Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
Bir qrup tanınmış ziyalı həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət ünvanlayıb.

Gundeminfo.az Musavat.com-a istinadən xəbər verir ki, müraciətdə T. Yaqublunun keçirdiyi aclıq aksiyasının artıq 6-cı həftəni geridə qoyduğu və aclığın yaratdığı fiziki-psixoloji fəsadların onun həyatına real təhlükə yaratdığı bildirilib.

Müraciətdə deyilir:

“Bu gün Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri, Qarabağ qazisi Tofiq Yaqublunun həyatı real təhlükə qarşısındadır. Onun həbsxanada başladığı ölüm aclığı terminal mərhələyə qədəm qoyub. Tam qida aclığının artıq 6-cı həftədə yaratdığı fəsadlar ciddi təşviş doğurur. Aclıqdan qaynaqlanan kəskin halsızlıq və zəiflik, yaddaşın zəifləməsi və hərdən itməsi, fikirləri qarışdırması, tutmaşəkilli dözülməz mədə ağrıları, ürəkbulanma, qusma, yetərincə çəki itkisi 65 yaşlı bir insan üçün birbaşa ölümə doğru gedən yoldur.

Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızları Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır. Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər.

Cənab Prezident! Dövlətin öz vətəndaşına mərhəmət və humanizm göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir. Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik”.

Müraciəti aşağıdakı tanınmış şəxslər imzalayıb:

Adil Qeybulla - Professor

Sabir Rüstəmxanlı - Xalq şairi, VHP sədri

Məmməd İsmayıl - Şair

Rüstəm Behrudi - Şair

Cavanşir Quliyev - Əməkdar İncəsənət Xadimi

Qulu Məhərrəmli - Professor

Erkin Qədirli - Millət vəkili

Eldəniz Quliyev - Ssenarist, kinodramaturq

Hilal Məmmədov - Hüquq müdafiəçisi

Qorxmaz İbrahimli - İctimai xadim

Sərdar Cəlaloğlu - ADP sədri

MirMahmud Mirəlioğlu - KXCP sədri

Bahəddin Həzi - Yazıçı-publisist



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
19 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...