Vidadi İsayev həbs kabusu yaşayır...

 Vidadi İsayev həbs kabusu yaşayır...

Bərdə “hökmdarı” kabinetini yoxladır

Bu günlərdə Göyçayda şəhid atası övladına il mərasimi verməyə imkanı olmadığını və yerli rəhbərliyin laqeydliyini dilə gətirmişdi, məsələ ictimailəşdi: media, fəallar, müxalif cəbhə tənqid atəşinə tutdu, pis-yaxşı iradlardan nəticə çıxaran rayon icra hakimiyyəti bir addım atdı.

Anaxeber.info bildirir ki, eyni statusda Bərdədə şəhid ailələrinin ah-naləsi, harayı eşidilir, amma rayon rəhbəri Vidadi İsayev özünü eşitməzliyə, görməzliyə qoyur.
Misal üçün, ötən həftə iş üçün qəbula gedən bir şəhid anasına küçə süpürməyi təklif etmişdi, ardınca, şəhid balasının ev muzeyini yaratmağa imkan olmayan ananın giley-güzarı yayılmışdı, heç birinə Vidadi İsayev dəstək olmadı, ən azı özünün təriflənməsi naminə...

Əslində bütün icra başçıları yuxarı-aşağı bir xislətə malikdirlər. Onların 8-i türməyə göndərilib, biri oradan sağ çıxmayıb, neçəsi işindən azad olunub, ancaq yerdə qalanlar yenə eyni ağılla siyasət yürüdürlər.

O baxımdan 2011-ci ildən Bərdənin icra başçısı olan, 10 ildir bu şəhərə “qan udduran”, saysız-hesabsız mal-mülkə sahiblənən, ailəsinə biznes quran, külli miqdarda mənimsəmələri üzə çıxarılan İsayevin də onlardan ciddi fərqi yoxdur, bir yoxlama, iki qara maskalı yetərlidir ki, hansı əməllərin sahibi olduğu aydınlaşsın.

Ancaq onu qoruyan sirli əllərin gücünə arxayınlaşmış icra başçısı bu səbəbdən nə şəhidə hörmət qoyur, nə ailəsini sayır, nə özünü yaxşı göstərmək, gözə kül üfürmək naminə bir addım atır. Halbuki Bərdənin icra başçısı Şəmkirin keçmiş və həbsdə olan rəhbəri Alimpaşa Məmmədovla bir medalın iki üzüdürlər.

Bir fakta nəzər salaq: 2018-ci ildən sonra Prezident Bərdəyə getməyib. Üç ildir ki, dövlət başçısına yalan məlumatlar, məruzələr olunur.

Əgər bir səfər edərsə, V.İsayevin rayonu nə vəziyyətə saldığına şahid ola bilər. Eyni zamanda, rayon ziyalıları, şəhid ailələri ölkə başçısına Bərdənin idarə olunması haqda həqiqətləri açıqlayar.

Sadəcə, siyasi qərar olmalı və hüquq-mühafizə orqanlarına tapşırılmalıdır ki, Bərdə rayon İcra Hakimiyyətində büdcə vəsaitlərinin xərclənməsi, tenderlər, sahibkarların şikayətləri araşdırılsın. Həmçinin, satınalmalar, rayonda görülən işlər, icra əməkdaşlarının vətəndaşlarla necə işləməsi təftiş edilə bilər.

Bütün bunların yekununda Neftçala, Ağstafa, İmişli və digər bölgələrin sabiq icra başçılarının kabinetlərindən çıxmış kitabçalar V.İsayevin də otağında tapıla bilər.

İddialara görə, hətta həmin dövrdə gedən həbslərdən sonra İsayev kabinetində “juçok” axtarışına çıxıb, rüşvət yığımı ilə bağlı kitabçanı ləğv edib, otağında kameranın hara yerləşdirməsini dəqiqləşdirməyə çalışıb, lakin heç nəyə müvəffəq olmayıb. Bu məlumatlar göstərir ki, icra başçısı şəffaf işləmədiyini özü də bilir, xof içindədir və hər an qapısının təpiklə açılmasından qorxur.
Xəbərlərə görə, son zamanlar isə təzədən arxayınlaşıb, onu himayə edən “sehirli güc”lərin dayağına söykənib, köhnə iş qaydalarını bərpa edib. Amma deyilənə görə kölgəsindən qorxan İsayev yenə də vaxtaşırı kabinetini yoxladır

Bu məqamda bir haşiyəyə çıxmaq yerinə düşər: V.İsayev Bərdədə 105 saylı texniki liseyin direktoru Şamil Şükürovu o qədər boğaza yığmışdı ki, axırda intihar həddinə çatmışdı. Sonra direktor deyirmiş ki, İsayevə nə qədər pul verməliyəm, axı bir gün məni həbs edəcəklər?! Belə də oldu, Şükürovu içəri saldılar, o da istintaq orqanlarına “açdı sandığı, tökdü pambığı...”
Lakin istintaqa verilən ifadə elə kifayət etməliydi ki, həmin zaman V.İsayev məsuliyyətə cəlb olunsun, ən yaxşı halda işdən azad edilsin. Bunların heç biri olmadı. Bir sözlə, o dövrdən indiyədək çirkaba bulaşmış, korrupsiya içində olan icra başçısını həbs edilən məmurlardan heç nə təsnifatlaşdırmır.

Bərdə ziyalıları da müraciətlərində yazır ki, İsayev qədim Bərdə şəhərini qarış-qarış satıb, oğluna obyektlər açdırıb, mədəniyyət ocağının avadanlıqlarını belə sataraq mənimsəyib.

Həmin faktları, onun dağıtdığı və satdığı əmlakların siyahısını dəfələrlə təqdim etmişik, oğluna açdığı kafe-restoranların da adlarını göstərmişik. Yəni dosyesi o dərəcədə zəngindir ki, istintaq gen-bol istifadə edə bilər. Onun uşaq bağçalarına adamının əli ilə nəzarət etməsi, yeyintilərə yol verməsi, əsgər payını belə görməmişcəsinə mənimsəməsi məmur olaraq bütün qırmızı xətləri keçdiyini, reallıq hissini itirdiyini təsdiqləyir.

İndi Prezidentə belə kadrla işləmək lazımdırmı? Erməni terrorunun baş verdiyi Bərdədə insanlar bir tamahkar hakimin əlində əsir-yesir qalmalıdırmı?

Ölkə başçısı qanunu pozan məmurları cəzalandırırsa, İsayev kimi hamının narazı qaldığı başçını vəzifəsində kim, niyə saxladır? Hər şey bir yana - korrupsiya, yeyinti, ərazilərin satışı, biznes, villalar... bəs şəhid analarını saymayan bir məmur necə Zəfər qazanmış ölkədə kresloda otura bilər? Suallar ritorikdir...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
458 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...