Avropa İttifaqının xüsusi nümayəndəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini vacib sayıb

Avropa İttifaqının xüsusi nümayəndəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini vacib sayıb

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Ə. Həsənov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ikili standartların, bu prosesdə ATƏT və digər beynəlxalq təşkilatların işğalçı ölkəyə təzyiq etməməsinin təəssüf doğurduğunu söyləyib. Ə. Həsənov nəzərə çatdırıb ki, ATƏT-in Minsk Qrupu 3 ildən bir təklif irəli sürür, indiyədək ona qədər təklif verib, lakin bunların heç birinin səmərəsi olmayıb: “Yeni komanda gəlir və yeni təklif verir. Son vaxtlar xalqlar arasında qarşılıqlı etimadın yaranması məsələsini ortaya atırlar. Onlar bilməlidirlər ki, əsl etimad Ermənistan rəhbərliyi ilə erməni xalqı, eləcə də beynəlxalq ictimaiyyət arasında yaradılmalıdır. Əgər ATƏT-in Minsk Qrupu etimad yaratmaq istəyirsə, niyə regiona səfər edəndə məcburi köçkünlərlə görüşmək istəmir?..”

Baş nazirin müavini Rusiya və Fransa prezidentlərinin qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Yerevanda keçirilən tədbirlərdə iştiraklarından təəssüfləndiyini bildirərək bu addımın ATƏT-in Minsk Qrupunun həmsədrləri olan həmin ölkələrin münaqişənin həlli prosesində ədalətli mövqe nümayiş etdirməsini şübhə altında qoyduğunu qeyd edib.

Ə. Həsənov ermənilərin beynəlxalq hüquq qaydalarını pozaraq Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyini də sərt tənqid edib.

Herbert Salber Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz qaldığını deyib: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbuledilməzdir və bu problem tezliklə həll olunmalıdır. Bu münaqişə dondurulmuş sayıla bilməz və hər an alovlana bilər, ona görə də tezliklə həll edilməlidir”.

Erməni girovluğunda saxlanılan azərbaycanlıların azad edilməsinin vacibliyini vurğulayan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi məcburi köçkünlərin məskunlaşdıqları tələbə yataqxanasında onların yaşayış şəraiti ilə tanış olduğunu söyləyib. O, qaçqınlar və məcburi köçkünlər üçün yeni salınan qəsəbələrdə hər cür şəraitin yaradıldığını bildirib və Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1261 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...