Bakıda ölümə aparan piyada keçidləri: - "İşıqfor qoymaqdan çəkinirlər, çünki..."

Bakıda ölümə aparan piyada keçidləri: -

“Şəhər küçələrinin dizaynında təkcə sürücüləri deyil, piyadaları da düşünməliyik”.

Bu sözləri nizamlanmamış piyada keçidləri barədə Lent.az -a danışan nəqliyyat eksperti Hüseyn Abdullayev deyib.

Bakının geniş yollarının əksəriyyətində piyada keçidləri olsa da, həmin ərazilərdə işıqforlar quraşdırılmayıb. Buna görə də çox vaxt sürücülər həmin keçidlərdə piyadaları gözləmədən hərəkətə davam edirlər. Təəssüf ki, bu da bəzən piyada vurulması ilə nəticələnən yol qəzaları da müşahidə olunur.

Hüseyn Abdullayev nizamlanmamış piyada keçidlərinin hansı ərazilərdə qoyulmasına aydınlıq gətirib:

“Nizamlanmayan piyada keçidi işıqforla tənzimlənmir. Burada piyadaların üstünlüyü daha çoxdur və sürücülər şərtsiz yol verməlidir. Lakin bu hər yerdə tətbiq edilə bilməz. Bütün dünyada belədir ki, biristiqamətli yolda əgər 2 və daha artıq zolaq varsa, burada heç bir halda nizamlanmamış piyada keçidi təşkil etmək olmaz. Bu halda bəzən yolu daraldaraq, yaxud yolun ortasında adacıq düzəldərək piyada keçidi təşkil edirlər. Bütün digər hallarda şəhər mühitində nizamlanan piyada keçidləri olmalıdır. Onu deyək ki, Bakı şəhərində geniş hissəli yollarda nizamlanmamış keçidlər tətbiq olunur. Halbuki o yollarda sürət həddi saatda 60 kilometrdir. Bu halda nizamlanmamış piyada keçidləri tətbiq etmək olmaz”.

Ekspert geniş hissəli yollarda nizamlanmamış keçidlərin təhlükə saçdığını vurğulayıb. Onun sözlərinə görə, həmin yollardakı keçidlərin təhlükəli olması bir sıra amillərlə bağlıdır:

“Geniş hərəkət hissəsi olan yollarda sürücünün biri dayanıb piyadanın keçməsi üçün yol verirsə, digərləri onu görməyə bilər. Çünki orada həm görmə məhdudiyyəti, həm də sürət yüksək olduğu üçün sürücünün görmə bucağı daralır və keçidi yaxşı görmür. Belə hallarda təhlükələr yaranır. Ancaq təəssüf ki, Bakıda buna yol verilir. Buna səbəb odur ki, xüsusən də yolayrıclarında işıqforların qoyulmasından çəkinirlər. Düşünürlər ki, bu avtomobil axınını gecikdirə bilər. Şəhər küçələrinin dizaynında təkcə sürücüləri deyil, piyadaları da düşünməliyik. Lazım olan yerlərdə piyada keçidləri qoyulmalıdır. Elə təşkil olunmalıdır ki, təhlükəsizlik təmin olunsun. Riskləri təhlil edib qərar vermək lazımdır. Əks halda, hazırda təşkil olunan piyada keçidləri daim təhlükə mənbəyi olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...