Yeni kabinetdə baş nazir olmaya da bilər - "Qanuna görə..."

Yeni kabinetdə baş nazir olmaya da bilər -

İlham Əliyev növbəti 7 il üçün Azərbaycan prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti artıq istefa vermiş hesab olunur. Ölkə başçısı tərəfindən yeni tərkib barədə sərəncam verilənə qədər köhnə tərkib öz səlahiyyətlərini yerinə yetirəcək. Gözlənilir ki, yeni dönəmdə hökumətin tərkibində bəzi dəyişikliklər ediləcək. Bu dəyişiklik genişmiqyaslı aparılmasa da, iqtidar komandasından bəzi nazirlərin yola salınacağı bildirilir. Bəzi qaynaqlar iddia edir ki, yeni hökumətdə yeni və daha gənc baş nazir olacaq. Amma bəzi mənbələrə görə, hökumətə yenə də 83 yaşlı Artur Rəzizadə başçılıq edəcək. Artur Rəsizadə 1996-cı ildən bəri hökumətə rəhbərlik edir.

Xatırladaq ki, 2013-cü il prezident seçkilərindən sonra da hökumətdə bəzi islahatlar aparıldı və bir neçə nazir vəzifədən kənarlaşdırıldı. Həmin vaxt Səfər Əbiyev, İsmət Abbasov və Fizuli Ələkbərov istefaya göndərildi. Müdafiə naziri Səfər Əbiyev orduda əsgər ölümlərilə bağlı ən çox tənqid olunan məmurlardan sayılırdı. Əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun adı isə İsmayıllı hadisəsi ilə bağlı hallanırdı. Kənd təsərrüfatı naziri İsmət Abbasov isə daha çox xaricdə sayı bilinməyən mülklərilə gündəmə gəlirdi.

Maraqlıdır, yeni hökumətdə kimlər təmsil oluna, kimlər gedə bilər?

Milli Məclisin üzvü, prezidentliyə keçmiş namizəd Zahid Oruc Cebhe.info-ya açıqlamasında deyib ki, Konsitusiya ya əsasən hökuməti formalaşdırmaq bütövlükdə prezidentin səlahiyyətidir: “O, seçkinin qalibidir. Millət ona etibar edir. 11 apreldən çıxan siyasi gündəlik də düzgün oxunmalıdır. Yəni, cəmiyyətimiz əsas inkişaf tendensiyaları qoruyub saxlamaq, dövlətin təməl prinsiplərini hifz eləməklə yanaşı, müxtəlif sahələr üzrə gözləntilərini də açıq dilə gətirir.Mənə görə biz hökumətin yeni tərkibi məsələsində konkret adlar üzərində kilidlənməli deyilik. Bunun timsalında hökumətdə çox ləyaqətlə, işinin öhdəsindən peşəkarlıqla gələn və dövlət başçısının masası üzərinə cəmiyyətdən öz xidmətlərinə dair yaxşı qiymətlər alan nazirlər var.

Şübhə etmirəm ki, onlar yenidən də təyinat alacaqlar. Bu yerdə il, zaman müddətini ölçmək də yanlışdır. Qərb ölkələrinin praktikasına baş vuraraq oradan misallar gətirmək istəmirəm. Ən vacib məsələ məsuliyyətlilik, şəffaflıq, reputasiya təmizliyi, çeviklik, komandalılıq prinsiplərinə əməl etmək, sədaqətlilik dövlət başçısı tərəfindən müəyyənləşmiş siyasətin, tələblərin, tədbirlərin ünvanlı olaraq vətəndaşa çatdırılması, bürokratizmə yol verilməməsi, korrupsiya və digər xarakterli cinayətlərə yuvarlanmaması və s. kimi hallardır. Ən azı 2015-ci ildən sonra hökumətdə ciddi dəyişikliklər baş verdi. 4 nazir öz vəzifəsini itirib. Razılaşın ki, bunlar özünün ranqına və fəaliyyət sahəsinə görə kifayət qədər böyük əhatə dairəsinə malik idi. Bunlarla bağlı baş vermiş cinayət hadisələri də bu gün hələ gündəmin mühüm yerini tutmaqdadır”.

Millət vəkilinin fikrincə, təyinat alacaq hər bir insan üçün dövlət başçısının onun üzərinə qoyduğu etimadla yanaşı vəzifələrin miqyası da tam fərqlidir: “Yəni, bu gün 2010-cu ilin ahəngi ilə işləmək olmur. Çünki asan pullar kimi xarakterizə olunan böyük neft dollarının axını baş vermir. Burada yarıbayarı azalmalar mövcuddur. Hökumətin yeniləşməsinin nə səviyyədə getdiyini yaxın zamanlarda görəcəyik. İlk növbədə baş nazirin təyinatı ilə bağlı yəqin ki, parlamentə təqdimat olunacaq. Sonrakı məsələləri isə həmin konteksdə qurmalıyıq. Hesab edirəm ki, veriləcək qərarlar millətimizin də arzularına uyğun olacaq”.

ADP sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlunun sözlərinə görə isə, ölkə başçısı da ciddi siyasi islahatlar aparılacağını bildirib: “Siyasi islahatlar dedikdə ümumiyyətlə, nə nəzərdə tutulur? Bu islahatlar haqda məlumatım olsaydı, deyərdim ki, kim yerində qalacaq, kim gedəcək. Ona görə də bu barədə proqnoz vermək fikrim yoxdur. Əslində, tərkib tam şəkildə getməlidir. Çünki ölkəni indiki vəziyyətə bu tərkib gətirib çıxarıbsa, bundan sonra daha 7 il qalmaları ölkəyə zərbədir. Ona görə tərkib tam dəyişilməlidir. Əgər istəyirlərsə ki, ölkədə müəyyən bir dəyişiklik olsun, o zaman bu tərkibin ən azı 90 faizi getməlidir”.

Sərdar Cəlaloğlu onu da əlavə edib ki, Azərbaycanda Konstitusiyaya görə baş nazir vəzifəsinə ehtiyac yoxdur: “Çünki ölkədə artıq Vitse- Prezidentlik İnstitutu yaradıldığına görə baş nazir olmamalıdır. Amma indi Konstitusiyada boşluq var. Ölkədə həm vitse-prezidentlik, həm də baş nazirlik kürsüsü var. Bilmirəm necə olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...