Türkiyə prezidentinin ABŞ səfəri - iflasa uğrayan erməni layihələri - ŞƏRH

Türkiyə prezidentinin ABŞ səfəri -

Türkiyə 70 ildən çoxdur ABŞ-ın bölgədəki ən yaxın müttəfiqidir. Bu müddət ərzində tərəflər arasında elə ciddi fikir və fəaliyyət ayrılığı olmayıb. Türkiyə keçmiş SSRİ-yə qarşı bölgədə müqavimət göstərib, Koreya savaşında ştatlar başda olmaqla NATO-dakı müttəfiqləri ilə eyni cəbhədə vuruşub. Körfəz savaşında ABŞ-ı müdafiə edib. SSRİ dağıldıqdan sonra da müttəfiqlik Əfqanıstan, Afrikanın şimalı, İraq və Suriyada davam edib.
Əslində, indi də hər iki ölkə bir-birini müttəfiq sayır. Son illər Suriyada terrorçu PKK/YPG-PYD-yə münasibət və Türkiyənin təhlükəsizlik məsələsinə ABŞ-ın yanaşması müttəfiqlər arasında problemlər yaradıb. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın dəvəti üzrə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri böyük maraq daşıyırdı. Bu səfərin qarşısını almaq üçün ABŞ Konqresinin Nümayəndələr palatasının 15-i Demokrat Partiyasından olmaqla 17 üzvü Donald Trampa məktub yazaraq Türkiyə liderinin səfərini ləğv etməyə çağırmışdı: “Ərdoğanın ABŞ-a ziyarət etməsi son dərəcə yersiz hadisədir. Bu dəvət geri çəkilməlidir”. Müraciəti Nümayəndələr palatasının Xarici əlaqələr komissiyasının sədri, Demokrat Partiyasının üzvü Eliot Engel hazırlayıb. Məktub müəllifləri hesab ediblər ki, Türkiyənin Suriyanın şimal-şərqində başlatdığı antiterror əməliyyatı ABŞ-ın milli təhlükəsizliyi baxımından fəlakətlə nəticələnər: “Bu, NATO daxilində dərin çatlar yaradar”. Məktub müəllifləri Donald Trampı inandırmaq üçün NATO müttəfiqi olan Türkiyənin “S-400” almasını, Rusiya ilə yaxınlaşmasını da vurğulayıblar. Rəcəb Tayyib Ərdoğan isə səfərdən əvvəl hava limanında bildirmişdi ki, Türkiyə-ABŞ əlaqələri sancılı bir dövrdən çıxacaq: “Terror qruplaşmaları bu bölgədən hələ çıxmayıblar. Bunları Donald Trampla müzakirə edəcəyik”.

Hətta ABŞ Konqresinin Nümayəndələr palatası rəsmi Ankaranı qıcıqlandırmaq üçün Türkiyəyə qarşı sanksiya və “erməni soyqırımı” ilə bağlı qətnamələr belə qəbul etdi. Ancaq ABŞ-dakı, o cümlədən Konqresdəki erməni lobbisinin irəli sürdüyü layihə iflasa uğradı. ABŞ-ın Cənubi Karolina ştatından senator, Respublikaçılar Partiyasının üzvü Lindsi Qrem Yuxarı Palatada (Senat) “erməni soyqırımı” qətnaməsinin əleyhinə səs verib. Bununla da Aşağı Palatının qəbul etdiyi layihə qəbul olunmayıb. Senator məsələ ilə bağlı deyib: “Mən bu məsələni Prezident Rəcəb Tayyib Ərdoğan və Ağ Evin başçısı Donald Trampla Türkiyənin Suriyadakı hərbi əməliyyatlarla bağlı üzləşdiyi problemləri bir neçə saat müzakirə etdim. Ümid edirəm ki, Türkiyə və Ermənistan 1915-ci il hadisələrinin öz aralarında danışa bilər. Senatorlar tarixi yenidən yazmamalı və tarixi reallığı olduğu kimi qəbul etməlidirlər. O, konqresmenləri qərar qəbul edərkən Türkiyə-ABŞ münasibətlərinin perspektivini nəzərə almağa çağırıb. ABŞ Senatının istənilən üzvü qətnamə layihəsinə səsverməni blok edə bilər.
Hər halda bütün maneələrə baxmayaraq, Donald Trampla Rəcəb Tayyib Ərdoğanın görüşü gerçəkləşdi. 1 saat 15 dəqiqə davam edən görüşdən sonra prezidentlər keçirdikləri birgə mətbuat konfransında iki ölkə arasında yaranmış problemləri, o cümlədən Suriyanın şimalındakı vəziyyət, “S-400” sistemlərinin alınması, Türkiyəyə “F-35” qırıcılarının satılması və iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması, terrorçu İŞİD-ə qarşı mübarizəni müzakirə etdiklərini vurğulayıblar. Donald Tramp bildirib ki, Türkiyə ABŞ-ın NATO-dakı müttəfiqi və strateji tərəfdaşıdır. O, türkiyəli həmkarı ilə Suriya məsələsini ətraflı müzakirə etdiyini vurğulayıb. ABŞ lideri qeyd edib ki, Türkiyə tərəfinin Rusiyadan aldığı “S-400” kompleksi ilə bağlı danışıqlar davam edəcək. Orta Şərqdə terrora qarşı mübarizəyə işarə edən Donald Tramp deyib: “Ərdoğanla məhsuldar görüş keçirdik. Prezident Ərdoğan terrora qarşı bizim kimi mübarizə aparır. Türkiyə “F-35” qırıcılarının hissələrini istehsal edir. “F-35” məsələsinin həlli istiqamətində səylərimiz davam edir. Bu məsələni həll edəcəyimizə ümidvaram”. Ağ Evin indiki sahibi İŞİD-in başçısı Bağdadiyə yönəlmiş əməliyyatla bağlı əməkdaşlığa görə Türkiyəyə təşəkkür edib: “Türkiyə-ABŞ müttəfiqliyi NATO və Orta Şərq üçün çox əhəmiyyətli gücdür”. Donald Tramp iki ölkə arasında münasibətlərin çox yaxşı olduğunu vurğulayaraq deyib: “Ərdoğan Türkiyə xalqı üçün möhtəşəm iş görür”.

ABŞ prezidenti Türkiyənin Suriyadan olan qaçqınlara çoxlu pul xərclədiyini və Avropanın bu məsələdə yardım etməsinin zəruri olduğunu vurğulayıb: “Türkiyə kürd qaçqınları da qəbul edir, onları dəstəkləyir. Türkiyə Suriyadakı münaqişədən qaçanları qəbul edir. Ərdoğan deyir ki, suriyalı qaçqınlar üçün Türkiyə 40 milyard dollar xərcləyib. Bunu başqa mənbələr də mənə bildirib. Bu, çox böyük məbləğdir. Avropa İttifaqı isə sadəcə, 3 milyard dollar verib. Onların yardım etməsi vacibdir. Terrorçuları sərbəst buraxsaq, getmək istəyəcəkləri yerlər onları qəbul etmək istəməyən Avropa ölkələri olacaq. Münaqişə zamanı bəzi İŞİD-çilər qaçmışdı. Ancaq bu, əhəmiyyətli deyil. Türkiyə onları yenidən tutdu”. Donald Tramp görüşdən əvvəl isə hərbçilərini geri çəkdiklərini bildirib: “Fikrimcə, artıq başqa insanların sərhədləri üçün narahat olmamalıyıq və öz sərhədlərimizi düşünməliyik. Türkiyə prezidenti ilə çox yaxın və uzun müddətdir dostuq, bir-birimizi çox yaxşı başa düşürük. Eyni zamanda problemlərimizi də yaxşı anlayırıq. Qeyd etdiyimiz bölgədə Türkiyədən çoxlu sayda insan həlak oldu”.

Rəcəb Tayyib Ərdoğan da gündəlikdə duran məsələlərlə bağlı səmimi danışıqlar apardıqlarını bildiriblər. O, İŞİD-ə qarşı mübarizənin əhəmiyyətini vurğulayıb: “Hər ikimiz milli təhlükəsizliyimizi təhdid edən terror təşkilatları ilə mübarizə mövzusunda qarşılıqlı iradəmizi təsdiqlədik. “S-400” hava hücumundan müdafiə sistemləri və “F-35” proqramı ilə bağlı qarşılaşdığımız problemləri isə yalnız dialoq vasitəsilə həll edə bilərik”. ABŞ Nümayəndələr palatasının qondarma "erməni soyqırımı” ilə bağlı verdiyi qərardan Türkiyə tərəfinin narazı olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib ki, onun ölkəsi dialoq tərəfdarıdır və erməni tərəfinə ortaq komissiya yaratmaq təklifini qüvvədə saxlayır: "Bu qərar iki ölkə arasında mövcud olan münasibətlərə kölgə salır". O bildirib ki, bu gün Türkiyədəki həbsxanalarda, eləcə də Suriyanın Türkiyə tərəfindən nəzarətdə olan bölgələrdəki saxlama təcridxanalarında, təxminən, 2 200 İŞİD terrorçusu saxlanılır: “Türkiyə ABŞ-la münasibətlərdə yeni bir səhifə açmaq əzmindədir. Ankara ilə Vaşinqton yaxın tərəfdaşdır. PKK terrorçularına rəğbət bəsləyən bəzi dairələr Suriyanın şimal-şərqindəki Türkiyə-Amerika razılaşmalarından narahatdır. Biz Suriya böhranının uzunmüddətli həlli naminə ABŞ-la əldə olunan razılaşmalara sadiqik. Odur ki, hər iki ölkə İŞİD təhlükəsini tamamilə məhv etmək üçün birgə səy göstərə bilər. Ölkələrimiz Suriyada sülhə və sabitliyə töhfə verir. Türkiyə heç bir milli və dini ayrıseçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır”.

Yeri gəlmişkən, Türkiyə daxili işlər naziri Süleyman Soylu Almaniya və Hollandiya İŞİD üzvlərini ailələri və övladları ilə birlikdə Türkiyədən təhvil alacaqlarını bildirib. Türkiyə Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyat zamanı 287 İŞİD üzvünü tutub.
Nəhayət, bu qısa informasiyadan sonra bəzi qənaətləri bölüşmək istərdik. Bu səfər iki ölkə arasnda mövcud problemlərin danışıq yolu ilə həllinin mümkün olduğunu bir daha təsdiqlədi. ABŞ-la Türkiyə arasında başlıca problem nədir? Fikirmizcə, əsas problem ABŞ, İsrailin, eləcə də onların başqa müttəfiqlərinin bölgədə indiki şəraitdə İraq və Suriya torpaqlarının hesabına yeni bir dövlət yaratmaq istəyi ilə bağlıdır. Onların bu layihəsi isə Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edir. Rəsmi Ankara ölkəyə tuşlanan hücumun qarşısını almaq məqsədilə NATO-dan olan müttəfiqlərindən yardım istəyir. Bu zaman Alyansın sərhədini onlara bir daha xatırladır. Türkiyənin onlara “ləbbeyk” deməsi ərazinin itirilməsi və təhlükəsizliyinə olan təhdidlərin artmasına səbəb olar. Ancaq istər ABŞ hakimiyyətində, istər NATO-da, istərsə də ərəb dövlətləri arasında Türkiyənin bu davranışına qarşı çıxanlar var. Məsələn, Ərdoğanla Tramp arasında görüş keçirilən zaman ABŞ-ın müdafiə naziri Mark Esper PKK-nın yaratdığı “Suriya Demokratik Qüvvələri” ilə Amerika ordusunun həmkarlıq edəcəyini bildirib. Bu baxımdan, ABŞ-la Türkiyə arasında terror təşkilatları məsələsinin yüksək səviyyədə yenidən gündəliyə çıxarılacağı istisna edilmir. Bu səfərdə bir daha təsdiqləndi ki, ABŞ rəsmiləri Türkiyəni ölkələri üçün bölgədə başlıca müttəfiq sayırlar. Qalan məsələlər vaxtı çatdıqca müzakirə və həll edilə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...