Bu gün Şah babamız, Şah İsmayıl Xətainin doğum günüdür!

Bu gün Şah babamız, Şah İsmayıl Xətainin
GUNDEMINFO.AZ yazır ki, bu gün Şah babamız Şah İsmayıl Xətainin doğum günüdür!

Şah İsmayıl Xətai 1487-ci il iyun ayının 17-də Ərdəbil şəhərində anadan olmuşdur. XIII-XIV əsrlərin qovşağında yaşayan Şeyx Səfiəddin Ərdəbilinin dövründən fəaliyyətə başlayan Darül-irşadi bütün Yaxın Şərq aləmində gedən elmi, fəlsəfi görüşlərin ən güclü mərkəzlərindən birinə çevrilmişdir. Qızılbaşlıq adı ilə tanınan Səfəviyyə cərəyanı burada formalaşmış, Şərqin bir -çox ölkələrinə yayılmışdır.

Buraya inamla gələn sufilər, müridlər İsmayılın babası, Şeyx Cüneydə, atası Şeyx Heydərə arxa olmuş, onlara yeni bir dövlətin bünövrəsini qoymağa yaxından kömək etmişlər. İsmayılın çox gənc yaşlarında döyüşlərə atılması, gələcəkdə qüdrətli bir Azərbaycan dövləti yaratması onun babalarının çox əsrlik mübarizələrinin nəticələri idi.

İsmayıl ana tərəfdən də köklü bir ailəyə məxsus idi. Anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi. Ağqoyunluların Səfəvilərlə qohumluq əlaqələri yaratmaları bu sülalənin artan nüfuzu ilə bağlı idi. Lakin Ağqoyunluların Səfəvilərlə münasibəti sabit qalmır, Səfəvilərin günü-gündən artan qüdrəti onları qorxuya salırdı. Şeyx Heydər qəddarlıqla öldürülür, arvadı Aləmşah bəyim isə iki öğlu - İbrahim və balaca İsmayılla bərabər İstəxrdəki həbsxanaya salınır. Ağqoyunlu hökmdarı Sultan Yaqubun öldrülməsindən sonra hakimiyyət uğrunda gedən mübarizədə Rüstəm mirzə Səfəvilərdən istifadə etmək məqsədi ilə Şeyx Heydərin övladlarını həbsdən azad edir. Öz səhvlərini sonradan anlayan ağqoyunlular İsmayıl və ailəsini bir daha ələ keçirə bilmirlər. Şah İsmayıl Gilan hakimi Həsən xanın himayəsi altında Lələ Hüseyn bəy tərəfində tərbiyə edilir, bir dövlət xadimi kim iyetişdirilir.

Yeni qurulacaq dövlətin adının Səfəvilər olması İsmayılın ulu babalarından olan, el arasında Şeyx Səfi adlandırılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1335) adından götürülmüşdür.

Şah İsmayıl Səfəvi Xətai – 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Halbuki, özlərini türk varisi hesab edən Osmanlıda dövlət dili fars dili idi. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişdi.

Şah İsmayıl Səfəvi Xətai – ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdır və Azərbaycana xas bu idman növü geniş yayılmışdır.

Şah İsmayıl Səfəvi Xətai – dahi strateq idi. Öz qoşünlarını aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar “Aslanovskaya podkova”, yəni “Aslanov nalı” adını verəcəklər.

Şah İsmayıl Səfəvi Xətai – bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, Vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşünün ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub. Bu da fatehlərə xasdır.

Şah İsmayıl Səfəvi Xətai – ağlasığılmaz cəsarətə malik bir bahadır idi. Başqa dövlət başçıları çadırlarından döyüşü izlərkən, hələ 14 yaşı tamam olmamış İsmayıl, qoşunun önündə hücuma keçirdi. Şirvana yürüş zamanı Kür çayı daşır, qoşunun yolunu sel alır. Qoşunda tərəddüd yayıldığını görən Şah İsmayıl atıyla birgə çaya atlayır. Onun dalınca digər sərkərdələr və qoşun də çayı yararaq qarşı sahilə keçir.

Çaldıran döyüşündən öncə o, Sultan Səlimə meydan oxuyaraq onu döyüşə dəvət etdi. Lakin Sultan Səlim qorxaraq öz yerinə Osmanlıda yenilməz sayılan Malqoçoğlunu göndərdi. Şah İsmayılın ətrafı: “Şaha bir sərkərdə ilə vuruşmaq yaraşmaz” dedi. O isə cavab verdi – “İstəmirəm sonra döyüşə qorxub çıxmadı desinlər”. Şah İsmayıl Malqoçoğluna elə bir zərbə endirdi ki, hər iki tərəf heyrətdən alqış dedi. Onun qılıncı Malqoçoğlunun dəbilqəsini, zirehini və qalxanın bir hissəsini yararaq, Malqoçoğlunu başından iki yerə bölmüşdü. Elə həmin döyüşdə o, qılıncla topun lüləsini kəsmişdi.

Şah İsmayıl Səfəvi Xətai – ədalətli hakim idi. Məlumdur ki, Şah İsmayıl Osmanlı dövləti ilə vuruşmaq istəmirdi. Lakin şərqində güclü qonşu istəməyən Sultan Səlim, 200 minlik qoşunla Azərbaycana yürüş etməyə qərarlı idi. Buna görə də Şah İsmayıl qərara gəlir ki, Osmanlı qoşununun qarşısına çıxacaq bütün torpaqları yandırıb yararsız hala salsın. Məqsəd - düşmən qoşununun ac, susuz qalıb əldən salaraq geri qaytarmaq idi. Bunun üçün Şah İsmayıl torpaq sahiblərinin ziyanları müqabilində onları neçə illik vergidən azad etdi.

Şah İsmayıl Səfəvi Xətai – döyüşlərdə yenilməyən sərkərdə idi. “Ya Əli!” sədası ilə özündən neçə dəfə çox sayda olan qoşuna hücum edib, qalib gələrdi. Buna misal kimi Şah İsmayılın 7 minlik qoşunla Ağqoyunlu Əlvəndin 30 minlik qoşununa hücum edib qalib gəlməsini, 12 minlik qoşunla Ağqoyunlu Muradın 70 minlik qoşununa hücum edib qalib gəlməsini və digərləri göstərmək olar. İstisna yalnız Çaldıran döyüşü oldu. Sultan Səlimin 200 minlik qoşunu, 300 topuna qarşı Şah İsmayıl 20 minlik süvari ordu ilə çıxmışdı. Döyüş 3 gün davam etdi. Qızılbaşlar görünməyən qəhrəmanlıq göstərərək, qalib gələ də bilərdi. Lakin Sultan Səlim Yavuz elə bir işə qol atdı ki, qalib gəldi, amma özünü rüsvay etdi. O, əmr etdi ki, yerdə qalan topların lülələrini yuxarı qaldırsınlar. Bu zaman toplar döyüş meydanına atəş açdı və nəticədə hər iki tərəfin əskərləri həlak oldu. Qızılbaş ordusu süvarı olduğu üçün mərmilər onlara daha çox təsir etdi, çünki atlar partlayışdan hürkürdü. Nəticədə qızılbaş ordusu 5 min nəfər, osmanlı ordusu isə 30-40 min arası itki verdi.

Şah İsmayıl Səfəvi Xətai – yenilikçi dovlət başçısı idi. Onun dövründə bir yeni islahatlar həyata keçirilmişdi. Bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Biz sahib olduğumuz üçrəngli bayrağa görə Məhəmməd Əmin Rəsulzadəyə borcluyuq. Bu, sadəcə bir bayraq deyil. Bu, Azərbaycanın inkişafının düsturudur. Yalnız bayrağımızda olan bu üç çaları inkişaf etdirməklə Azərbaycan hərtərəfli inkişaf edib qüdrətlənə bilər. Diqqət etsək, görərik ki, bayrağımızın özülünü Şah İsmayıl Xətai qoyub. Məhz o, tarixdə ilk dəfə Azərbaycan dövlətini bu istiqamətlərdə inkişaf etdirib: ana dilimizi rəsmiləşdirərək – türkcülüyü; yeniliklər edərək – müasirçiliyi; şəriətin əsasında qanunar yaradaraq – dindarlığı.

Alimin dediyi kimi, Şah İsmayılı indiki zəmanə ilə müqayisə etmək düzgün deyil. Belə etsək, biz onda minlərlə hüquq pozuntuları və digər səhvlər taparıq. Düzdür, Şah İsmayıl Xətai ideal deyil və onun özünün öz dövrünə görə də səhvləri olub. Ancaq bu şəxsiyyətin Azərbaycan üçün etdikləri danılmazdır. Onda ləkə axtarıb rüsvay etmək istəyənlər, əvvəlcə Şah İsmayıl Səfəvi Xətainin yüzdə birini Azərbaycan üçün etsinlər. Heç bir dövrdə azərbaycanlının hökmü Gürcüstandan Fars körfəzinə qədər, Orta Asiyadan Bağdada qədər, Anadoludan Hindistana qədər keçməyib. Bax, əsl yeridir ki, deyəsən: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”

Tanrı ruhunu şad etsin Şah Babamız!!

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
67 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...