AMB banklara kreditlərin verilməsi qaydasını dəyişib

Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişiklikləri təsdiq edib.

"APA-Economics" xəbər verir ki, yeni qayda ilə Mərkəzi Bank tərəfindən verilən yenidənmaliyyələşdirmə kreditlərinin şərtləri dəyişdirilib.

Yeni qaydaya görə, bundan sonra 180 gündən çox olmayan müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə birbaşa və ya dolayı hərraclar vasitəsilə ilə veriləcək. (Mərkəzi Bank banklara yenidənmaliyyələşdirmə və sonuncu instansiya kreditləri verir).

Bundan əlavə, onlara verilən kreditlər üzrə təminat hərracın keçirildiyi gündən 3 iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunacaq. Bundan əvvəl sözügedən müddət 5 gün nəzərdə tutulmuşdu.

Bildirilib ki, hərraclarda “Banklar haqqında” Qanununa müvafiq olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fəaliyyətinə məhdudiyyət və ya qadağa qoyulmayan, Mərkəzi Bank və ya banklar qarşısında vaxtı keçmiş kredit öhdəliyi olmayan banklar iştirak edə biləcəklər.

Azərbaycan Mərkəzi Bankı pul siyasətində bir illik (360 günlük) yenidənmaliyyələşmə kreditlərin hərrac vasitəsi ilə verilişindən imtina edir. Yeni qaydaya görə, artıq bu müddətə hərracla kredit verilməsi qaydada yer almır.

360 gündən yuxarı veriləcək kreditlər artıq hərracdan kənar verilən yenidənmaliyyələşdirmə kreditləri sayılacaq. Digər bir şərt ondan ibarətdir ki, makroiqtisadi vəziyyət nəzərə alınmaqla Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təminat əsasında 360 gündən çox olmayan müddətə hərracdan kənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər.

Mərkəzi Bank müraciət daxil olduqdan sonra 2 iş günündən gec olmayaraq kreditin verilib-verilməməsi barədə qərar qəbul edilməsi qaydasını ləğv edib. Sonuncu instansiya kreditlərində bankın və ya bankın səhmdarlarının mülkiyyətində olan, heç bir öhdəlik üzrə yüklü edilməmiş və barəsində məhkəmə mübahisəsi olmayan daşınmaz əmlak da aktiv kimi təmin edilməlidir.

Yeni qaydaya əsasən qızıl külçə formasında bank metalı aktivi ilə sonuncu instansiyada təmin edilmə qaydası da ləğv edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...