Seçki də bitdi, manatın taleyi necə olacaq? - Hökumət 2 seçim qarşısında...

Seçki də bitdi, manatın taleyi necə olacaq? -

Dolların rəsmi qiyməti dəyişməsə də, bir neçə gündür banklar qiyməti qaldırıb. Əhali dolların rəsmi qiymətinin seçkidən sonra dəyişəcəyi ilə bağlı iddialar səsləndirir. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov isə açıqlama verərək, "manatın devalvasiyasından söhbət belə gedə bilməz” deyib.

BakuPost məsələ ilə bağlı iqtisadçı Samir Əliyevin fikirlərini öyrənib. İqtisadçı saytımıza açıqlamasında deyib ki, dünyada neftin mövcud vəziyyəti manatın özünü rahat hiss etməsi üçün kifayət edir və hökumətin "devalvasiya olmayacaq” fikri də məhz bu amilə əsaslanır: "Neft nə qədər ki, 40 dollarlıq psixoloji həddə düşməyib ölkənin valyuta bazarlarında dollara olan tələbatın ödənilməsində problem olmayacaq. Belə baxanda hökumət 2015-ci ildəki devalvasiya səhvlərindən tam olmasa da, müəyyən dərslər götürüb. Manata əsas təzyiq yaradan rəsmi və qeyri-rəsmi kapital axını kanallarını əhəmiyyətli dərəcədə daraldıb. Digər tərəfdən ərəb turistləri və xarici kreditlər hesabına ölkəyə dollar axınını artırıb. Eyni zamanda neftin dünya bazar qiymətlərinin 30% artması tədiyyə balansının vəziyyətini yaxşılaşdırıb.

Mərkəzi Bank üzən məzənnə siyasətini keçid elan etsə də, manatı əvvəlki qaydada tənzimləyir. Bir müddət əvvəl manatın bahalaşması riski olsa da, Mərkəzi Bank buna imkan vermədi. Bundan sonra manatın ucuzlaşmasına da imkan daxilindən yol verməyəcək. Çünki hökumət 2015-ci il ssenarisini təkrarlamaq niyyətində deyil. Devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Ölkə iqtisadiyyatının neftdən asılılığı manatın sabitliyi üçün təhlükə yaradır. Deməli, uzun müddət manat inzibati yolla tənzimlənəcək və Mərkəzi Bank onun məzənnəsinin sabit qalmasına çalışacaq”.

S. Əliyev qeyd edib ki, qeyri-neft ixracını stimullaşdırmaq üçün manatın ucuzlaşdırılması zərurəti ortaya çıxa bilər: "Məsələn, əsas ticarət tərəfdaşımız olan Rusiyada rubl ucuzlaşır. Rusiya isə qeyri-neft ixracımızda əsas rolu tutur və rublun ucuzlaşması ixracımıza problemlər yaradır. Eyni zamanda Türkiyədə də analoji proseslər baş verir. Belə vəziyyətdə hökumət seçim arasında qalır: ixraca görə manatı ucuzlaşdırsın, yoxsa daxili sabitlik üçün onu sabit saxlasın? Birinci neftdən asılılığı azaltmaq, ikinci isə maliyyə sektorunun çökməməsi üçün vacibdir. Birincinin indiki dövrdə uduşu az, ikincinin isə zərəri çoxdur. Ona görə düşünürəm hökumət ikincini seçmək məcburiyyətində qalacaq”.

İqtisadçı vurğulayıb ki, dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşmazsa, ölkədə siyasi bir gərginlik olmazsa, dolların manata olan məzənnəsi təxminən indiki səviyyədə qalacaq: "Hazırda kəskin devalvasiya təhlükəsi yoxdur, manatın cüzi ucuzlaşması məsələsi isə mümkündür. Hər şey hökumətin qərarından asılı olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...