Rusiya Aİ-dən intiqam almaq üçün 8 il gözlədi - TƏHLİL
Avropa İttifaqının (Aİ) Rusiya qazından asılılığı azaltmaq niyyəti avropalı məmurların "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə bağlı ideyasını ortaya çıxardı. "APA-Economics" xəbər verir ki, bu layihənin icrasında əsas məqsəd Rusiyadan yan keçməklə Xəzər dənizindən hasil olunan qazı Avropaya çatdırmaqdır.
"Reuters" agentliyi yazır ki, rəsmi Brüssel başqalarına, yəni Rusiyaya qarşı tətbiq etdiyi qaydalarını pozmaq məcburiyyətində qalmasaydı bu plan baş tuta bilərdi. Trans-Adriatik Qaz Boru Xəttinin (Trans Adriatic Pipeline, TAP) tikintisi sürətlə davam edir. Dəyəri 6,2 mlrd. avro olan TAP artıq 2019-cu ildə avropalı istehlakçıları qazla təmin edəcək.
Lakin indi avropalı məmurların yadına düşüb ki, Aİ-də qaz nəqli sahəsində monopoliyanı qadağan edən qayda var. Belə ki, qaz borusunun sahibi açıq hərrac yolu ilə digərlərinə onun ötürücülük qabiliyyətinin yarısından istifadə etmək imkanı tanımalıdır. Bu qayda təxminən 8 il öncə qəbul olunub. Rusiya tərəfi iddia edir ki, qaydanın tətbiq olunmasında əsas məqsəd "Qazprom" şirkəti tərəfindən Qara dənizin dibi ilə qaz borusunun tikintisinə maneə yaratmaqdır. Nəticə etibarilə Rusiya "Cənub axını" kimi tanınan layihədən imtina etdi. Bunun ardınca TAP layihəsi peyda oldu. Lakin Rusiya Brüsseli "öz kartları ilə vurmaq" fikrindədir. Belə ki, "Qazprom" yuxarıda qeyd edilən qaydanı əldə rəhbər tutaraq TAP-a qoşulmaq istədiyini bildirib. Konkret desək, "Qazprom" TAP-ın ötürücülük qabiliyyətinin yarısından istifadə etmək fikrindədir. TAP layihəsi "Sahdəniz" yatağından hasil olunan qazı nəql etmək üçün hazır olduqdan sonra digərləri onun ötürücülük qabiliyyətindən istifadə edə bilər. İndiki vəziyyətdə isə "Qazprom"dan başqa real namizəd yoxdur.
Yanvarın 25-də "Qazprom"un İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev Vyanada keçirilən konfransda bildirib ki, Rusiyanın dövlət şirkəti TAP və "Poseidon" (Yunanıstanla İtaliyanın qaz nəqli sistemlərini birləşdirən interkonnektor - red.) kəmərləri vasitəsilə Avropaya qaz nəql etməyi nəzərdən keçirir. Şirkət rəsmisi deyib ki, Avropanın qaza olan tələbatını ödəmək üçün "Nord Stream 2" və "Тürk axını" layihələri yetərli olmaya bilər: "Buna görə, biz Cənubi Avropadan olan tərəfdaşlarımızla danışıqlar aparırıq. Danışıqların predmeti "Poseidon" və ТАР layihələrindən istifadədir".
Bunun ardınca top-menecer əlavə edib ki, hazırda "Qazprom"un TAP-a qoşulması ilə bağlı konkret təklif irəli sürülməyib.
Bundan bir gün sonra TAP-ın səhmdarı olan İtaliyanın "Snam" şirkəti "Qazprom"un layihəyə qoşulması niyyətini dəstəkləyib. İtaliya şirkətinin vitse-prezidenti Federiko Ermoli bildirib ki, "Qazprom" TAP-a qoşularsa, kəmərin ötürücülük qabiliyyəti ikiqat artacaq: "Kiçik investisiya hesabına biz kəmərin ötürücülük qabiliyyətini 20 mlrd. kubmetrədək artıra bilərik. Bu, "Poseidon" layihəsinin genişləndirilməsindən daha ucuz başa gələr. TAP-ın hesabına Rusiya qazı İtaliya, Avstriya, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstana nəql oluna bilər".
Digər səhmdar "Fluxys" şirkətinin rəhbəri Paskal de Byuk də "Qazprom"un TAP-a qoşulmasını dəstəkləyib.
Avropalı məmurlar bu vəziyyətdə çarəsiz olduğunu etiraf edir. Başqa sözlə, Rusiya qazından asılılığı azaltmaq istəyən Aİ rəsmiləri "Qazprom"un TAP-a qoşulmasını əngəlləmək iqtidarında deyillər. Onlardan bəziləri "Reuters" agentliyinə açıqlamasında aşkar şəkildə bəyan ediblər ki, "Qazprom"un TAP-a qoşulması "Rusiya qazından asılılığı azaltmaq istəyən Brüsselin bütün planlarının üzərindən xətt çəkəcək": "Bu baş verərsə, biz tərəfdaşlarımıza verdiyimiz sözü tutmamış olacağıq". "Reuters" yazır ki, "tərəfdaşlarımız" deyərkən avropalı diplomatlar Ukrayna və Şərqi Avropa ölkələrini nəzərdə tutur. Bildiyimiz kimi, bu ölkələr tamamilə Rusiya qazından asılıdır.
Maraqlıdır ki, artıq bəzi avropalı diplomatlar Rusiyanın TAP-da iştirakını əngəlləmək üçün yuxarıda qeyd edilən qaydaların sözügedən layihə üçün keçərli olmamasını təklif edib. Lakin "Reuters" agentliyinin əldə etdiyi məlumata görə, Avropa Komissiyası bu addımı atmaq fikrindən uzaqdır. Bununla yanaşı, agentlik yazır ki, Avropa Komissiyasının bu məsələyə birbaşa müdaxiləsi açıq qaz bazarı yaratmaq cəhdlərinə zərbə vura bilər. Bundan başqa, unutmaq olmaz ki, Rusiya rəsmi Brüsselin müdaxiləsini cavabsız qoymayacaq.
Avropalı ekspertlər hesab edir ki, Rusiya qazının əsas üstünlüyü onun ucuz olmasıdır. Aİ dəfələrlə öz istehlakçılarına İsrail, Əlcəzair, Kipr, Misir, hətta İran qazını söz verib. Lakin "Qazprom" TAP-a qoşularsa adıçəkilən ölkələr ümidlərini üzə bilərlər.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP və TAP konsorsiumları arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 mlrd. kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.
TAP layihəsinin səhmdarları SOCAR (20%), BP (20%), "Snam" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləridir.
564 dəfə oxundu