Cəbhədəki son təxribatda “Rusiya izi” - Kreml Qərbə üz tutan Sərkisyanı cəzalandırır?

Cəbhədəki son təxribatda “Rusiya izi” -


Rusiya prezidentinin yaxın adamının sözlərinə görə, İrəvan “aprel müharibəsi”ndə azad olunmuş əraziləri qaytarmağa çalışır; azərbaycanlı ekspertlər isə fərqli düşünür: “Sərkisyan Rusiyanın köpəyidir, amma sadiq köpəyi deyil...”

Fevralin 24-dən 25-nə keçən gecə Ermənistanın işğal altındakı ərzilərdəki hərbi bölmələrinin Azərbaycan ordusuna qarşı həyata keçirdiyi xain hücumunun arxasında hansı niyyətlərin olması barədə fərqli təxminlər irəli sürülür. Bir qisim ekspertlər hesab edir ki, apreldə keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistan hakimiyyətinə Qarabağda qələbələr hava və su kimi lazım olduğu üçün bu cür təxribatlara əl atılıb. Ancaq əksini söyləyənlər də var.


Bir sıra müşahidəçilərin fikrincə, əslində cəbhədə növbəti gərginliyə şərait yaradıb Azərbaycanın güclü, müasir silahlarla təchiz olunmuş ordusunun sarsıdıcı zərbələri nəticəsində yeni itkilər vermək Serj Sərkisyan iqtidarının prezident seçkilərinə ən azı bir il tez vida etməsi ilə nəticələnə bilər. Ona görə də hesab olunur ki, təmas xəttində status-kvonu saxlamaq Sərkisyan hakimiyyəti üçün sərfəlidır. Bəs, təmas xəttində gərginliyi kim körükləyir, sualına cavaba olaraq bəzi ekspertlər şimal qonşumuzu nişan verirlər. Xüsusilə də Rusiya XİN başçısı Sergey Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” açıqlamasından sonra Qarabağ ermənilərinin “referendum” keçirməsi, davamlı olaraq təmas xəttiboyunca təxribatlara əl atmasının arxasında Kremlin iradəsinin yer aldığı güman edilir.


Yeri gəlmişkən, S.Lavrovun sözügedən bəyanatından bir müddət sonra Azərbaycanın dövlət başçısı keçirilən tədbirlərin birində açıq şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın daxili işidir və Bakı heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Hesab olunur ki, Bakının prinsipial mövqeyi Moskvanı heç də razı sala bilməzdi və Azərbaycana qarşı təxribatların arxasında “rus barmağı”nın olması mümkündür.


Digər versiyalar da var. Fevral döyüşlərindən əvvəl Azərbaycan prezidenti Brüsselə uğurlu səfər etdi və bu səfərdə Avropanın aparıcı qurumlarının rəhbərləri ilə Bakı-Avropa İttifaqı əməkdaşlıqları, qaz anlaşmaları mövzusunda uğurlu müzakirələr apardı. Münhen səfərində də əməkdaşlığın yeni imkanlarından bəhs olundu. Təbii ki, Azərbaycanda təsirini artırmağa çalışan Kreml bu əməkdaşlığı məmnunluqla qarşılaya bilməz.


Daha sonra xəbər yayıldı ki, Ermənistan prezidentinin də Avropa səfəri nəzərdə tutulub və NATO, həmçinin Avropa İttifaqı rəsmiləri ilə görüşlər planlaşdırılır. Bu günlərdə həmin səfər reallaşdı. Heç şübhə yoxdur ki, Moskva Ermənistanın Qərbə yönəlik reveranslarını da cavabsız buraxmaq istəməzdi. Bu mənada gümanlara görə, Rusiya təmas xəttində ciddi gərginliyə səbəb olmaqla hər iki tərəfi “cəzalandırmaq” istəyir. Xatırladaq ki, aprel döyüşləri ərəfəsində də Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-dakı Nüvə təhlükəsizliyi sammitində iştirak etmişdilər, döyüşlər də tədbirin son günü başladı.

Image result for Elxan Şahinoğlu


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan və Ermənistan rəhbərliyinin Avropa səfərləri ilə baş verənlər qarasında elə bir əlaqə görmür: “Bakı və İrəvan keçən il Avropa İttifaqı ilə assosiativ saziş imzalamadılar. Buna baxmayaraq, atəşkəs keçən il də intensiv pozulurdu”. Ekspertə görə, Rusiya Qarabağda savaşda maraqlı deyil: “Çünki Moskvada bilirlər ki, uzunmüddətli savaş nəticəsində Azərbaycanın öz torpaqlarını geri qaytarması imkanları var. Bu isə Kremlin maraqlarına cavab vermir. Kreml İrəvan kimi status-kvonun davam etdirilməsini istəyir. Belə vəziyyətdə Kreml həm Ermənistana, həm də Azərbaycana təzyiq etmək imkanını qoruyur. Digər tərəfdən, Dağlıq Qarabağda başlayacaq savaşın Şimali Qafqaza inikas olunması təhlükəsi var ki, Rusiya bundan ehtiyat etməyə bilməz. Dağlıq Qarabağda uzunmüddətli müharibə Azərbaycan ətrafında dəstək bloku formalaşacaq. Bu qrupda Türkiyə, Pakistan, ərəb dünyasının bir hissəsi və Şimali Qafqazdakı xalqlar yer alacaqlar. Bu qrup Rusiyanın işğalçı Ermənistana verdiyi dəstəyə qarşı çıxacaq. Ona görə də Rusiyanın Ermənistan vasitəsilə Azərbaycanı təkləməsi mümkün deyil. İndi 1990-cı illər deyil ki, Rusiya Ermənistan vasitəsilə torpaqlarımızı işğal etsin”.

Image result for Politoloq Elçin Mirzəbəyli


Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, bu barədə birmənalı fikir söyləmək çətindir: “Amma Rusiyanın son dövrlərdə sərgilədiyi aqressiv davranışları nəzərə alsaq, belə bir ehtimalı da istisna etmək olmaz. Digər tərəfdən, cəbhə xəttində baş verən təxribatı Sərkisyanın NATO-nun tədbirinə qatılması ilə əlaqələndirmək doğru olmazdı. Sərkisyan nə qədər NATO-nun tədbirinə qatilir-qatılsın, Ermənistanın Rusiyanın forpostu olduğu reallığı dəyişməyəcək. İndiki halda nə Sərkisyan, nə də NATO bu reallığı dəyişmək iqtidarında deyil. Sərkisyanın Rusiyaya qarşı çıxa biləcəyini düşünmək belə mümkün deyil. Xüsusilə də seçki ərəfəsində. Sərkisyan Rusiyanın köpəyidir, amma təbii ki, sadiq köpəyi deyil. Onun Rusiyaya arxa çevirməsi yalnız o halda baş verə bilər ki, Rusiya çox ciddi və həm də qarşısıalınmaz parçalanma təhlükəsi ilə üz-üzə qalsın. İndiki durumu prezidentlərin ABŞ görüşü ərəfəsində mövcud olan vəziyyətlə əlaqələndirmək də zənnimcə, doğru olmazdı. Rusiyanın Ermənistanı cəzalandırması üçün elə bir səbəb də yoxdur. İşğalçı ölkə onsuz da Rusiyanın təsir dairəsindən çıxmaq istəmir və belə bir istəyin olduğunu da düşünmürəm”.


“Qarabağdakı vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət İrəvana aiddir”.

Bunu isə Km.ru saytına müsahibəsində Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov deyib (Axar.az). O, İrəvandakı hakim rejimin Qarabağda vəziyyəti gərginləşdirməklə erməni ictimaiyyətini öz tərəfinə çəkməyə çalışdığını bildirib: “Biz hazırda hər şeyi dəqiq bilmirik, amma Ermənistan hərbi nümayəndələrinin bəyanatlarına əsasən, gərginliyi böyük ehtimalla onların özləri başladıblar. Xatırladım ki, keçən ilin aprelində vəziyyət əksinə idi. O zaman Ermənistan bir neçə yüksəklik və bir kənd itirdi. İrəvan böyük ehtimalla itirdiklərini geri almaq qərarına gəlib. Birinci hədəf keçmiş illərdə yaradılmış, amma 2016-cı il aprelindən sonra konfiqurasiyasında dəyişikliklər edilmiş müdafiə xəttinin birliyinin bərpasıdır”.


S.Markovun fikrincə, burada ikinci məqsəd son zamanlar populyarlığını itirmiş Ermənistan prezidentinin mövqelərinin gücləndirilməsidir: “Digər tərəfdən, müharibə Ermənistana əvvəllər tərəflərə təklif edilmiş məşhur diplomatik formulların İrəvan tərəfindən həyata keçirilməməsi ilə bağlı beynəlxalq tənqidlərə cavab verməyə imkan yaradır. Bu sənədlərə görə, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı əraziləri verir, Azərbaycan isə öz növbəsində bu ərazilərdə demilitarizasiya aparır. Aydındır ki, müharibə faktı İrəvana imkan verir ki, ”biz necə mübadilə edə bilərik, axı burada müharibə gedir" sözlərini desin. Ermənistan bununla danışıqlarda öz mövqeyini sərtləşdirmək üçün əsas əldə edir. Başqa bir məqam da var. Uzun müddət ərzində Ermənistan ordusunun Azərbaycan ordusundan güclü olduğu hesab edilirdi, amma Aprel döyüşləri göstərdi ki, bu, belə deyil. Məncə, hazırkı gərginliyin əsas səbəblərindən biri də erməni ordusunun döyüş ruhunun qaldırılması və erməni xalqının öz ordusuna inamının bərpa edilməsidir".


Rusiyanın prosesləri tətiklədiyi barədə iddialara da toxunan Markov Moskvanın Qarabağ konfliktində bitərəf olduğunu söyləyib: “Moskvanın bu konfliktdə mövqeyi hər kəs üçün sülhdür. Aprel müharibəsi Vladimir Putinin hər iki ölkənin prezidentinə zəng etməsindən sonra bitdi. Burada əsas məqam odur ki, müharibəni bitirməyən tərəf Rusiyadan heç bir dəstək almayacaq. Bu, Moskvanın təsir rıçaqıdır. Rusiya hələlik fasilə götürüb və bir az gözləyir. Bütün informasiyaları toplayıb, hazırkı gərginliyin incəliklərini tam müəyyən edəndən sonra hərəkətə keçəcək”.


Markov Ermənistanın hücuma keçməsinin 4 səbəbini və əsas planını açıqlayıb. Onun sözlərinə görə, İrəvan “aprel müharibəsi”ndə azad olunmuş əraziləri qaytarmağa çalışır: “Birinci hədəf müdafiə xəttinin birliyini gücləndirmək, ikinci hədəf isə Ermənistan prezidentinin son zamanlar düşən nüfuzunu artırmaqdır. Sarkisyan "kiçik qalibiyyətlə" buna nail olmaq istəyir. Bundan başqa, müharibə İrəvana münaqişə tərəflərinə təklif edilmiş həll düsturundan yayınmağa imkan verir".

Image result for Aprel Döyüşləri


Kremlə yaxın politoloq 25 fevral hücumunun daha bir səbəbinin olduğunu vurğulayıb. “Uzun müddət Ermənistan ordusunun Azərbaycan ordusundan güclü olduğu haqda danışılırdı. Lakin ”aprel müharibəsi" bunun belə olmadığını göstərdi. Hesab edirəm ki, erməni ordusunun döyüş ruhunun qaldırılması, erməni xalqında orduya inamın artırılması bu hücumun əsas səbəblərindən biridir", - deyə o bildirib.


“Ermənilərin məqsədi təmas xəttinə beynəlxalq müşahidəçiləri yerləşdirmək, monitorinqlər təşkil etməkdir. Bununla istəyirlər ki, özlərini arxayın hiss edərək torpaqlarımızdan geri çəkilməsinlər”.

Bu fikirlər isə Milli Məclisin deputatı Rasim Musabəyova məxsusdur. Onun sözlərinə görə, Azərbaycan həmin təklifi qəbul etməyib. “Çünki şərtimiz ondan ibarətdir ki, erməni qoşunları işğal edilmiş ərazilərimizi tərk etməlidir. Yalnız belə olan halda bölgəyə müşahidəçi gələ bilər. Eyni zamanda ermənilərin cəbhədə təxribatlar törətməsi Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Sərkisyan hakimiyyəti xalqa iqtisadi baxımdan hansısa müsbət nəticələr təqdim edə bilmir. Nəzərə alınsa ki, aprel döyüşlərindən də ermənilər məğlub çıxıb, ona görə indi çalışırlar ki, hansısa üstünlük qazansınlar. Amma bu hədəflərinə nail ola bilməyəcəklər” - deyə, R.Musabəyov qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...