Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verildi

Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verildi

Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verilib.

APA-nın xəbərinə görə, H. Məmmədovun meyiti müayinə olunduğu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən yaxınları tərəfindən götürülüb. Qeyd edək ki, DİN-in həbsdə olan sabiq baş əməliyyat müvəkkili H. Məmmədov intihar edib. Hadisə dekabrın 3-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verib. Orada müalicə olunan Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Penitensiar xidmətdən bildirilib ki, İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

H.Məmmədov müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə olunub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Xatırladaq ki, H. Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər. H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 


XƏBƏR LENTİ
FOTOSESSİYA

Köşə
Qurd totemli türklər -
Yusif Alı Afşar - Fəlsəfə doktoru, dosent ...
Рейтинг@Mail.ru
Loading...