Xaricdə əziyyət çəkib ad qazanırlar, vətəndə “gözlə” cavabı alırlar - Üzə bağlanan qapılar

Xaricdə əziyyət çəkib ad qazanırlar, vətəndə “gözlə” cavabı alırlar -

Xaricdə doktorantura pilləsində təhsil alan Azərbaycan vətəndaşları ölkəmizdə diplomlarını təsdiqlədə bilmirlər.

Bu barədə Sputnik Azərbaycan-a xaricdə fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsinə yiyələnən bir neçə şəxs məlumat verib. Onların Sputnik Azərbaycan-a bildirdiyinə görə, diplomlarının tanınması üçün dəfələrlə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət ediblər. Amma həmin şəxslərə bildirilib ki, xaricdə doktorantura təhsilini başa vuran şəxslərin diplomları hələlik qəbul olunmur. Hətta alimlərə bunun üçün tələb olunacaq sənədlər barədə də dəqiq məlumat verilməyib.

Sputnik Azərbaycan xaricdə fəlsəfə doktoru dərəcəsinə yiyələnən alimlərin diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulunun dayandırılmasının səbəbini araşdırıb. Ali Attestasiya Komissiyasından bildiriblər ki, yaydan etibarən diplomların tanınması üçün qəbul dayandırılıb. Komissiyadan buna izahat olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2019-cu il 11 iyun tarixində "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin və "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 728 nömrəli Fərman imzalayıb. Hazırda diplomların tanınması üçün yeni qaydalar müəyyənləşir. Yaxın vaxtlarda sənəd qəbulu yenidən başlayacaq.

Qeyd edək ki, artıq Nazirlər Kabineti xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin formasının təsdiq edilməsi haqqında qərar verib. Amma hələ də alimlər diplomlarını tanıtdıra bilmirlər. Bu isə alimlərin üzünə açılacaq bir çox qapıları bağlayır. Belə ki, onlardan işə qəbul zamanı diplom tələb olunsa da, diplomları tanınmadığından sənəd təqdim edə bilmirlər. Ali Attestasiya Komissiyasının yarıtmaz fəaliyyəti gənc alimləri Azərbaycandan incik salır.
Bununla yanaşı, gənc alimlər xaricdə aldıqları diplomun tanınması üçün tələb olunan qaydaların sadələşdirilməsini də tələb edirlər. Gənc alimlər bildirirlər ki, diplomlar tanınarkən, xaricdəki ali təhsil müəssisələrinin hamısına eyni tələbi qoymaq düzgün deyil. Məsələn, hazırda fəlsəfə doktoru dərəcəsinə yiyələnənlərdən müdafiənin stenoqramı tələb olunur. Qardaş Türkiyədə doktorluq dərəcəsinə yiyələnənlər isə müdafiə edərkən stenoqam yazılmır. Bundan əlavə, elmi işin müəyyən hissəsinin ana dilinə tərcümə edilməsi ilə bağlı tələb də narazılıq doğurur.

Azərbaycanlılar Türkiyədə saxta attestatı necə həqiqi diploma çevirirlər

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xaricdə doktorantura pilləsində təhsil alan şəxslərin Ali Attestasiya Komissiyasına təqdim etdiyi diplomların tanınması təmin edilməlidir: "Amma təəssüf ki, Ali Attestasiya Komissiyasının həm keçmiş, həmçinin də indiki rəhbərliyindən diplomların tanınması ilə bağlı xeyli şikayətlər var. Rəhbərlik dəyişdikdən sonra da bu şikayətlər azalmayıb. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti olaraq bizə də diplomların tanınmasında yaradılan maneə barədə məlumatlar daxil olur. Gənc alimlər bizə yazıb bildirirlər ki, onlar xaricdə doktorantura pilləsində təhsil alıblar, amma ölkəmizdə onların diplomu tanınmır, bu proses müxtəlif səbəblərdən dayandırılıb. Hətta bizə müraciət edənlər arasında Norveçdə diplom alanlar da var.

Ali Attestasiya Komissiyası bu problemi aradan qaldırmalıdır. Xaricdə, xüsusilə Türkiyənin, eləcə də digər ölkələrin tanınmış universitetlərində doktorantura pilləsində təhsilini başa vuran şəxslərin diplomları həmin ölkədə kifayət qədər ciddi instansiyalarda nəzarətdən keçir. Nüfuzlu universitetlərdə fəlsəfə və elmlər doktoru diplomu alanların dissertasiyasında hansısa qüsurların olacağı da inandırıcı deyil. Düzdür, Prezident Ali Attestasiya Komissiyasının rəhbərliyində dəyişiklik etdi, Komissiyanın işinin təkmilləşdirilməsi istiqamətində da xeyli yeniliklər baş verdi. Amma bu qərarların heç birində qeyd edilməyib ki, diplomların tanınması dayandırılmalıdır. Əgər bu istiqamətdə bundan sonra da şikayətlər daxil olursa, deməli nöqsanlar aradan qaldırılmayıb, bürokratik əngəllər hələ də qalmaqdadır. Prezident yanında Ali Attestasiya Komissiyası xeyli nüfuzlu qurumdur. Bu qurumun diplomların tanınmasını heç bir açıqlama etmədən dayandırması düzgün deyil".
Qeyd edək ki, xaricdə doktorantura pilləsi üzrə verilən diplomların tanınması işinin dayandırılması barədə Ali Attestasiya Komitəsinin saytında da heç bir məlumat qeyd edilməyib. Bu qurumda mətbuatın suallarını cavablandıracaq səlahiyyətli şəxs də tapa bilmədik. Qurumun saytında yerləşdirilən telefon nömrəsindən isə çox məhdud informasiya verilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...