmaq istəyirik”.

Türkiyədən öncə Rusiyadan “S-400” zenit-raket komplekslərini Çin alıb. Həmçinin bir neçə ölkə bu komplekslə maraqlanır. “S-400” ZRK təxminən 400 kilometr uzaq məsafəli müasir hava hücumu vasitələr ilə mübarizə aparmağa qadirdir.

Rusiya mətbuatında yer alan məlumatlara görə, 2017-ci ilin may ayında Rusiya Silahlı Qüvvələrinin 19 alayında "S-400" kompleksi yer alıb.

Türkiyədən sonra Azərbaycanın da Rusiyadan “S-400” alması haqda fikirlər səsləndirilir. Bəzi ekspertlər hesab edir ki, Azərbaycan “S-400” raket kompleksinə maraq göstərə bilər.

Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, ölkəmizin hava hücumundan müdafiə sistemi çox yüksək səviyyədədir. Ekspertin fikrincə, hazırki dövrdə Azərbaycanın “S-400” zenit-raket komplekslərinə ehtiyacı yoxdur.

“Ölkəmizin hava hücumundan müdafiə sistemində həm sovet istehsalı, həm də Qərb sistemi olan zenit-raket kompleksləri, radar sistemləri yer alır. İndiki dövrdə “S-400” raketlərinin alınması ölkəmiz üçün vacib əhəmiyyət kəsb etmir. Həmçinin ötən ilin sonlarında Azərbaycan İsraildən “Barak-8” zenit-raket kompleksi alıb. Bundan əlavə 2010-cu ildə Azərbaycan “S-300” zenit-raket kompleksi almışdı. Həmçinin “İldırım” zenit-raket kompleksələrimiz var. Azərbaycanın bu kompleksləri Ermənistanın mövcud sistemlərində çox güclüdür. Bu gün Azərbaycan postsovet ölkələri arasında hava hücumundan müdafiə sisteminə görə Rusiya və Belarusdan sonra ən yüksək səviyyədədir”.

R.Süleymanov qeyd edib ki, bu gün dünyada Rusiyanın hava hücumundan müdafiə sistemləri ön planda dayanır. Çin, Türkiyə kimi böyük ölkələr bu sistemi alıb: “Türkiyənin hava hücumundan müdafiə sistemi o qədər də güclü deyil. Türkiyənin cari ehtiyacları olduğu üçün bu sistemləri alıb. Həmçinin Türkiyənin “S-400”-ləri aldıqdan sonra onları modernləşdirmək üçün potensialı mövcuddur. Amma bu sistemlərin müasir hava raket təhdidlərinə qarşı nə dərəcədə davam gətirəcəyi ayrı məsələdir. Çünki hər hansı bir sistem yaradılırsa, ona olan təhdidlər də təkmilləşdirilir. Müasir dövrdə təhdidlər başqa formada yaranır. Kiçik ölçülü dronlar meydana çıxır ki, bunlar ciddi təhdid yaradır. Bunlar çox ciddi yanaşmadır. Hər bir raket kompleksi onları məhv edə bilmir”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycanın hava hücumundan müdafiə sistemlərində yer alan “Osa” və S-125 “Peçora” zenit-raket kompleksləri modernizasiya olunub və onlara əlavə imkanlar qazandırılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 


XƏBƏR LENTİ
FOTOSESSİYA

Рейтинг@Mail.ru
Loading...