Övladlarını vaxtsız itirən siyasətçilər - SİYAHI
Bir neçə gün bundan əvvəl Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun övladı gənc fəal Nərgiz Yaqublunun vaxtsız vəfatı kimliyindən və siyasi mövqeyindən asılı olmayaraq hər kəsin təəssüfünə səbəb oldu. Hazırda həbsdə olan Tofiq Yaqublunun bu acı yaşantılarını çox təəssüflər olsun ki, zaman-zaman siyasət aləminin başqa xadimləri də yaşayıb. Modern.az saytı övladları vaxtsız vəfat edən siyasilərin bir neçəsini təqdim edir:
Mirmahmud Mirəlioğlu - Siyasət aləmində övlad itkisindən söhbət düşmüşkən ilk olaraq Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun adı çəkilməlidir. Elçibəy ideologiyasına sadiq qalan tək-tük adamlardan biri olan M.Mirəlioğlunun 3 övladı vaxtsız dünyasını dəyişib. Partiya sədrinin ailəsində ilk faciə 1991-ci ildə baş verib. O zaman Mirmahmud bəyin beş yaşlı oğlu avtomobil qəzasında dünyasını dəyişib. M.Mirəlioğlunun daha bir oğlu isə 2009-cü ildə dünyasını dəyişib. Elə partiyanın qarşısında qəflətən ürək tutmasından yerə yıxılan Mircəlil Fəttayev gənc yaşlarında həyata vida deyib.
Amma hələ bu da son deyilmiş. 3 il bundan qabaq Mirmahmud bəyin qızı Mahirə xanım da qəfil ürəktutmasından vəfat edir. Vəfat edərkən Mahirə Mirmahmudqızının cəmi 28 yaşı var idi.
Ayaz Mütəllibov - Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da 2011-ci ildə övladını itirib. Eks-prezidentin 49 yaşlı oğlu Azad Mütəllibov uzun müddət davam edən xərçəng xəstəliyi səbəbindən 2011-ci ilin avqustunda dünyasını dəyişib. O zaman Moskvada siyasi sığınacaq tapan A.Mütəllibova oğlunun dəfnində iştirak etmək üçün Azərbaycana gəlməyə icazə verildi. A.Mütəllibov dəfnə gəldi və yeni getdi... Bir neçə il sonra isə həmişəkilk Azərbaycana döndü..
Cəmil Həsənli – Elmdə olduğu qədər siyasətdə uğur qazana bilməyən professor Cəmil Həsənli də vaxtsız övlad itkisinin acısını yaşayıb. Belə ki, professorun 27 yaşlı oğlu Vüqar Həsənli 2007-ci ildə Atatürk prospektidə - Ayna Sultanova heykəlinin yaxınlığında “Mersedes” markalı avtomobili ilə qəzaya uğrayıb. Mərhum xəstəxanaya çatdırılsa da, orada keçinib və 2007-ci ilin iyununda dəfn edilib. V. Həsənli Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və İcraçıları Şöbəsində çalışırdı.
Vəfa Quluzadə - Tanınmış politoloq, xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadənin 36 yaşlı oğlu Murad Quluzadə 2010-cu ilin ikinci yarısında ağır sürən xəstəlikdən sonra vəfat edib. Murad Quluzadə onkoloji xəstəlikdən əziyyət çəkib, onun bir sıra xarici klinikalarda müalicəsi isə nəticə verməyib.
Fazil Mustafa – Övladına görə acılar yaşayan siyasətçilər siyahısında parlamentin nisbətən gənc deputatlarından sayılan Fazil Mustafanın da adı var. Böyük Quruluş Partiyasının sədrinin oğlu və qaynı 2008-ci ildə hamamda dəm qazından boğularaq dünyasını dəyişiblər. Ən çox təəssüfləndirici məqamlardan biri budur ki, o zaman Elçibəy Fazil oğlu Mustafayevin cəmi 8 yaşı var idi.
Elman Türkoğlu - Hamının “Bayraqdar Elman” olaraq tanıdığı və siyasi fəal kimi məşhurlaşan Elman Türkoğlunun faciəsi isə daha ağır olub. Belə ki, onun 17 yaşlı oğlu Məhəmmədəmin Həsənli hansısa xəstəlikdən deyil, intihar edərək ölüb. Məhəmmədəmin 2013-cü ilin yayında yaşadığı Texniki Universitetin yataqxanasının ayaqyolunda özünü asaraq intihar edib. İntiharın səbəbi isə bilinmir. Klassik Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü olan atası Elman bəyin dediyinə görə, oğlu internet klubda buraxılış imtahanlarının nəticəsini öyrənmək üçün ondan bir manat pul alıb. Bu məqsədlə evdən çıxan Məhəmmədəmini bir də yataqxananın ayaqyolusunda ölmüş halda tapıblar.
Həsən Kərimov - Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Həsən Kərimov ikiqat faciə ilə üzləşən siyasətçidir. O, bir ayda iki oğlunu itirib. Kiçik oğlu Rəşad Kərimovun ölümü isə daha müəmmalı olub. Bir müddət itkin sayılan R.Kərimovun meyiti Neftçilər prospektində tapılıb.
Bu hadisədən öncə, 2009-cu ilin iyun ayının 29-dan 30-ba keçən gecə Həsən Kərimovun böyük oğlu İftixar Kərimov qəfil infarkt keçirərək, dünyasını dəyişmişdi. Bu hadisədən düz bir ay sonra, yəni iyulun 30-da Həsən bəyin ikinci oğlu Rəşad vəfat edib.
Nizami Quliyev – Bir vaxtlar Müsavat Partiyasınnı sabiq başqanı İsa Qəmbərin müşaviri işləmiş və 2003-2005-ci illərdə partiyanın Nizami rayon təşkilatının sədri olmuş Nizami Quliyev 28 yaşlı gənc qızını bu yaxınlarda itirdi. Nizami Quliyevin Bakı Dövlər Universiteti Hüquq fakültəsinin məzunu olan qızı ötən il xərçəngdən dünyasını dəyişib.
Mehriban Vəzir - Siyasi arenada kifayət qədər aktiv olan xanımlardan biri Mehriban Vəzir də övlad acısını yaşayıb. 1990-cı illərin sonunda yaradılan məşhur Aydınlar Siyasi Birliyinin təsisçilərindən olan Mehriban Vəzirin oğlu hərbi xidmət keçən müddətdə ölüb. Mərhum Bakının Yasamal qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, jurnalistikadan siyasətə gedən Mehriban xanımın bu ilin əvvəllərində vəfat edən anası da Yasamalda mərhum nəvəsinin yanında dəfn edilib.
Cavadovlar ailəsi - Vaxtilə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri və Azərbaycan daxili işlər nazirinin müavini olmuş mərhum Rövşən Cavadovun da oğlu çox erkən yaşda dünyasını dəyişib. Ancaq yuxarıdakı şəxslərdən fərqli olaraq burada ilk olaraq ata, Rövşən Cavadov dünyaya vida deyib. 2000-ci ilin əvvəllərində isə R.Cavadovun oğlu Laçın Cavadov müəmmalı şəkildə Moskvada ölüb. Onun qardaşı, Xətai rayonunun sabiq prokuroru Mahir Cavadov isə hazırda Avstriyada mühacir həyatı yaşayır.
Fərəməz Maqsudov – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan mərhum akademik Fərəməz Maqsudov da ömrünün sonunda siyasətə meyl etdi. 1990-cı illərin əvvəllərində ölkədə baş verən siyasi proseslərə biganə qalmayan və aktiv iştirakçılardan biri olan alim ömrünün sonunda parlamentin deputatı da oldu. Lakin o da vəfat edəndən sonra ailəsində baş verən faciə səbəbindən bir qızı vəfat etdi.
Xatırladaq ki, 2001-ci ildə Fərəməz Maqsudovun evinə silahlı basqın olmuşdu. Həmin basqın zamanı mərhum akademikin həyat yoldaşı Yevgeniya və qızı Elmira öldürülmüş, böyük qızı Tamilla isə yaralanmışdı. Həmin vaxt bu qanlı cinayətin tezliklə açılacağı ilə bağlı güc nazirliklərinin bəyanatları səslənsə də, bu günə kimi ortada nəticə yoxdur.
2132 dəfə oxundu